Prorektorun qətlində rektor, polis zabiti və taksi sürücüsü günahlandırılır - Reportaj

15:48 | 08.01.2024
Prorektorun qətlində rektor, polis zabiti və taksi sürücüsü günahlandırılır - Reportaj

Prorektorun qətlində rektor, polis zabiti və taksi sürücüsü günahlandırılır - Reportaj

Bakı Ağır Cinayətlər Məhkəməsində  "Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı ittiham olunanların işi ilə əlaqədar məhkəmə başlayıb. 

Bu iş məhkəməyə yeni daxil olub və hakim Siyavuş Hacıyevin icraatına verilib. İddia olunur ki, prorektorun qətlini iqtisad elmləri doktoru, professor, Təfəkkür Universitetinin (2017-ci ildə ləğv olunub) sabiq rektoru Müşviq Atakişiyev sifariş verib. Onun çalışdığı son iş yeri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) olub. Ötən ilin noyabrında o, AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsindən azad edilərək həbs olunub.

Məhkəmə qarşısına Müşfiq Atakişiyevlə bərabər daha iki nəfər – qətldə əli olduqları iddia edilən Dəyanət Quliyev və Samir Quliyev də çıxarılıb. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.
 
Dəyanət Quliyev 2000-2020-ci illər arasında Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Hadisədən sonra bir neçə il orada işini davam etdirib.
 
Samir Quliyev isə şəxsi avtomobili ilə taksi xidməti göstərib.  Hakim təqsirləndirilən şəxslərə hüquqlarını izah edib. Təqsirlındirilən şəxslər isə məhkəmə bildirişlərini almadıqlarını bildiriblər. Bu səbəbdən də hakim hazırlıq iclasını təxirə salıb.
 
Hazırlıq iclası yanvarın 17-də davam edəcək. 

Prorektorun qətlinin tarixçəsi 13 il əvvələ təsadüf edir. Onun 2011-ci il -setyabrın 16-da törədilmiş qətli ilə bağlı uzun illər idi ki, istintaq təzələnə-təzələnə davam edirdi. Bu yaxınlarda məlumat yayıldı ki, işin üstü açılıb. 

İttiham aktından... 

İstintaqın gəldiyi qənaətə görə, prorektorun qətlini elə həmin universitetin rektoru Müşviq Atakişiyev tanışı olan və Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsində işləyən polis zabiti Dəyanət Quliyevə sifariş edib. Sonuncu da bu işi həmkəndlisi olan taksi sürücüsü Samir Quliyevə tapşırıb. Əgər prorektoru "aradan götürərsə” bunun müqabilində sürücüyə 40 min ABŞ dolları və gələcəkdə ailəsi üçün sosial təminat da vəd edib.
 
Samir Quliyev hər gün evdən çıxıb işə gedən və geri qayıdan prorektoru bir müddət izləyib. Günlərin birində - 2011-ci il sentyabrın 16-da Yasamal rayonu, Şərifzadə küçəsindəki idman meydançalarından birində ona yaxınlaşaraq küt əşya ilə onun başına və bədəninə çoxsaylı zərbələr endirərək aradan çıxıb.
 
Ekspertin verdiyi rəyə görə, ölümə səbəb başa zərbələr olub. 

Müşviq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib. 

Yuxarıda da qeyd etdiyimiz kimi, bu, İttiham aktında qeyd olunanlardır. 

Uzun illər idi ki, prorektorun qətli ilə bağlı versiyalar dolaşırdı. Tariyel Əhmədov Təfəkkür Universitetinin həmtəsisçilərindən biri olub. Əsasnaməyə görə, 2013-cü ildə rektor vəzifəsi növbəlilik qaydasında Müşfiq Atakişiyevdən Tariyel Əhmədova keçməli imiş. Universitetin həmtəsisçilərindən olan, adı dələduzluqda hallanan və ölkədən qaçan Riyad Əliyev təxminən 2015-ci ildə mətbuata bildirib ki, məhz bu səbəbdən Müşfiq Atakişiyev Tariyel Əhmədovun qətlini sifariş verib. Bu məlumatlardan sonra - 2016-cı ildə Atakişiyev könüllü şəkildə rektor vəzifəsindən istefa verib.  2017-ci ildə isə Universitet ləğv edilib.  

Bəs keçmiş rektor özü nə deyəcək?
 
Bu qətldə həqiqtənmi məhkəmə qarşısına çıxarılanların əli var? Oxucular bütün bunlardan yaxın günlərdə Aznews-dan daha ətraflı xəbər tutacaq.
 
Günel Əliyeva

www.anews.az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM