Dövlət proqramı ilə xaricdə təhsil alan azərbaycanlıların ən çoxu Türkiyədədir
2025/2026-cı tədris ilinin əvvəlində dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində oxuyan 2 045 azərbaycanlı gəncin ən çoxu Türkiyədə təhsil alıb - 715 nəfər. Bu, ümumi sayın təxminən 35%-ni təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Tələbələrin sayına görə ilk beşliyə Böyük Britaniya (438 nəfər), Macarıstan (212), ABŞ (174) və Çin (104) də daxildir. Bu beş ölkədə ümumilikdə 1 643 azərbaycanlı gənc təhsil alır.
Digər ölkələrdə təhsil alanların sayı isə Almaniyada 44, İtaliyada 28, Latviyada 26, Avstriyada 23, Fransada 19, Sinqapurda 14, Kanadada 12, Niderlandda 11, İsveçrədə və Rumıniyada 9, İrlandiyada 7, Koreya Respublikasında 7, İspaniyada 5, Portuqaliyada 4, Belçikada 3, Birləşmiş Ərəb Əmirliklərində və İsraildə 2, Çexiya, Finlandiya, İsveç və Malayziyada isə 1 nəfər oxuyur.
MDB ölkələrində təhsil alan 173 gəncin 158-i Rusiyada, 14-ü Qazaxıstanda, 1-i Tacikistanda təhsil alır.
Gülnar Nazimqızı