“Facebook” reklam düşmənləri ilə mübarizə aparacaq

22:45 | 10.08.2016
“Facebook” reklam düşmənləri ilə mübarizə aparacaq

“Facebook” reklam düşmənləri ilə mübarizə aparacaq

"Facebook” rəhbərliyi sosial şəbəkədəki reklamları blok edən istifadəçilərlə mübarizə aparacağını elan edib.
 
İKT.lent.az-ın xəbərinə görə, bu barədə şirkətin bloqunda məlumat verilib.
 
"Facebook”un vitse-prezidenti Endryu Bosvort bildirib ki, reklam xarakterli elanlar şəbəkənin fəaliyyətinin ayrılmaz hissəsidir. Bu səbəblə rəhbərlik həmin reklamların əks olunma formatını dəyişərək bir çox istifadəçinin brauzerində qurulmuş reklam bloklayan sistemlərin işini çətinləşdirəcək. Eyni, zamanda sosial şəbəkə daha individual yanaşma tətbiq edəcək. Belə ki, istifadəçilər konkret mövzu üzrə (məsələn, səyahət) reklamın görüntüsünü aradan qaldıra və ya konkret bir şirkətin elanlarından imtina edə biləcəklər.
 
Şirkətdən bildiriblər ki, pis hazırlanmış bannerlər istifadəçiləri qıcıqlandırır və onların vaxtını alır, ona görə də reklam bloklayan sistemlər populyarlaşır, halbuki reklamlar faydalı ola bilər: "Faydalı reklamların köməyi ilə yeni xidmətlər, məhsullar əldə etmək, eləcə də vacib informasiyalar öyrənmək, lazımlı kampaniyalardan (endirim, aviabilet və s.) xəbər tutmaq mümkündür”.
 
"The Wall Street Journal” qəzeti yazır ki, "Facebook”un reklam gəlirlərinin 84%-i sosial şəbəkənin mobil versiyasının payına düşür, çünki bu versiyada reklamlar nadir hallarda blok olunur. ABŞ-da personal kompüter istifadəçilərinin 26%-i reklam bloklayan sistemlərdən istifadə edir.
 
Xatırladaq ki, iyul ayının sonunda "Facebook” növbəti rüblük hesabatını təqdim edib. Buna əsasən fəal istifadəçilərin sayı 1,7 milyard nəfəri ötüb, gün ərzində sosial şəbəkəyə 1,13 milyard adam daxil olur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb