İcra başçısı jurnalisti təhqir etdi - Amaşov işə qarışdı

21:33 | 29.11.2017
İcra başçısı jurnalisti təhqir etdi - Amaşov işə qarışdı

İcra başçısı jurnalisti təhqir etdi - Amaşov işə qarışdı

Jurnalist Seymur Verdizadə bir neçə gün əvvəl yazdığı bir məqaləyə görə Daşkəsən rayon icra başçısı Əhəd Abıyevin qohumları tərəfindən təhdid edilməsindən şikayət edib və bu, Mətbuat Şurasının sədri Əflatun Amaşovun işə qarışmasına səbəb olub. 

İstiPress-in məlumatına görə, bu barədə Seymur Verdizadə özü məluamat verib. Onun sözlərinə görə, "Əsa ilə gəzən icra başcısı, işsiz gənclər”adlı yazısından sonra təhdidlər başlayıb: "Dünən səhər saatlarından başlayaraq Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yaxınları vasitəsi ilə təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək mənə hədə-qorxu gəlir. Bu gün səhər isə Ə. Abıyevin müavini Namiq Süleymanov zəng etdi, ünvanıma çox ağır söyüşlər səsləndirməyə başladı. Əlbəttə, onun səviyəsinə enmədim, nəzərinə çatdırdım ki, məsələni ictimailəşdirəcəm”.

 Jurnalist hadisə ilə bağlı həmkarlarından kömək istəyib:

"Hesab edirəm ki, həmkarlarım, jurnalist təşkilatları, o cümlədən Mətbuat Şurası bu çirkin hadisəyə öz etirazını bildirməlidir. Yazıya  görə jurnalisti söymək ənənəsi orta əsrlərdə qalıb, indi 21-ci əsrdir. Mən 20 ilə yaxındır ki, jurnalist işləyirəm, həmişə də tənqidçi mövqe tutmuşam. Dəfələrlə təzyiqlərə məruz qalmışam, amma ilk dəfədir ki, ailə üzvlərim, qohumlarım, dostlarım hədəfə götürülüb. Əhəd Abıyev anlamalıdır ki, təhdidləri məni yolumdan döndərə bilməz”.

Məsələ ilə bağlı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov  münasibət bildirməli olub: 

"Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər”. 

MŞ sədri bildirib: "Jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.

Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir”.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM