Şahmat dünyası heyrət içindədir: Yeni dahi rəqiblərini darmadağın edir

12:30 | 04.09.2014
Şahmat dünyası heyrət içindədir: Yeni dahi rəqiblərini darmadağın edir

Şahmat dünyası heyrət içindədir: Yeni dahi rəqiblərini darmadağın edir

ABŞ-ın Sent-Luis şəhərində dünyanın ən güclü şahmatçılarının iştirakı ilə superturnir keçirilir. Ümumi priz fondu 315 min dollar olan turnirin qalibi 100 min, ikinci yerin sahibi 75 min, üçüncü yerin sahibi isə 50 min dollar mükafata layiq görüləcək. 27 avqustdan 7 sentyabra qədər davam edəcək yarış - şahmat tarixindəki ən güclü turnir sayılır. Belə ki, buradakı şahmatçıların ümumi yuvarlaq reytinq balı 2800-ü keçir. İştirakçılar klassik şahmat turnirində iki dəfə üz-üzə gələcəklər. Hazırda dünya şahmat reytinqinin ilk onluğunda qərarlaşmış iştirakçılar arasında hazırki dünya çempionu Maqnus Karlsen (2877 reytinq balı), keçmiş dünya çempionu Veselin Topalov (2772), qrossmeystlər: Levon Aronyan (2805), Fabiano Karuano (2801), Hikaru Nakamuro (2787), Maksim Vaşye Lagrav (2768) yer alıb.

Fabiano Karuano

Artıq 7 tur geridə qalıb və bütün şahmat dünyası heyrət içərisindədir. Uşaqlığı ABŞ-da keçən, burada şahmatın sirlərini öyrənən, sonradan isə İtaliya bayrağı altında peşəkar şahmat oynamağa başlayan 22 yaşlı Fabiano Karuano 7 turdan sonra 7 xal toplamaqla turnirin zirvəsində qərarlaşıb. Elit şahmat turnirlərində hələ indiyə qədər heç kəs belə fantastik göstəriciyə nail olmayıb. Son iki turda o, Veselin Topalov və Maksim Vaşye Lagravı asanlıqla darmadağın edib. 6 turdan sonra 6 xal topladığı zaman məşhur idman qəzeti "La Gazzetta dello Sport"un müxbiri ona belə bir sual vermişdi: "Sən həqiqətən insansan?", turnirin idman saytının müxbiri isə qəzetə idmançının əvəzindən cavab verib: "Əlbəttə ki, yox!". 

Hazırki dünya çempionu Maqnus Karlsen isə 7 turdan sonra cəmi 4 xal toplamaqla ikinci pillədə qərarlaşıb. Artıq Karuana turnirin qalibi adını özünə təmin edib. Onun bundan sonra necə performans göstərəcəyi maraqla gözlənilir. Turnirdəki indiyə qədərki möhtəşəm oyunu ilə italyan artıq reytinq balını birdən birə 34.1 bal artırıb və rəqibi Levon Aronyanı sıradan çıxararaq dünya şahmat reytinq cədvəlində 2835.1 balla ikinci pillədə qərarlaşıb. Levon Aronyan isə 2792.8 balla üçüncü pilləyə yuvarlanıb. 

3 sentyabr 2014-cü ilin reytinq cədvəli



Bir müddət əvvəl sürətli şahmat növü üzrə də dünya çempionu olan "Şahmatın Motsartı" ləqəbli norveçli Maqnus Karlsen isə çox ciddi bir rəqiblə üz-üzədir. Karlsen 2014-cü ilin aprelində 2889.2 bal toplamaqla modern şahmat tarixində ən yüksək nəticə göstərən şahmatçı olmuşdu. Çoxları uzun müddət Karlsenin özünə rəqib tapmayacağını güman edirdilər. Karlsen özünün ən ciddi rəqibi kimi erməni Levon Aronyanın adını çəkirdi, ancaq belə görünür ki, Karuano onun bu iddiasını puça çıxaracaq. Qışda keçirilən şahmat tacına namizədlərin turnirində də 31 yaşlı Aronyanın şahmat tacına iddia etmək üçün hələlik hazır olmadığı bəlli oldu (Həmin turnirdə güclü və stabil oyun nümayiş etdirən hindistanlı Vişvanatan Anand zəfər qazandı və Maqnus Karlsenə təhvil verdiyi tacı geri qaytarmaq üçün revanş matçına çıxmaq hüququnu əldə etdi. Həmin turnirdə 2013-cü ildə sürətli şahmat üzrə dünya çempionu olan azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarov gözəl və maraqlı çıxışıyla yadda qaldı, Aronyanı, Topalovu məğlub edən şahmatçımızın keçmiş dünya çempionu Vladimir Kramniklə oyunda bəxti gətimədi. Oyunda rəqibini tamamilə küncə sıxışdıran və zəfər qazanmağın bir addımlığında olan Şəhriyar arxayınlığı ucbatından kobud səhvə yol verdi və məğlubiyyətə uğradı). İndi şahmat mütəxəssisləri Karuanonu Karlsenin ən ciddi rəqibi və gələcək dünya çempionu hesab edirlər. Karlsen Sent-Luis turnirindəki çıxışıyla özünün nəyə qadir olduğunu hər kəsə sübut etməkdədir. Düzdür, şahmat da bir idman növüdür, idmançılar zaman-zaman gah güclü, gah da zəif çıxış edirlər. Son dövrlər Aronyan zəif çıxışıyla yadda qalır, o hal-hazırda 2800-dən yuxarı reytinq balını itirib, Karlsen, Nakamuro, Topalov da stabil çıxış etmirlər. Onlardan fərqli olaraq, Fabiano Karuano getdikcə gücünü artırır və Karlsenə yaxınlaşmaqdadır. Qarşıda şahmat həvəskarları maraqlı və gərgin mübarizəyə şahid olacaqlar.


Dünya şahmat tarixinin ən yüksək reytinqli şahmatçıları


Azərbaycan şahmatçıları arasında isə Şəhriyar Məmmədyarov hal-hazırda 2760.4 balla ilk onluqda qərarlaşıb. 2012-ci ilin sentyabrında 2799.9 bal toplamaqla  şahmat tarixinin 8-ci ən çox reytinq balına sahib şahmatçısı adını qazanan Teymur Rəcəbov isə son dövrlər zəif çıxışıyla yadda qalır. O hazırda ilk onluqdakı yerini itirib və 2717 balla 31-ci pillədə qərarlaşıb. Teymur son dövrlər elit şahmat turnirlərində az iştirak edir. 2014 Şəmkir turnirində o, gözəl oyunla Maqnus Karlseni məğlub etdi, ancaq ondan sonra hansısa turnirdə parlaq oyun nümayiş etdirmədi. Dünyanın ən perspektivli, güclü şahmatçılarından sayılan Teymurun geriləməsi maraq doğururdu. Teymur jurnalistlərə açıqlamasında hələlik karyerasını bitirmək barədə fikirləşmədiyini və yenidən əvvəlki formasına qayıtmaq üçün əlindən gələni edəcəyini deyib. 


Hazırladı: Cavid Ramazanlı


ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti