Məktəblilər xeyriyyə yarmarkası keçirdi - FOTOLAR

15:46 | 26.11.2015
Məktəblilər xeyriyyə yarmarkası keçirdi - FOTOLAR

Məktəblilər xeyriyyə yarmarkası keçirdi - FOTOLAR

Noyabrın 26-da Bakıdakı 62 saylı məktəb-liseydə xeyriyyə yarmarkası keçirilib.

ANN.Az xəbər verir ki, yarmarka Təhsil Nazirliyinin təşəbbüşü ilə ölkənin 54 məktəbində yaradılan məktəb icmaları layihəsi çərçivəsində təşkil olunub.

Xeyriyyə məqsədilə keçirilən yarmarkadan əldə olunan vəsaitin uşaq evlərinə yönəldilməsi nəzərdə tutulub. İlkin mərhələdə məktəbin 3 sinfini əhatə edən məktəb icması gələcəkdə daha da genişləndiriləcək.

Yarmarkada II, VII və VIII sinif şagirdlərinin əl işləri satışa çıxarılıb. Məktəblilərin təqdim etdikləri yeni il oyuncaqları, bəzək əşyaları, təbii dibçək gülləri, süni güllər, şirniyyat, kitablar, şəkillər və digər əl işləri iştirakçıların maraqlarına səbəb olub. Məktəb icmasının təşəbbüsünə Nizami Rayon İcra Hakimiyyəti, rayonun yerli özünüidarəetmə orqanları və özəl qurumlar da dəstəklərini əsirgəməyiblər.

Qeyd edək ki, "Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında təşkil olunan icmalar məktəb həyatını daha maraqlı etmək üçün yaradılan müəllim, şagird və valideyn birliyidir. 2015-ci ilin sentyabrından həyata keçirilən məktəb icmaları layihəsinin əsas hədəfləri şagirdlərin hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişafını dəstəkləməkdir. 
Yarmarkada iştirak edən Nizami rayonu 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı ANN.Az-a açıqlamasında bu layihəni ilk dəfə keçirildiyini deyib:  "Bu bizim ilk işimiz, ilk layihəmizdir. Məktəbimiz artıq məktəb icmalarına qoşulub. Bildiyimiz kimi, təhsil strategiyasının beşinci istiqaməti, təhsil müəssisələrində təhsilin maliyyəlləşdirilməsidir. Bu gün bizim şagird və valideynlərimiz birgə hazırladıqları əl işləri satış sərgisini keçirirlər. Bu ilk layihəmiz olduğu üçün toplanan vəsaitləri uşaq evlərinin sakinlərinə sərf etməyi düşünürük. Lakin sonrakı layihələrimizdə biz toplanan vəsaitləri siniflərin və məktəbin inkişafına yönəldəcəyik. Bu layihənin keçirilməsi bir növ uşaqların marketinq sahəsində daha da inkişaf etdirilməsinə öz töhvəsini verəcək. Bundan başqa uşaq tək dərs oxumamalıdır, biz uşaqların sosial həyatını da təmin etməliyik. Devizimiz belədir: "İnkişaf edirik, öyrənirik və istirahət edirik”.  

Direktor bu layihələrin davamlı olacağını, yeni ildə də təbdirlər keçirəcəklərini vurğulayıb: "Yeni il qabağı Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə xeyriyyə konserti keçirəcəyik. Və orada uduşlu lotereyalar, eləcə də oyunlarının keçirilməsini təşkil edəcəyik. Hazırda bu istiqamətdə fəaliyyətə başlamışıq”.

Direktor məktəbi bitirən məzunların hazırda müxtəlif dövlət strukturunda, iri şirkətlərdə çalışdıqlarını deyib: "Şagirdlərimizin belə işlərdə çalışması bizləri daha qürurlandırır. Bundan başqa fevralın 13-16-da məktəbimizin 8-ci sinif şagirdləri, "Sabahın alimləri” müsabiqəsinin iştirakçısı olacaqlar. Məktəblilərimiz öz layihələrini, təkliflərini orada irəli sürəcəklər. Şagirdlərimizin bu kimi layihələrdə iştirakı məktəbimizin inkişafı deməkdir”. 

Valideyn Gülnar Vəliyeva ANN.Az-a açıqlamasında bu kimi layihələrin uşaqlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Biz məktəb icmaları cəmiyyətinə qoşulduqdan sonra orada belə bir proqram irəli sürüldü ki, uşaqların vaxtlarının səmərəli keçirilməsi üçün əmək yarmarkalarının təşkili layihəsinə start verilib. Bundan başqa xeyriyyə işlərinin görülməsi ilə bağlı da işlərimizi planlaşdırırıq. Qarşıda digər iri layihələrimiz də olacaq. Amma bu, bizim ilk layihəmizdir və bu səbəbdən də çox sevincliyəm. Çünki bu satış yarmarkadakı məhsullar övladlarımızın zəhmətlərinin bəhrəsidir. Düzdür, biz valideynlər də öz köməkliklərimizi onlardan əsirgəməmişik. Bu yarmarkada əsasən uşaqların evdə işlətmədiyi oyuncaqları, kitabları çox ucuz qiymətə satışa çıxarılıb”. 

Valideyn oğlu TunarVəlizadənin ikinci sinifdə oxuduğunu və belə bir layihənin iştirakçısı olmasında sevinc hiss keçirdiyini bildirib: "Bu yarmarkada iştirak etmək üçün o, dibçək əkib və bura gətirib və bir neçə oyuncaqlarını da yarmarkada satışa çıxarıb. Bu kim layihələrin keçirilməsi uşaqlarda təfəkkürlərinin daha da geniş formada inkişaf etməsinə yardımçı olacaq. Həm də bu, onların ilk qazancıdır. Onlar həyatda təkbaşına ayaq üstündə dayanmağı indidən öyrənirlər”. 

62 nömrəli məktəb-liseyin tarix müəlliməsi Elmira Rzayeva ANN.Az-a açıqlamasında Təhsil Nazirlyinin xətti ilə məktəb icmalarına qoşulduqlarını bildirib: "Bununla da biz həm öyrənir, həm inkişaf edir, həm də əylənirik. Bu da istirahət və inkişafla bağlı bir layihə olduğundan, burada satışdan əldə olunana vəsaitlə uşaq evlərinə gedib onlara dəstək yardım edəcəyik. Uşaqların kimin evdə  yaralı nəyi varsa, istifadə olunmayan uşaqlıq oyuncaqları, kitabları satırıq və həmin pulu da xeyriyyə kimi istifadə edəcəyik. Satışların belə həyata keçirilməsindən uşaqlar daha çox sevinirlər. Bu da bizlər üçün daha da xoşdur”. 

Yarmarkada satış həyata keçirən 8-ci sinif şagirdi Cavidan Məhərrəmov bu layihəni həyata keçirdiklərinə görə öz rəhbərliklərinə təşəkkür edib: "Ən azından evdə olan kitablarımızı, disklərimizi bu layihə çərçivəsində satışa çıxarda bilirik. Bu mənim ilk qazancımdır. Həm də çox sevinirəm ki, qazancımız uşaq evlərinə və qocalar evlərinə yönələcək və deməli,  hansısa imkansıza yardım edilməsində mənim də payım olacaq”. 

Bakı şəhər Təhsil İdarəsinin inkişaf layihələri sektorunun rəhbəri Lamiyə Şəfərxanova bu layihənin 54 məktəb üzrə həyata keçirildiyini bildirib: "62 nömrəli məktəb layihə üzrə ən fəal iştirakçıdır. Əslində, layihənin keçirilməsinin özü böyük uğurdu. Çünki bu yarmarkada uşaqların özləri satış həyata keçirirlər. Kitablarını, hazırladıqları məhsulları satışa çıxarırlar. Bu satışdan əldə olunan gəlir hesabına isə uşaq evlərinə yardım ediləcək. Hesab edirəm ki, bu tədbirlərin tək bu məktəbdə deyil, digər məktəblərdə də keçirilməsi faydalı olar. Mahiyyət etibarı ilə deyə bilərəm ki, bu layihə bundan sonra 3 istiqamət üzrə fəaliyyət göstərəcək: Birlikdə oxuyaq, inkişaf edək və dincələk”. 

Təhsil İdarəsinin rəsmisi daha sonra əlavə edib ki, 54 məktəbdə keçiriləcək bu layihələrin 34-ü Bakı şəhər təhsil müəssisəsidir.

Orxan Aslanlı
Fotoların müəllifi Fərqanə Novruzovadır
 


 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 









































































































































































































































 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb