"Müharibə qaçılmazdır..." - General Aydəmirovdan daha bir xəbərdarlıq

00:22 | 03.01.2018

"Müharibə qaçılmazdır..." - General Aydəmirovdan daha bir xəbərdarlıq

"Azərbaycan Ordusu hazırda güclü və yüksək döyüş qabiliyyətinə malik hərbi gücə çevrilib. Ordumuz torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli və məsuliyyətli vəzifəni yerinə yetirmək üçün bütün imkanlara malikdir".


Bu sözləri hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O əlavə edib ki, Azərbaycan ötən illər ərzində problemin sülh yolu ilə, dinc vasitələrlə, diplomatik yollarla həllinə üstünlük verib. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqaməti də Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən, dinc vasitələrlə aradan qaldırılmasına nail olmaqdır.


"Təbii ki, bu xətti yeridərkən ölkəmizin rəhbərliyinin, Azərbaycan cəmiyyətinin prinsipial mövqeyi bundan ibarətdir ki, ərazilərimizin işğal altında saxlanılması və yaxud torpaqlarımızın hansısa bir hissəsinin Azərbaycandan ayrılması aparılan danışıqların predmeti ola bilməz və gələcəkdə də olmayacaq. Başqa sözlə, Azərbaycanın münaqişənin nəticələrinin dinc vasitələrlə aradan qaldırılmasından ibarət seçdiyi xəttin əsas qayəsi və əsas hədəfi işğal altında olan torpaqlarımızın qeyd-şərtsiz azad edilməsidir. Ölkəmiz bu xətti ona görə həyata keçirir ki, qan tökülməsin, insanlarımız həlak olmasın, dağıntılara yol verilməsin. Bu mənada Azərbaycanın reallaşdırdığı siyasət münaqişənin əgər mümkün olarsa, dinc yollarla həllinə nail olmaqdan ibarətdir. Lakin Ermənistan rəhbərliyi problemin dinc yollarla həll olunması istiqamətində ölkəmizin səylərinə laqeyd yanaşır, beynəlxalq təşkilatların bu istiqamətdəki çağırışlarını qulaqardına vurur, işğalçılıq siyasətini davam etdirir. Belə olan halda isə Azərbaycan hansısa bir zamanda seçim qarşısında qalmalı olacaq. Çünki dəfələrlə bəyan edilib ki, sülh danışıqlarının ölkəmiz üçün müsbət başa çatmayacağı təqdirdə hərbi vasitələrdən istifadə ediləcək. Hazırda Azərbaycan Ordusunun gücü, qətiyyəti Silahlı Qüvvələrimizin torpaqlarımızı azad etməyə qadir olduğunu əyani nümayiş etdirir. Bəli, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşən xalqımız inanır ki, işğal altındakı torpaqlarımızın azad ediləcəyi, məcburi köçkünlərin doğma yurdlarına dönəcəkləri gün, Qələbə yaylım atəşinin açılacağı an uzaqda deyil. Azərbaycan Ordusunun artan döyüş qüdrəti həsrətlə gözlədiyimiz o anı hər gün daha da yaxınlaşdırır".



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb