Kredit borcları bağışlanacaqmı?

11:05 | 22.09.2016
Kredit borcları bağışlanacaqmı?

Kredit borcları bağışlanacaqmı?

Son günlər kredit borclarının bağışlanacağı ilə bağlı xəbərlər yenidən ictimai müzakirələrin gündəmindədir. Əhalini isə maraqlandıran kredit borclarının bağışlanmasının real olub-olmamasıdır. 

ANN.Az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə kredit borclarının bağışlanmasını şərh edib.
 

Vüqar Bayramov - iqtisadçı

İqtisadçının sözlərinə görə, əvvəlcə 3 sualı cavablandırmaq lazımdır: Kredit borcları bağışlana bilərmi? Bununla bağlı rəsmi qərarın olması ehtimalları yüksəkdirmi? Bu olarsa hansı formada maliyyələşdirilə bilər?

Ekspert nəzəri və praktik baxımdan müəyyən kredit borcların bağışlanmasının mümkün olduğunu bildirib: Təbii ki, söhbət heç də bütün borcların bağışlanmasından getmir. Hələ birinci və eləcə də sonuncu devalvasiyadan sonra hazırladığım təkliflər paketində 3 növ kredit güzəşti təklif etmişdim:

1. Kredit portfelinin yenidən qiymətləndirilməsi aparılsın və ailə başçısını itirən, işləmək qabiliyyətindən mərhum olan və eləcə də dünyasını dəyişən şəxslərə kredit amnistiyası tətbiq edilsin;

2. 5 min dollaradək olan kreditlərdə ödəniş məzənnəsi 1 dollar 1.05 manat kursu ilə hesablansın;

3. 5 min dollardan çox və 10 min dollardan az olan kreditlər üçün ikinci devalvasiya nəticəsində yaranan fərq üç tərəfli olaraq dövlət, bank və müştəri arasında bölüşdürülsün.

"Təklif edilən mexanizm üzrə kreditlərə güzəştin verilməsi yalnız vətəndaşlar üçün deyil, eləcə banklar üçün vacibdir. Bu problemli kreditlərin həcminin azalmasına və bankların sağlamlaşdırılmasına yardım etmiş olar" - deyə V.Bayramov əlavə edib.

Kredit güzəşti və ya amnistiyası ilə bağlı qərarın olub-olmayacağına gəlincə, iqtisadçı bunun dövlət qurumlarının səlahiyyətində olduğu üçün nə isə deməyin çətin olduğunu vurğulayıb: "Bu daha çox Mərkəzi Bankla Maliyyə Nazirliyinin anlaşmasından asılı olacaq. Maliyyə Bazarlarında Nəzarət Palatası heç şübhəsiz bu iki qurumun anlaşmasını dəstəkləyəcək. Ona görə də, sözügedən maliyyə-kredit qurumları məhz bu məsələ ilə bağlı qərar vermək səlahiyyətinə malik olduqlar üçün hansı qərarın olacağı ilə proqnoz vermək mümkün deyil".

Vüqar Bayramov sonda kreditlərə güzəştin verilməsi ilə bağlı maliyyə imkanların olduğunuda diqqətə çatdırıb: "Əvvəlki statuslarımda da qeyd etdiyim kimi, problemli aktivlərin və eləcə də kreditlərin sağlamlaşdırılması proqramı qəbul etməklə bunu reallaşdırmaq mümkündür. Bu zaman kreditlər güzəştlərin tətbiq edilməsi və eləcə də sağlamlaşdırma tədbirləri mərhələli şəkildə həyata keçirildiyi üçün Mərkəzi Bank üçün ciddi əlavə maliyyə öhədliyi yaratmayacaq".
 
Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb