• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
11.09.2026 15:16

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarları Bank Respublikanın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək Bank Respublikanın səhmdarlarına çevriləcəklər.

Səhmlərin satın alınması başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək. Hər iki bank dayanıqlığı ilə seçilən ölkənin aparıcı banklarındandır. Planlaşdırılan birləşmə səhmdarların bankların gələcək böyüməsini və inkişafını dəstəkləmək məqsədilə qəbul etdikləri birgə biznes qərarını əks etdirir.

Bank Respublika və AccessBank oxşar korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Hər iki bank Azərbaycanın bütün bölgələrində mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsinə xüsusi diqqət yetirir. Bu əqd nəticəsində daha geniş fəaliyyət miqyasına, daha güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik, müştərilərinə daha geniş imkanlar təqdim edən maliyyə institutu formalaşacaq. Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.

Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:

“Bu əqd Bank Respublika-nın inkişafında yeni və mühüm mərhələnin başlanğıcı olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, eləcə də onun sahibkarlığa və özəl sektorun inkişafına göstərdiyi güclü və ardıcıl dəstəyi əks etdirir.

Bu mühüm mərhələyə aparan uzun və mürəkkəb proses boyunca göstərdiyi davamlı dəstəyə və konstruktiv əməkdaşlığa görə Azərbaycan Respublikasının Mərkəzi Bankına da dərin minnətdarlığımızı bildiririk.

Beynəlxalq maliyyə institutları uzun illərdir ki, Bank Respublikanın mühüm tərəfdaşlarıdır və maliyyələşdirmə, ekspert dəstəyi və sıx əməkdaşlıq vasitəsilə inkişafımıza töhfə verirlər. İnkişafımızın növbəti mərhələsində aparıcı beynəlxalq maliyyə institutlarının Bank Respublikanın səhmdarlarına çevrilməsi və bununla da uzunmüddətli münasibətlərimizin yeni tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bizi xüsusilə məmnun edir.”

AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk bildirib:

“Hələ 2018–2019-cu illərdə AccessBank-ın beynəlxalq institusional kreditorları Bankın uğurlu restrukturizasiyası və yenidən kapitallaşdırılması üçün səylərini birləşdirmişdilər. Asiya İnkişaf Bankının (ADB) və responsAbility-nin rəhbərliyi ilə həyata keçirilən restrukturizasiya nəticəsində institusional kreditorlar Bankın yeni səhmdarlarına çevrilmiş, Bankın korporativ idarəetməsi gücləndirilmiş, fəaliyyətinin hərtərəfli yenidən təşkili və təkmilləşdirilməsi dəstəklənmişdir.

Həmin dövrdən etibarən AccessBank Azərbaycanın bank sektorunun inkişafına, eləcə də ölkə üzrə sahibkarların və müəssisələrin maliyyələşdirilməsinə mühüm töhfə verən, yüksək nəticələr göstərən, güclü və səmərəli idarə olunan maliyyə institutuna çevrilmişdir.

Bu gün həmin inkişaf yolunda növbəti mühüm mərhələyə qədəm qoyuruq. Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafına uzunmüddətli sadiqliyini qoruyaraq, AccessBank-ın beynəlxalq səhmdarları Bankın inkişafının növbəti mərhələsini ölkənin aparıcı maliyyə institutlarından biri olan Bank Respublikaya etibar edirlər. Bir-birini tamamlayan iki güclü bankın birləşdirilməsi gələcək artım, fəaliyyət miqyasının genişlənməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradır.

Bu mühüm mərhələyə çatmaq AccessBank və onun səhmdarlarının, Bank Respublika və onun səhmdarlarının, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının ortaq baxışı, qətiyyəti və sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Həmçinin, fədakarlıqları və peşəkarlıqları ilə Bankın uğurlu transformasiyasında həlledici rol oynamış AccessBank rəhbərliyinə və əməkdaşlarına səmimi minnətdarlığımı bildirmək istərdim.”

Satınalma və birləşmə prosesinin gedişi barədə ictimaiyyətə, hər iki bankın müştərilərinə, tərəfdaşlarına və digər maraqlı tərəflərə mütəmadi məlumat veriləcək

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol