Regionlarda vergi ödəyiciləri ilə görüşlər keçirildi

16:48 | 12.08.2016
Regionlarda vergi ödəyiciləri ilə görüşlər keçirildi

Regionlarda vergi ödəyiciləri ilə görüşlər keçirildi

Cari ilin 10-12 avqust tarixlərində Hacıqabul, Lənkəran, Gəncə, Şəmkir, Quba və Sumqayıt şəhərlərində Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı və bu Sərəncamla Vergilər Nazirliyinin qarşısında duran vəzifələrlə bağlı vergi ödəyiciləri ilə görüşlər keçirilib. 

Vergilər Nazirliyinin Analitik – informasiya şöbəsindən ANN.Az-a verilən məlumata görə, görüşlərdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi orqanları tərəfindən ötən dövr ərzində aparılan islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar barədə məlumat verib. Ə.Məmmədov bildirib ki, görülən işlər nəticəsində ölkədə müasir beynəlxalq standartlara cavab verən vergi xidməti,  səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası yaradılıb, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində qabaqcıl ölkələrin vergi administrasiyaları ilə əməkdaşlıq genişləndirilib.  

Son on il ərzində vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.  Görülən işlər nəticəsində 2016-cı ilin ilk yarımilliyi ərzində dövlət büdcəsinə vergi daxilolmalarının ümumi məbləği 3190,1 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə 2495,4 milyon manat (78,2%) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 9,7 % artımı deməkdir.  

"2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamla əlaqədar görüləcək işlərdən bəhs edən Ə.Məmmədov bildirib ki, islahatların əsas hədəfləri kiçik və orta sahibkarlığın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının sadələşdirilməsi, vergi sahəsində şəffaflığın təmin edilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqidir. Ə.Məmmədov qeyd edib ki, sadalanan hədəflərə çatmaq üçün başlıca şərtlər vergi yükünün azaldılması, vergi dərəcələrinin optimallaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, iqtisadiyyatın prioritet sahələrinin təşviqi, nağdsız əməliyyatların stimullaşdırılması, vergi sahəsində beynəlxalq mütərəqqi təcrübənin tətbiqi, o cümlədən, ictimai məlumatlandırma, könüllü vergi açıqlaması, vergi öhdəliklərinin qabaqcadan razılaşdırılması, vahid hesabat standartlarının işə salınmasından ibarətdir. Bütün bunlar vergi nəzarəti sistemində şəffaflığın təmin olunması, vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin artması, vergi sahəsində risklərin qiymətləndirmə sisteminin formalaşması, vergitutma bazasının genişlənməsi, beynəlxalq standartlara cavab verən vergi sisteminin yaradılması kimi nəticələr əldə etməyə imkan verəcək. 

Görüşlərdə vergi ödəyicilərinin çıxışları dinlənilib, vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərlə bağlı sualları cavablandırılıb.





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb