Musiqili Teatrda Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq - FOTOLAR

19:23 | 28.04.2016
Musiqili Teatrda Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq - FOTOLAR

Musiqili Teatrda Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq - FOTOLAR

30 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Əməkdar artisti, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Xanlar Muradovun 70 yaşı tamam olur.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrında doğum günündə - 30 aprel tarixində mərhum aktyorun xatirəsi anılacaq.
 
"Xanlar Muradov Azərbaycan teatrında öz yeri, öz çəkisi olan aktyorlardan biri olub. Onun özünəməxsus ifasını Musiqili Teatrın sadiq tamaşaçıları indinin özündə də çox yaxşı xatırlayırlar. Xanlar Muradov 1975-ci ildən dünyasının dəyişdiyi 2005-ci ilə qədər - düz 30 il Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, bir-birindən maraqlı obrazlar canlandırıb. Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist adına layiq görülüb. 30 aprel saat 19.00-da O. Kazimi və R. Heydərin "Qızıl toy” iki hissəli musiqili komediyasının növbəti nümayişi Xanlar Muradovun 70 illiyinə həsr olunacaq. Vaxtı ilə o, özü də bu tamaşada Rəhim kişi obrazında çıxış edib”, - deyə Dövlət Musiqili Teatrının Truppa müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Vidadi Həsənov bildirib.
 
Xanlar Yunis oğlu Muradov 1946-cı il aprel ayının 30-da Sumqayıt şəhərində doğulub. 1970-1975-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1975-2005-ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında ( o vaxtkı Musiqili Komediya Teatrı) aktyor işləyib. Sumqayıt teatrında Şeyda ("Toy”, Sabit Rəhman), Qurban ("Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Axund ("Solğun çiçəklər”, Cəfər Cabbarlı), Sırodovey ("Tribunal”, Aleksandr Makoyonok), Yaqub ("Həmyerlilər”, Altay Məmmədov), Silvester ("Skapenin kələkləri”, Jan Batist Molyer), Bədurətdin ("Bu meydan, bu şeytan”, Firudin Aşurov), Qələndərov ("Gülməyən adam”, Əfqan Əsgərov), Şair ("Paralelimin nəbzi”, Ramiz Heydər), Azərbaycan Dövlət Musiqili Teatrında isə Hilal ("Durna”, Süleyman Rüstəm, Səid Rüstəmov), Molla Musa ("Boşanaq, evlənərik”, Əliağa Kürçaylı, Vasif Adıgözəlov), Bəbirli ("Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Qulam ("Həyətim mənim, həyatım mənim”, Cahagir Məmmədov, Əşrəf Abbasov), Bilal ("Qız görüşə tələsir”, Adil Babayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov), Rəhim kişi ("Qızıl toy”, Ramiz Heydər, Oqtay Kazimi), Vəli ("Məzəli əhvalat”, Ruhəngiz Qasımova), Xudayar bəy ("Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadənin eyni adlı əsəri əsasında Cənnət Səlimovanın liberettosu, bəstəkar Oqtay Kazimi), Mustafa ("Nəğməli könül”, Xalidə Hasilova, Emin Sabitoğlu), Cəbrayıl-Arıq ("Lənət şeytana”, Firudin Aşurov, Vasif Adıgözəlov), Qoçu Əsgər ("O olmasın, bu olsun”, Üzeyir Hacıbəyli), Əlimərdan ("Gözün aydın”, Məhərrəm Əlizadə, Fikrət Əmirov), Məhəmməd ("Lotoreya”, Vaqif Səmədoğlu, Aydın Əzimov), Murtuzov ("Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Milyonçu ("Səhnədə məhəbbət”, Əli Əmirli, Sərdar Fərəcov) rollarını ifa edib.
 
Xanlar Muradov 2005-ci il fevral ayının 5-də Bakıda vəfat edib.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM