Sabir Nəbioğlu vəfat etdi

13:31 | 10.06.2014
Sabir Nəbioğlu vəfat etdi

Sabir Nəbioğlu vəfat etdi

Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru Sabir Nəbioğlu ötən gün dünyasını dəyişib.
Bu haqda ANN.Az-a onun yaxın dostlarından olan alim Babək Abuşov məlumat verib. Bu gün mərhumla vida mərasimi gerçəkləşəcək.
Qeyd edək ki, Sabir Nəbi oğlu Əmirov 1926-cı il sentyabr ayının 29-da Şuşa şəhərində anadan olmuşdur. 1937-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçmüşdür. Təhsilini "Homam" adına məktəbdə (1939-1943) fars dilində və sovet məktəbində (1943-1946) davam etdirmişdir.
1946-cı ildə Azərbaycan Milli Hökuməti Sabir Əmirovu Bakı Piyadalar Məktəbinə oxumağa göndərmiş, burada o, bölmə komandirinin müavini olmuş və məktəbi kapitan rütbəsində bitirmişdir (1947).
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursunu və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini (1953) fərqlənmə diplomu ilə bitirmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. Universitetdə təhsil aldığı illərdə Azərbaycan Demokrat Firqəsinin ilk partiya təşkilatının sədri, İranlı siyasi mühacirlər cəmiyyətinin "Cavanlar" təşkilatının sədri olmuşdur (1957-1975).
Sabir Nəbioğlu Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin şöbə müdiri (1967-1994), Cənubi Azərbaycan Yazıçılar Cəmiyyəti İdarə Heyətinin məsul katibi (1967-ci ildən) vəzifələrində çalışmışdır.
"Cəlil Məmmədquluzadənin felyetonları (1905-1906)" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi – alimlik dərəcəsi almışdır.
1996-cı ildən AMEA Ədəbiyyat İnstitutunda çalışıb. 2003-cü ildə "Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Çoxlu sayda elmi əsərin, o cümlədən Şəhriyar, Səhənd, Səməd Behrəngi və Qulamrza Təbrizi haqqında monoqrafiyaların müəllifidir.
Allah rəhmət eləsin!
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb