Emil Əziz: “Mənim sürprizim Əzizə Mustafazadəni heyran etdi”MÜSAHİBƏ

16:57 | 01.10.2015
Emil Əziz: “Mənim sürprizim Əzizə Mustafazadəni heyran etdi” – MÜSAHİBƏ

Emil Əziz: “Mənim sürprizim Əzizə Mustafazadəni heyran etdi”MÜSAHİBƏ

Rüstəm Qasımov

"Parlaq, canlı rənglər mənim üslubumun bir hissəsidir. Mənim rəsmlərimdəki yağış mövzuları belə insanı kədərləndirmir...”

ANN.Az YUNESKO yanında təsviri incəsənət assosiasiyasının üzvü, məşhur azərbaycanlı rəssam Emil Əzizdən müsahibə götürüb. 
 



- Emil, siz məşhur tanınmış Azərbaycan rəssamı Rafiq Əzizin oğlusuz. Uşaqlığınız çox güman tabloların, rənglərin əhatəsində keçib.

- Mənim uşaqlığım təkcə tabloların və rənglərin əhatəsində deyil, həm də sənət fəlsəfəsinin içində keçib və bu çox vacibdir. Mənim atam böyük rəssam olmaqla yanaşı, həm də güclü pedaqoq idi, o, uşaqlarıyla şagirdləri arasında fərq qoymurdu. Onun tələbələri kimi, mənim də həyatda bəxtim gətirib. 


- Bir müddət sizin müəlliminiz görkəmli rəssamımız Sakit Məmmədov da olub. Sizin üslublarınızın oxşarlığı bununla əlaqədar ola bilərmi? Özünüzü Sakit Məmmədovun, yoxsa Rafiq Əzizin davamçısı hesab edirsiniz?

- Sakit müəllimin tələbəsi kimi deyə bilərəm ki, o bizə həmişə deyirdi ki, hər birimizin öz üslubu olmalıdır, bu, bir rəssamın ən vacib xüsusiyyəti, hətta imzasıdır. Ancaq Sakit Məmmədov məktəbinin davamçısı kimi bəzən oxşarlıqlardan qaçmaq mümkün olmur. Lakin hər bir rəssam ürəyinin diqtə etdiyi kimi çəkməlidir və zənnimcə, kim mənim yaradıcılığımla tanışdırsa, mənim özüməməxsus üslubumun olmasıyla razılaşar. Qeyd etməliyəm ki, mənim həyatda birinci müəllimim atam Rafiq Əzizdir, o mənə həyatın və incəsənətin fəlsəfəsini öyrədib. 
 



- Türkiyəyə getməyiniz nə ilə əlaqədar idi? 

- Biz Türkiyəyə Qarabağ müharibəsindən sonra köçdük. Həmin dövrdə atam öz hesabına Xocalıdan olan 20 məcburi köçkünün İstanbulda təhsil almasına şərait yaratmışdı. Atam məcburi köçkün ailələriylə birlikdə İstanbula gəlmişdi, biz də onunla birgə gəldik. İndi o uşaqların çoxu təhsillərini başa vurub, hətta ailə sahibi olublar. Atamın bu addımı ilə çox qürur duyuram, o, həmin Xocalı uşaqlarının həyatının dəyişməsində böyük rol oynayıb. 


- İxtisasınız nədir? 

- Mən riyaziyyatçıyam. Riyaziyyat ilk baxışda incəsənətlə bağlı olmasa da, onun birbaşa təsiri mənim yaradıcılıq prosesimə çox böyük təsir edir. Mən Boğaziçi universitetinin ali riyaziyyat fakültəsini bitirmişəm. Sonra təhsilimi davam etdirdim, Yeditepe universitetində dərəcə aldım, hazırda isə "Phd” dərəcəsi alıram. Bundan başqa, Yeditepe universitetində riyaziyyatdan dərs verirəm. 


- Rəngkar kimi ilk şəxsi sərginiz nə vaxt və harada baş tutub? 

- Mənim ilk sərgimə qədər atamla İstanbulda saysız-hesabsız birgə sərgilər keçirmişik. Mənim ilk fərdi sərgim İstanbulda Dəniz muzeyində baş tutub, adı "Art İstanbul” idi. 
 



- Sizin işləriniz hər zaman dolğun parlaq rəngləriylə seçilir. Bizə bunu sirrini açın, parlaq rənglərə sevgi hardandır? 

- Bizim dövrümüz həddən artıq neqativ hadisələrlə boldur, bizim hamımızın həyatında xoş və parlaq şən rənglər çatışmır. Mən parlaq rənglərə üstünlük verirəm, çünki ətrafımı bu rəng tonlarında görürəm. Bu elə mənim üslubumun bir parçasıdır. Mənim rəsmlərimdəki yağış mövzuları belə insanı kədərləndirmir.
 
 


- Emil, sizin demək olar ki, hər bir lövhənizdə zərif cinsin nümayəndəsini görmək mümkdündür. Nəyə görə rəsmlərinizdə qadın mövzusu çoxdur. 

- İncəsənət tarixində qadın ən gözəçarpan fiqurdur, onun gözəlliyini təkrar-təkrar çəkmək, yazmaq istəyirsən. Mənim modayla bağlı sonuncu şəkillərimdə gözəl cinsin təsvirləri boldur, çünki qadınlar moda kimi inkişafda olan sənət növünün aparıcı qüvvəsidirlər. 
 




- Qadın mövzusundan başqa, əsərlərinizdə dəniz, Türkiyə peyzajı, sahil, İstanbul buxtası və s. mövzular da çoxdur.

- Mən təbiətdən ilham alıram, şəkillərim də mənim təxəyyülümün və yaddaşımın məhsuludurlar. 
 



- Bəs Bakı mövzusu yaradıcılığınızda hansı yeri tutur? 

- Bakını 10 yaşımda tərk etdiyimi nəzərə alsaq, şəkillərimdə əks etdiridiklərim mənim təsəvvürümdə qalan köhnə və mehriban Bakıdır. Bu, bizim uşaqlığımızın Bakısıdır, onun üçün hələ də çox darıxırıq. 
 



- Nəyə görə bir çox rəssamlar əsərlərində maskalı insan obrazlarından çox istifadə edirlər? Belə obrazlar sizin yaradıcılığınızda da var. 

- Bizim hamımız bəzən həyatda hansısa rolu oynamaq məcburiyyətində qalırıq. Bu səbəbdən işlərimdəki maskalar mənə belə insanların xarakterini təsvir etməyə imkan yaradır.
 

- Sizin işlərinizdən biri dünyaca məşhur dizayner Vivyen Vestvuda həsr olunub. Bakıda baş tutan fərdi sərginizdə nümayiş etdirilən rəsm xanımın özünün də diqqətini cəlb etmişdi. Nəyə görə Vivyen Vestvudun belə rəsmini yaratmaq qərarına gəldiniz və o sizin işinizdən necə oldu ki, xəbər tutdu?

- Bu, mənim ilk işlərimdən biridir, o, zamanı, modanı və qadını əks etdirir. Vivyen Vestvudun sadaladıqlarımın hamısına sahib olduğunu nəzərə alıb, rəsmini çəkdim. Xanım mənim şəklimi "İnstagram”da görmüşdü və barəmdə xoş sözlər səsləndirmişdi, bu, əlbəttə ki, mənim ürəyimcə oldu. 
 




- Sizin məşhur caz müğənnisi Əzizə Mustafazadəni əks etdirən bir işiniz də var. Bu haqda ətraflı məlumat verə bilərsinizmi? 

- Əzizə Mustafazadə nadir hallarda Azərbaycanda konsert proqramıyla çıxış edir. Onun İstanbulda konsert verəcəyini eşidən kimi, sürpriz eləmək istədim, çünki onun yaradıcılığını çox sevirəm. O bu barədə bilmirdi, çünki təşkilatçılarla bunu sirr kimi saxlayırdıq. Əzizə xanımın konserti İstanbulun ən böyük konsert zalı olan Rəşid Rəy adına konsert zalında baş tutdu. Onun konserti anşlaqla keçdi, zalda boş yer yox idi, bütün biletlər satılmışdı. Tədbir başa çatanda isə bizim sürprizimizi elan etməyin vaxtı çatdı. Səhnədəki Əzizə xanıma mənim hədiyyə rəsmimi təqdim etdilər. Bu, onun hədsiz xoşuna gəldi. Əzizə Mustafazadə kimi istedadlı müğənninin şəklimi bəyənməsi mənimçün çox xoş oldu. O zaman bu haqda mətbuatda geniş yazıldı. Rəsmlərimin insanlara sevinc bəxş etdiyini görmək məni xoşbəxt edir. 
 




- Bakıda Muzey mərkəzində baş tutan "Mənim yuxularım” adlı fərdi sərginizi publika necə qarşıladı? Nəyə görə sərginin adının "Mənim yuxularım” seçmişdiniz, bununla tamaşaçılara nə demək istəyirdiz? 

- Mənim ikinci fərdi sərgim Bakıda xüsusilə gənclər arasında böyük maraqla qarşılandı. 3 gün ərzində gələn ziyarətçilərin sayı durmadan artırdı. Sərgi zamanı çox sayda maraqlı insanla tanışdım, söhbətlər etdim. Bu həqiqətən insana ilham verir. "Mənim yuxularım” adlı sərgimdə bir çox rəssamlıq cərəyanlarının üslubunda çəkilmiş şəkillər vardı. Hər birimiz yuxuda müxtəlif hadisələr görürük, ona görə də sərgimə bu adı verdim ki, hər bir tamaşaçı orda özünə aid olan parçanı görə bilsin. 
 







- Siz yəqin razılaşırsız ki, rəssam öz xalqının, mədəniyyətinin müxtəlif ölkələrdə təmsilçisidir. Buna görə də Luvr muzeyinin "Carrousel” qalereyasında baş tutan fərdi sərginiz barədə danışmağınızı istərdik. Fransızlar Azərbaycan incəsənətini necə qarşıladılar? 

- Fransız publikası incəsənət haqda danışmağı və şərh verməyi çox sevir, bu da məni çox məmnun etdi. Təsəvürünüzə gətirin! Efiyopiyalı qadına həsr olunan işlərimdən biri açılış günü sərgini ziyarət bir efiyopiyalı qadının hədsiz xoşuna gəlmişdi. Çox gözəl təsadüf idi. Belə şey nadir hallarda baş verir. Bu sizin sualınıza cavabdır – Paris hər zaman Parisdir!


- Sizin üçün əsərlərinizi kimin alması vacibdirmi? 

- Mənim üçün ən vacib olan məsələ alıcının almaq üçün seçdiyi rəsmimi bəyənib-bəyənməməsidir. Hər zaman mənim rəsmlərimin alıcıları həqiqətəndə də rəsmlərimi bəyənənlər olub. Buna görə də deyə bilərəm ki, bəli, alıcının kimliyi mənimçün çox vacibdir. Axı öz rəsminlə vidalaşmaq qəlbinlə yaratdığın bir parçanla ayrılmaq kimi bir şeydir. Rəmlər uşaqların kimidir, onlara isti, mehriban əllərlə toxunmaq istəyirsən. 


- Dünyanın hansı məşhur qalereyasında fərdi sərginizin keçirilməsini istərdiniz? Emil Əzizin arzusu nədir? 

- Mən ən vacib salonlarda işlərimin sərgilənməsini istərdim. Ən böyük arzularımdan biri «Sotheby's» yaxud «Christie's» kimi auksionlara şəkillərimdən birinin çıxarılmasıdır. 
 




- Siz təkcə istedadlı rəssam deyil, həm də mehriban ər, qayğıkeş atasınız. Xanımınız Emiliya ilə tanışlığınız necə baş verdiyini bilmək maraqlı olardı. Yəqin ki, o sizin ilham pərinizdir. 

- Öz tanışlığımızı mən tale adlandırıram. Bizim adlarımız da, qan qruplarımız da, doğum illərimiz də eynidir. Emiliya mənə doğma ruhdur, hər keçən gün buna daha çox əmin oluram. İlham pərisi məsələsinə gəldikdə isə, etiraf etməliyəm ki, rəsmlərimin alıcılarının çoxu obrazlarımın Emilyaya bənzədiyini deyir. 


- Emil, maraqlı müsahibəyə görə təşəkkür edirik. Sizə yaradıcılığınızda uğurlar və dünyanın ən məşhur salonlarında sərgilər keçirməyi arzu edirik. 

- Təşəkkürlər!
 





















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb