Qama Məlikova: “Ailəmizdə üç yaradıcı şəxs var”MÜSAHİBƏ

16:13 | 14.10.2015
Qama Məlikova: “Ailəmizdə üç yaradıcı şəxs var” – MÜSAHİBƏ

Qama Məlikova: “Ailəmizdə üç yaradıcı şəxs var”MÜSAHİBƏ

 
Rüstəm Qasımov

Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin və Azərbaycanın ilk xeyriyyəçilərindən biri olan Həmidə xanım Cavanşirin nəticəsi Qama (Həmidə) Məlikovayla müsahibəni təqdim edirik. 

"Ulularım qarşısında məsuliyyət daşımağı mənə uşaq yaşlarımdan öyrədiblər”

- Qama xanım, sizi oxucularımıza necə təqdim etsək, yaxşıdır? 

- Siz məni artıq təqdim etdiniz (gülür). Mən Cəlil Məmmədquluzadənin və Həmidə xanım Cavanşirin nəticəsi, dermato-venerologiya professoru Mina xanım Dəvətdarovanın və fiziologiya dosenti Ramiz Məlikovun qızı, Rusiya Böyük Teatrının solisti Elçin Əzizovun həyat yoldaşı və Cəmil Əzizovun anasıyam. 

- Siz Bakı, Moskva, London, Vyana, Roma daxil olmaqla dünyanın müxtəlif şəhərlərində yaşayırsınız. Başqa ölkələrdə olmaq sizə psixoloji stres yaşatmırki? 

- Qətiyyən. Dünyanın müxtəlif şəhərlərin yaşamaq çox əntiqədir. Ailəm, övladım hardadırsa, orda özümü evdəki kimi hiss edirəm. Səyahət etmək çox xoşuma gəlir. Məsələn, 2-3 ay heç hara getməyəndə narahat olmağa başlayıram və Elçini dəng edirəm ki, harasa gedək (gülür). 
 


- Bakıya nə vaxtdan bir gəlirsiz? Burda özünüzü evdəki kimi, yoxsa qonaq kimi hiss edirsiniz? 

- Boş vaxtımız yaranan kimi Bakıya gəlirik. Bakıdan getmək kimi bir fikir mövcud deyil, çünki biz elə Bakıda yaşayırıq, burda bizim qohumlarımız, dostlarımız, yaxınlarımız var. Başqa şəhərlərə isə iş dalınca gedirik. 

- Bir müddət əvvəl "Qız qalası” qalereyasında sizin ikinci fərdi sərginiz keçirildi. Bu tədbirlə bağlı təəssüratlarınızı bölüşməyinizi istərdik. 
 


- Bu mənim "Qız qalası” qalereyasındakı ikinci sərgim idi. Bu sərgi salonunu çox sevirəm, orda işləyənləri isə öz dostlarım bilirəm. Sərgiyə qalanda isə, məncə o uğurlu keçdi. İşlərimlə bağlı çoxsaylı müsbət rəylər eşitmək ürəyimcə oldu. 

- Başqa şəhərlərdə sərgi keçirmək niyyətiniz varmı?

- Çoxlu maraqlı planlarım var: Bakıdakı sərgidə mənim art-kuratorum müsyö Patrik-Jil Persin də iştirak etdi. Hazırda biz onunla mənim işlərimdən ibarət kataloq üzərində işləyirik və Avropada bir neçə sərgi keçirməyi planlaşdırırıq. 
 



- Sizin yaradıcılığınızın irəliləməsi üçün hansı şərtlər vacibdir? Siz tam sakitlikdə, yoxsa dinclik gətirən musiqinin müşayiətiylə işləməyi sevirsiz? 

- Əsas şərait deyil, istəkdir (gülür). Biz Nyu-Yorkda yaşayanda, mən şəkillərimi dəhlizdə çəkirdim, çünki Elçinin və Cəmilin boyalara allergiyası var. Moskvadada şərait əl-qol açmağa o qədər də imkan vermir, ona görə də şəkillər hollda quruyurdu. Yeni şəkillər yaratmaq üçün məndə çoxlu ideyalar olur. Vacib olan onları reallaşdırmaq üçün imkanın ələ düşməsidir. Mən eyni vaxtda 5-6 şəkil üzərində işləyirəm, bu mənə çox uyğundur, həm də özüm istədiyim sonluğa nail olmaq üçün vaxta ehtiyacım olur. 

Əlbəttə, hər bir şəkil ekperimenti aparanın azartıdır. Nə alınacağını heç vaxt əvvəlcədən deyə bilməzsən. Sən təsəvvüründə şəklin süjetini qurursan və onu ideyalardan hörülmə konstruksiya kimi qurursan, nəyisə əlavə edirsən, nəyisə ixtisar edirsən. Mən iş prosesindən böyük həzz alıram. Nəsə orijinal bir şey yaratmaq çox maraqlıdır. İş bitəndə, onları sosial şəbəkələrdə paylaşanda, dostlarım rəylər bildirəndə ikinci dəfə böyük həzz alıram. Bunu tamaşa bitəndə səhnəyə, tamaşaçıların qarşısına çıxmağa və layiq olduğun alqışları eşitməyə bənzədirəm. 
 


- Son illərdə siz tamam başqa istiqamətdə işləyirsiz, heyratamiz gözəllikdə yaylıqlar yaradırsız. Bir yaylığın eskizinin yaradılması nə qədər vaxt alır? 

- Mənim işlərim əsasında yaylıqlar yaratmaq ideyası çoxdan vardı. Biz çox səyahət edirik, milli ornamentləri əks etdirən hədiyyə və suvenir bağışlamaq problemi tez-tez ortaya çıxırdı. Xalçaları, həmçinin şəkilləri daşımaq çətindir, ona görə də mən istədim nəsə mobil, həm də maraqlı nəsə fikirləşəm. Beləliklə də ortaya yaylıqlar yaratmaq ideyası ortaya çıxdı, bunu reallaşdırmaq isə mənim gözəl rəfiqəm və partnyorum Svetlana İbadullayevanın sayəsində mümkün oldu. Biz hansısa işin eskizini birlikdə seçirik, ölçü, ipək, rənglərin kalibri və s barədə müzakirə edirik. Bu proses təxminən 1 ay çəkir. 

- "Azərbaycan xalça motivləri” seriyasından olan orijinal şəkillər əsasında sizin ipək və yundan hazırladığınız və "GamEl” məhdud kolleksiyasından olan yaylıqları ürəyi istəyən hər kəsin həm Bakıda, həm də Moskvada sifariş verə biləcəyini eşitdim. Sizin işlərinizə maraq böyükdürmü? Onlara daha çox harda tələbat var, Bakıda, yoxsa Moskvada? 

- Bəli, siz haqlısınız. Bakıda yaylıqları +994558804850 nömrəli telefona zəng etməklə, yaxud "Home Boutique” mağazalarından (Səməd Vurğun küc.,1, Azərbaycan pr.22)  sifariş vermək olar. Moskvada isə yalnız internet satışı var. Yaylıqları +7(906) 731-16-06 (What'sApp) nömrəsindən sifariş vermək mümkündür. Maraq həm Bakıda, həm də Moskvada var. Xaricdən mənə də çoxlu sifarişlər gəlir, əsasən, xaricdə yaşayan həmvətənlərimizdən. 
 


- Ailə incə məsələdir. Sizin həyat yoldaşınız Elçin Əzizov Böyük Teatrın opera müğənnisi, Azərbaycanın əməkdar artisti, Böyük Teatrda solist olan və Metropoliten operasının səhnəsində çıxış edən ilk azərbaycanlıdır, siz isə rəssamsız. İki yaradıcı insan bir-biriylə necə yola gedir? Necə kompromis qurursuz, kim kimə güzəştə gedir? 

- Bizdə ailədə 3 yaradıcı şəxs var: Elçin, Cəmil və mən. Ən əsası isə biz çox gözəl yola gedirik. Yəqin buna səbəb bizim xırda-xuruş məsələlərə reaksiya verməməyimiz və həyata yumor qatmağımızdır. Vacib və əsas olan məfhumlar var: bunlar ailə sağlamlığı, qarşılıqlı sevgi və dinc həyatdır! Başqa şeylərə əsəb xərcləməyə dəymir. İnsan özünün istinad nöqtəsini tapanda və həyatını reallaşdıranda dinc olur. Əlbəttə, insan daha çox nailiyyətlər istəyir, amma bunun üçün başla çalışmaq lazımdır, 24 saat işləmək yox. Biz hər şeyi kollektiv həll edirik, lehinə və əleyhinə - nəzərə alırıq və ailəmiz üçün ən yaxşı qərarı çıxarırıq, əsas vacib olan budur. 
 


- Elçin müəllimin çox məşğul və dolu qrafiki var, o tez-tez qastrol səfərlərində olur. Siz yoldaşınızı bu səfərlərdə müşayiət edirsinizmi? 

- Bəli, Elçinin qrafiki çox doludur, biz çalışırıq səfərlərində onu ailəlikcə müşayiət edək, belə maraqlı və bol təəssüratlı olur. Səfərimiz zamanı hansı muzeylərə, sərgilərə, art-qalereyalara, art-mağazalara baş çəkəcəyimizi mən təyin edirəm. Cəmil özünə kurslar axtarır, əsasən dil kursları. Elçin repetisiya edir və tamaşaya hazırlanır, mən və Cəmil isə vaxt itirmirik: mən çəkirəm, o isə pedaqoqlardan skayp vasitəsiylə dərs öyrənir. 
 


- Siz yaradıcı ailəsiz: həyat yoldaşınız Elçin opera artisti, siz rəssam. Bəs oğlunuz Cəmil nəylə məşğul olur? 

- Cəmil yaradıcı insandır, bu ilk dəqiqədən məlum olur. O ünsiyyətcildir və istənilən yaşdakı şəxslə asan əlaqə qurur. Yəqin buna səbəb Cəmilin uşaq yaşlarından bizimlə tədbirlərdə və səfərlərdə vaxt keçirməsidir. O Elçinə çox bənzəyir, artistlik onun qanındadır. Şəkil çəkməyi sevmir, ancaq mahnı oxumaq və səhnədə olmaq üçün ürəyi gedir. Atasının "KVN” keçmişi də ona təsir edir. Onun dostlarının böyük əksəriyyəti də "KVN”-çilərin övladlarıdır. Onlar tez-tez bir araya gəlib səhnəciklər qururlar, nəticədə ortaya maraqlı video-roliklər çıxır. Bundan başqa, o dil öyrənməyi çox sevir, fransız və ingilis dillərində sərbəst danışır, hazırda isə italyanca öyrənir. 

- İndi Azərbaycanda doğma dilin öyrənilməsinə də həssaslıqla yanaşırlar. Bilmək maraqlı olardı, Cəmil rus məktəbində oxuya-oxuya azərbaycanca öyrənirmi? Bu məsələdə ona kim kömək edir? 

- Gözəl pedaqoq Bela xanım Cəmilə Azərbaycan dilini öyrədir, o, Moskca Linqvistika Universitetində Azərbaycan dilindən dərs verir. Atası və mənim üçün Cəmilin doğma dilini bilməsi çox vacibdir. Cəmil özü sərbəst şəkildə Azərbaycan tarixini öyrənir, Birinci Qarabağ Xanından başlayaraq, ulu babalarının tarixini öyrənir. 
 


- Qama xanım, siz Mirzə Cəlilin və Həmidə xanımın nəslindən gəirsiz, buna görə özünüzdə hansısa məsuliyyət hiss edirsinizmi? Ulularınızən maarifləndirmək yolunu, məsələn incəsənətdə davam etdirməyi istəyirsinizmi? 

- Ulularıma qarşı məsuliyyəti mən ömrüm boyu daşımışam, yəqin ki, bu, mənə uşaqlığımdan aşılanıb, ona görə. Mənim anam Mina xanım Dəvətdərova Həmidə xanım Cavanşirin və Cəlil Məmmədquluzadənin qızıydı, ailəmizdə həmişə onlara görə qürur duyurdular, portretlərini divarlardan asırdılar. Portretlərə əsasən birinci Qarabağ xanı Pənah Xandan başlayaraq, bizim genetik ağacımızdan danışmaq olardı. Anam tez-tez anasından və onun xeyirxah həyat tərzindən bəhs edərdi, mənim adımı da onun şərəfinə adlandırmışdı. Ulularıma görə mən də fəxarət hissi duyuram, bilmirəm adını daşıdığım qadına layiq ola bilirəmmi, ancaq mən çalışıram! Bəlkə də indi Qama kimi çağırılanda şad olmağım təbiidi, çünki hələ Həmidə xanım kimi çağırılmaq üçün hələ xeyli böyüməliyəm (gülür). 

- Sonda istərdik sizin gələcək planlarınız barədə eşidək. 

- Gələcək barədə planlarım - sevimli ərim Elçin və oğlumla birlikdə olmağımdır, çoxlu səyahət etmək, dünyanı görmək, həyatdan zövq almaq, dinc, sağlam və sevgi dolu istəyirəm. İnşallah!

- Qama xanım, maraqlı müsahibəyə görə çox təşəkkür edirik. Biz sizə ailə xoşbəxtliyi, yaradıcı uğurlar və dünyanın ən böyük sərgi salonlarında sərgilənməyi arzulayırıq!

- Təşəkkürlər!
 

 
(Şəkillər Qama xanımın şəxsi arxivindəndir)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM