Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır

Azərbaycanda pensiyaların ödənilməsi üzrə xərclər pensiyaçıların sayının demək olar ki, sabit qalmasına baxmayaraq artır. Artım əsasən pensiyaların indeksləşdirilməsi və sosial müdafiənin gücləndirilməsi istiqamətində görülən tədbirlərlə bağlıdır. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 2027-ci ildə 6,2%-ə çatacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin gözlənilən icra göstəricisindən 0,5 faiz bəndi çoxdur.
Palata sədri fondun maliyyə dayanıqlılığı ilə bağlı asılılıq əmsalının yüksəlməsinə də diqqət çəkib. Onun sözlərinə görə, bu göstərici sosial sığorta təminatına malik şəxslərin sayının məşğul əhalinin sayına nisbətini ifadə edir və artması gələcəkdə fondun sığorta ödənişlərinin maliyyələşdirilməsində digər mənbələrdən asılılığının yüksəlməsi riskini yaradır.
“Ötən ilin əvvəli ilə müqayisədə cari ilin əvvəlinə məcburi dövlət sosial sığorta haqqı hesablanmış sığortalıların say göstəricisində baş verən cüzi azalma asılılıq əmsalının yüksəlməsinə təsirsiz ötüşməyib”, - Vüqar Gülməmmədov bildirib.
O, əvəzetmə əmsalının da yüksəldiyini qeyd edib. Bu göstərici əmək pensiyasının şəxsin pensiyaya çıxmazdan əvvəl əldə etdiyi gəlirlərdəki xüsusi çəkisini əks etdirir.
Vüqar Gülməmmədovun sözlərinə görə, əmək pensiyalarının sığorta hissəsinin nominal orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilməsi, eləcə də qulluq stajına görə əlavələrin indeksləşməyə daxil edilməsi əvəzetmə əmsalının yüksəlməsini təmin edib.
Palata sədri əlavə edib ki, fondun müavinət xərcləri üzrə proqnozlaşdırma mexanizmi proqnoz və icra göstəriciləri arasındakı fərqlərin azaldılmasına və hesablamaların makroiqtisadi parametrlərə uyğunlaşdırılmasına yönəldilib.
O bildirib ki, fondun saxlanma xərcləri qüvvədə olan normalara uyğun olaraq 2,5% həddində proqnozlaşdırılıb. Hesablama Palatası bu xərclərin gələcəkdə fondun investisiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilməsi imkanına baxılmasını təklif edib.
Vüqar Gülməmmədovun sözlərinə görə, Hesablama Palatasının kollegiyası Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmasını tövsiyə edib.

























