Son dövrlərdə müxtəlif mətbuat orqanlarında, saytlarda Nəsimi adına Dilçilik İnstitutu ilə bağlı xoşagəlməz yazıların çap olunması qətiyyən yolverilməzdir. Hal-hazırda Nəsimi adına Dilçilik İnstitutunda görülən uğurlu işləri danmaq olmaz.
Onun sözlərinə görə, akademik Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik etdiyi ilk günlərdən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may və 2013-cü il 9 aprel tarixli Sərəncamlarının yerinə yetirilməsi ilə bağlı mühüm işlər həyata kecırıb.
"Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq Azərbaycan dialektologiyası şöbəsində "Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması ilə bağlı bir çox işlər görülüb, cəbhə bölgələrinə uzunmüddətli ekspedisiyalar göndərilib, Qarabağ Regional Mərkəzinin lal xəritəsi, "Azərbaycan dilinin Qarabağ dialektoloji atlasının proqramı”, "Azərbaycan dilinin Qarabağ dialektoloji lüğəti” hazırlanıb, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Xocavənd, Kəlbəcər, Xocalı, Şuşa, Xankəndi, Qubadlı, Zəngilan rayonları ilə bağlı dialektoloji materiallar toplanılıb.
Son illər ərzində Dilçilik İnstitutunun tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunmuş iki layihə icra edilib. AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun rəhbərliyi ilə "Müasir Azərbaycan ədəbi dilində elmi terminologiyanın formalaşması və dilin lüğət tərkibinin zənginləşməsi yolları” adlı Qrant layihəsi uğurla tamamlanmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təhvil verilib. Həmçinin institutun Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, professor Məsud Mahmudovun rəhbərliyi ilə "Azərbaycan dilinin lüğət tərkibinin inkişafı, dilin normalarına əməl olunmasının ictimai monitorinqi və dilin verilənlər korpusunun hazırlanması üzrə inteqrasiya olunmuş elektron sistemin yaradılması” layihəsi uğurla tamamlanmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təhvil verilib. Həmin layihələrdə Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı iştirak etmiş və əldə olunan nəticələr Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun ekspertləri tərəfindən yüksək qiymətləndirilib.
Nəsimi adına Dilçilik İnstitutunun tarixində ilk dəfə olaraq 2016-2017-ci illərdə yüksək səviyyədə üç beynəlxalq konfrans keçirilib”.
Direktor müavini bildirib ki, məhz son illərdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə akademiyanın müxtəlif institutlarında ilk dəfə olaraq magistraturaya qəbul həyata keçirilib.
"Nəsimi adına Dilçilik İnstitutunda da qədim dillər ixtisası üzrə magistraturaya qəbul həyata keçirilib, qədim yunan, qədim erməni, sanskrit, latın dilləri üzrə mütəxəssislər hazırlanıb.
İnstitutda dünya dilçiliyinin yeni sahələrindən biri olan psixolinqvistika sahəsində araşdırmalar uğurla davam etdirilir. "Sosiolinqvistika və dil siyasəti” şöbəsində əcnəbilər üçün Azərbaycan dili dərsliyinin A-1 və A-2 səviyyəsi yeni metodlar əsasında hazırlanaraq nəşriyyata təqdim olunmuşdur. Müasir Azərbaycan dili şöbəsində "Azərbaycan dilinin qrammatikası” (4 cilddə) yeni formatda hazırlanır. Kompüter dilçiliyi şöbəsində "Azərbaycan dilinin elektron korpusu” uğurla tamamlanmaqdadır.
Nəsimi adına Dilçilik İnstitutunda sağlam elmi mühit var. Kollektivimiz Azərbaycan dilinin gələcək inkişaf konsepsiyasına uyğun olaraq öz elmi araşdırmalarını vicdanla yerinə yetirir”.(publika)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !