SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Hörmüz boğazında İranın müəyyənləşdirdiyi marşrutla hərəkət etməyən neft tankeri minaya düşüb.Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, bu gün günorta saatlarında xəbərdarlıqlara məhəl qoymayaraq Hörmüz boğazının şərqindəki qadağan olunmuş və təhlükəli ərazidə hərəkət edən neft tankeri dəniz minalarına toxunub və nəticədə gəmidə yanğın baş verib.
Bildirilib ki, Tehranın strateji su yolu ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. SEPAH bütün gəmiləri, xüsusilə neft tankerlərini və ticarət gəmilərini xəbərdarlıqlara və müəyyənləşdirilmiş marşruta riayət etməyə, eləcə də izləmə sistemlərini söndürməməyə çağırıb.
İran tərəfi Hörmüz boğazında neft tankerlərinin minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.