Polşalı turist: "Mən Behbudovun və Maqomayevin mahnılarına sadəcə vuruldum" – MÜSAHİBƏ

13:09 | 08.12.2014
Polşalı turist:

Polşalı turist: "Mən Behbudovun və Maqomayevin mahnılarına sadəcə vuruldum" – MÜSAHİBƏ

Rüstəm Qasımov

Polşalı turist Tereza Malek ANN.Az-a verdiyi eksklüziv müsahibəsində Azərbaycana səfəri haqqında öz təəssüratlarını bölüşdü. Həmin müsahibəni sizin diqqətinizə təqdim edirik:

- Tereza, bir az özünüz barədə danışın: haradan gəlmisiniz və nə işlə məşğulsunuz?

- Mən Tereza Malekəm. Nəsillikcə Şərqi Polşanın gözəl Lublin şəhərindənəm. Ərim Henninq Leski Qərbi Almaniyadandır (Verdenan der Aller), amma biz hər ikimiz Avstriyada yaşayırıq və işləyirik.

Avstriya telekommunikasiya şirkətində biznesin inkişafı üzrə menecerəm. Peşəm üzrə filoloqam. Qərbi Polşanın Poznan şəhərində yerləşən "Adam Mickiewicz University" universitetində dilləri öyrənirdim. Bakalavr dərəcəsini aldıqdan sonra Avstriyaya köçdüm, orada ingilis dili və amerikaşünaslıq fakültəsini, daha sonra isə Vyana Universitetinin slavyanşünaslıq fakültəsini qurtardım. Hazırda dörd dildə sərbəst danışıram: polşa, rus, ingilis və alman. Bundan başqa, bütün slavyan dillərini anlayıram.

Həyat yoldaşım Henninq maliyyə analitikidir. Biz hər ikimiz operanın böyük azarkeşləriyik və klassik musiqinin heyranıyıq. Ancaq, bütün musiqi alətlərinin arasında ən çox insan səsinə qulaq asmaqdan xoşumuz gəlir, çünki onu haqlı olaraq, dinləyicilərə inanılmaz təəssüratlar bəxş edən, ən gözəl və güclü musiqi aləti hesab etmək olar.

- Azərbaycanla tanışlığınız necə oldu?

- İlk dəfə Azərbaycana 2012-ci ildə gəlmişdim. Bu, Bakıda keçirilən "Avroviziya 2012" mahnı müsabiqəsiylə üst-üstə düşən işgüzar səfər idi. Bu, nəinki mənim Azərbaycana ilk səfərim, həm də "Avroviziya” yarışmasını televiziya ekranlarından deyil, canlı-canlı izlədiyim gün idi.

Düzünü desəm, o zaman mən ümumilikdə Azərbaycanla, qismən də Bakıyla hələ tam tanış olmamışdım. Həmçinin Azərbaycana gələnə kimi "Avroviziya” mahnı müsabiqəsinin tam əhəmiyyətini anlamırdım, gəldikdən sonra isə, bizim planetimizin haqlı olaraq gözəl guşələrindən biri hesab edilən Bakını bürümüş möhtəşən isti mühitə daxil oldum. Qeyd etmək istəyirəm ki, istənilən ölkəyə gedərkən ən əvvəl insanlara diqqət yetirirəm. Onlar mənim üçün birinci yerdədirlər. Bakıda təmiz qəlbli, xeyirxah, səmimi insanlarla tanış oldum, onlar məni valeh etdilər və öz şəhərlərində gülərüzlə qarşıladılar, bunun sayəsində isə özümü Bakıda evimdəki kimi hiss etdim. Azərbaycanlılar məndə dərin təəssüratlar buraxdılar. Azərbaycana vurulmağımın səbəbi də elə bu oldu. Vyanaya qayıdarkən, mən Azərbaycanla bağlı hər şeyi, onun mədəniyyətini, adət-ənənələrini, həmçinin mənim vətənim Polşa ilə əlaqələrini öyrənməyə başladım. Hər gün xəbərlər saytlarını izləyirdim və çox maraqlı informasiyalar tapırdım.

Ötən ilin sentyabrında belə bir məqalə oxudum ki, Varşava Universiteti Azərbaycanın Polşadakı səfirliyi ilə birgə Azərbaycan dilinin öyrənilməsi üzrə kurslar təklif edir və Azərbaycan dilini öyrənməyi arzu edənlər yuxarıda göstərilən universitetə gələrək kurslara  yazıla və ya Varşavada Azərbaycan mədəni mərkəzinin direktoru Şəhla Kazımovanın yanında təlim keçə bilərlər. Kurslar Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilir. Mən Şəhla xanımla görüşdüm və biz çox yaxın dost olduq.

Bu mənim üçün iki səbəbdən də çox gözəl xəbər idi. Birincisi, mən Varşava Universiteti üçün qürur duyurdum və insanlara Azərbaycan dilini öyrənməyə imkan verən çox gözəl ideya üçün Polşadakı Azərbaycan səfirliyinə minnətdar idim. İkincisi, düşündüm ki, əgər Polşada Azərbaycan dili kurslarına qatılmaq imkanı mövcuddursa, onda analoji kurslar bizim hazırda yaşadığımız Venada da olmalıdır.

Dərhal internetin xidmətlərindən istifadə etdim və Venada 2012-ci ilin mayında Azərbaycan mədəni mərkəzinin açılmasını bildikdə çox xoşbəxt oldum. Rəsmi mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edirdi. Yuxarıda göstərilən mərkəzin internet-saytında mən Azərbaycan dili kursları haqqında informasiya tapdım. Kurslara nə vaxt və necə qatılmağı öyrənmək üçün vaxt itirmədən, növbəti gün elektron məktub göndərdim. Mərkəzə yolladığım məktuba, tərcüməçi və pedaqoq, mədəni mərkəzdə Azərbaycan dilinin tədrisi ilə məşğul olan Yaqut Abdulla-Məmmədova cavab verdi. Beləliklə, növbəti gün mən məşğələlərə başladım. Sevincdən göyün yeddinci qatında idim ki, həyat yoldaşım Henninqi də özümlə götürdüm.

Linqvist olaraq, mən özümə tamamilə yeni olan yad dilin öyrənilməsi ideyasından valeh olmuşdum, çünki əvvəl heç bir türk dilini bilmirdim. Azərbaycan dilini, onun strukturunu, leksikasını və tələffüz qaydalarını öyrənmək mənə maraqlı idi. Ancaq, bu gözəl dilin melodikliyi mənim üçün tamamilə yeni deyildi, çünki Bakıda olarkən, mən Azərbaycan nitqini eşidirdim və Rəşid Behbudovun, Müslüm Maqomayevin mahnılarına sadəcə vurulmuşdum. Həmin mahnıların nədən bəhs etdiyini həmişə anlamaq istəmişdim. Bu hitlərin mətnlərini orijinaldan oxumağa səbirsizlənirdim.

Azərbaycan dilini öyrənməyə başlayan andan etibarən mən heç vaxt bu prosesi yarıda qoymurdum. 10 ay boyunca bu dilin öyrənilməsiylə bağlı çətinliklərimi təhlil etdim və belə nəticəyə gəldim. Azərbaycan dilinin öyrənilməsi riyaziyyatın (elementlərin düzgün nizamda qoyulması) və harmoniya elementlərinin (ahəngdar uyğunluq üçün hansı səslərin musiqi nöqteyi-nəzərindən bir-birinə yaxın olmasını öyrənmək) öyrənilməsi ilə müqayisə oluna bilər. Beləliklə, aşkarladım ki, dili yox, musiqini öyrənirəm (gülür). Azərbaycan dilinin ahəngdarlığı və melodikliyi məni heyran qoymuşdu.

Azərbaycan dilinin öyrənilməsi üzrə bir neçə kitabları təhlil etdikdən sonra, belə qərara gəldim ki, mənim kimi lazımi bazaya malik olmayan, sıfırdan Azərbaycan dilini öyrənməyə başlayanlar üçün kitab hazırlayım. Məni buna vadar edən o fakt o idi ki, təhlil etdiyim bütün kitablar Azərbaycan dilinin öyrənilməsinin çətinliklərini təsvir etmirdilər. Beləliklə, nəzərdə tutduğum kitabın nəşri üçün lazımi materialları yığmağa başladım. Hazırda öz "körpəm" üzərində iş davam edir və alınmış nəticələrdən çox məmnunam.

Hansı çətinliklərlə üzləşdiyimi açıqlayım. Tədqiqat zamanı mənə aydın oldu ki, ərəb və fars dilləri daxil olmaqla, türk dilləri haqqında ən kiçik təsəvvürlərə belə malik olmayan insan üçün ən böyük çətinlik elə sözlərin özüdür. Bütün Avropa dilləri -  alman, roman və slavyan dilləri - bir çox alınma, xüsusən də latın sözlərinə malikdirlər. Bu isə onların öyrənilməsini avropalılar üçün sadələşdirir. Azərbaycan dilində vəziyyət fərqlidir. Digər tərəfdən, Azərbaycan dilində çoxlu alınma sözlər var, onlar türk, fars və ərəb dillərindən gəlmədir. Qeyd etməyə bilmərəm ki, dildə rus sözləri də var. Ancaq əgər siz heç olmasa bir türk dilinə dair kiçik biliyə malik deyilsinizsə, Azərbaycan sözlərinin öyrənilməsi abstrakt rəsmlərin yadda saxlanmasını xatırladacaq. Məsələn, siz Pikassonun, Mironun əl işlərində və digər abstrakt rəsmlərdə fərqli xüsusiyyətlər tapmağa çalışırsınız. Razılaşın ki, bunu etmək kifayət qədər çətindir. Zamanla mən Azərbaycan sözlərinin öyrənilməsinin daha yaxşı üsulunu tapdım, sözləri çox tez-tez təkrarlayıram, ancaq buna baxmayaraq, onları yadda saxlamaq çox-çox çətindir.

- "Avroviziya 2012” mahnı müsabiqəsi sizdə hansı təəssüratları buraxdı?

- Bu cür hadisələrin hansı əhəmiyyətə malik olmasını yalnız Bakıda anladım. Əgər heç vaxt bu qədər möhtəşəm hadisədə iştirak etməyib, bunun canlı şahidi olmamısansa, müsabiqəyə yalnız televiziyadan baxmısansa, onda belə tədbirlərin əhəmiyyətini çətin ki anlayasan. "Avroviziya”ya analoji olan hadisələrin əhəmiyyəti nədən ibarətdir? Dünyanın müxtəlif yerlərindən Azərbaycana gəldilər və Bakı özünü yaxşı tərəfdən göstərdi. Azərbaycanlılar inanılmaz qonaqpərvərlik göstərdilər, ölkənin paytaxtı yaşıllığa qərq oldu, elə təkcə Bakı bulvarındakı ekzotik ağaclar və bitkilər nəyə desən dəyər. Azərbaycanda özümü rahat və etibarlı yerdə hiss edirdim. Bu ölkədə o qədər səmimi insanlar yaşayır ki, hətta siz tanış deyilsinizsə və ya Azərbaycan dilini bilmirsinizsə, onlar həmişə sizə yardım etməyə, yol göstərməyə hazırdılar.

Azərbaycanlılar dünyanın müxtəlif guşələrindən gələn qonaqları qəbul etməyi xoşlayırlar və həmişə onlara böyük diqqətlə, hörmətlə yanaşırlar. Dəniz kənarı bulvar günün istənilən vaxtı insanlarla qaynayır. Bir dəfə skamyada oturub, Bakı buxtasına tamaşa edirdim, eyni zamanda orada gəzişən bakılıları müşahidə edirdim. Gəzintiyə çıxanların əksəriyyəti 18 yaşdan 30 yaşa qədər gənclər idi. Buna əsasən  belə bir nəticəyə gəldim ki, Azərbaycan əhalisi Avropayla müqayisədə kifayət qədər gəncdir, məsələn, Avstriyada küçədə istirahət edən insanların əksəriyyətini böyük nəsilin (50-60 yaş) nümayəndələri təşkil edir. Bir sözlə, bu planda Azərbaycan və Avropa fərqlənir. Bakıda gənc cəmiyyət gördüm və bu, əla idi. Gənclər – cəmiyyətin yenilənməsi, yeni ideyalar və irəliləyişdir. Azərbaycan gənclərinin simasında təbəssüm gördüm və bu, məni valeh etdi.

- Azərbaycana ikinci dəfə hansı məqsədlə gəldiniz, səhv etmirəmsə, bu, artıq işgüzar səfər deyildi…

- Bu ilin sentyabrında ərimlə Bakıya yola düşməyə və məzuniyyəti orada keçirməyə qərar verdim. Ərim aylarla danışdıqlarımı öz gözlərilə görmək istəyirdi. O, maraqdan özünə yer tapmırdı. Hər ikimiz Azərbaycan mədəniyyətini daha yaxından öyrənmək istəyirdik.

Əlavə etmək istəyirəm ki, Azərbaycan mədəniyyət mərkəzinin Venadakı direktoru Leyla Qasımova Azərbaycan mədəniyyətiylə tanış olmağımız üçün maksimum səy göstərdi. Biz Qasımovanın dəvət etdiyi tədbirlərdə iştirak etməklə Azərbaycan mədəniyyətini dərk edirdik. Bu tədbirlərdə mədəniyyətin ən müxtəlif sferalarından olan Azərbaycan xalqının nümayəndələri iştirak edirdilər. Onların arasında rəssamlar, musiqiçilər, aktyorlar, linqvistlər, tərcüməçilər və s. var idi.

Bundan başqa, mən Qobustana getmək və beş min ildən çox yaşı olan, qədim insanların qayaüstü rəsmlərinə baxmaq istəyirdim.

Operanın böyük azarkeşi olaraq, biz dövlət teatrının səhnəsində Azərbaycan operasını dinləmək istəyirdik. Üzeyir Hacıbəylinin yaradıcılığıyla yaxşı tanışam, buna görə də böyük məmnuniyyətlə məhz onun operasını dinləməyi arzu edirdim. Venada "Donau" parkında Üzeyir Hacıbəylinin gözəl abidəsi var. O abidəni bir il əvvəl ziyarət edərkən, bəstəkarın üzünə baxaraq arzu tutdum. Məncə, Hacıbəyli mənim arzumu eşitdi, çünki o arzum həyata keçdi.


Ardı var...

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb