Sarkisyanın danışıqlardan imtina etməsinin arxasında nə dayanır? - AÇIQLAMALAR

16:37 | 26.04.2016
Sarkisyanın danışıqlardan imtina etməsinin arxasında nə dayanır? - AÇIQLAMALAR

Sarkisyanın danışıqlardan imtina etməsinin arxasında nə dayanır? - AÇIQLAMALAR

Ermənistan prezidenti Serj Sarkisyan "Bloomberg" agentliyinə müsahibəsi zamanı, 2011-ci ildə qoşunların 5 rayondan çıxarılmasına hazır olduğunu deyib: "2011-ci ildə Kazan şəhərində Azərbaycan prezidenti ilə aparılan danışıqlarda erməni qoşunlarının 5 rayondan çıxarılmasına və regiona sülhməramlıların yeridilməsinə razılıq verməyə hazır idik. Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü”.

"Qoşunlar, artilleriya və tanklar geri çəkilməyib və hər saniyə baş verənlər təkrarlana bilər. Ola bilər ki, iri miqyasda” – Sarkisyan əlavə edib.

Ermənistan prezidentinin aprelin əvvəlində baş verən gərginliklərdən sonra belə bir açıqlama verməsinin əsas səbəbi nədir? Sarkisyanın danışıqlardan imtina etməsinin arxasında nə dayanır?

Portalımıza açıqlamasında ekspert Elxan Şahinoğlu Ermənistan prezidenti Serj Sarkisyanın "Bloomberg" agentliyinə verdiyi müsahibəsini bu cür şərh edib:

"Sarkisyan belə danışığı ilə artistlik edir” – Elxan Şahinoğlu
 


"Sarkisyan müsahibə zamanı artıq danışıqlar mümkün deyil deməklə əslində artislik edir. Çünki Sarkisyanın Putinin əlaltısı olduğu çox yaxşı məlumdur. Ermənistan Rusiyadan asılı dövlətdir. Putin Sarkisyanı və İlham Əliyevi danışıqlara dəvət etsə, Sarkisyan deyə bilməyəcək ki, gəlmirəm, yüyürə-yüyürə gələcək. Sarkisyanın 5 rayonu azad etmək ehtimalı barədə açıqlaması daha çox diqqət cəlb edir. Ermənistan rəhbərliyinin hər dəfə sətir altı dediyi beş rayonun qaytarılması məsələsini bugün artıq Sarkisyanın özü rəsmi şəkildə mətbuata açıqlamasında deyir. Demək, Ermənistan başa düşür ki, bu işğala son qoymağın vaxtıdır. Artıq cəmiyyətə də mesaj yollayırlar ki, münaqişənin mərhələlərinin hansısa hissəsində işğal altında olan rayonlar boşaldılacaq”.

O ki, qaldı Sarkisyanın danışıqlardan imtina etməsinə, müharibə ehtimalı barədə danışmasına, bu, bizim işimizə yarayır. Onlar bizə geniş manevr imkanları yaradırlar. Belə olan halda 2-6 aprel aralığında baş verən uğurlarımızı artırmaq şansımız daha da çoxalır. Əks hücumla işğal altında olan torpaqlarımızın bir hissəsini geri qaytara bilərik”. – deyə E.Şahinoğlu bildirib.

Politoloq gələcəklə bağlı proqnozlarını da açıqlayıb: "Bir iki ay ərzində danışıqlar prosesi nəticəsiz olsa, toqquşmaların yenidən başlaması ehtimalı var. Hətta 2-6 aprel döyüşləri daha böyük miqyasda təkrarlana bilər”.  

"Geriyə yalnız bir yol qalır - Müharibə” - Zərdüşt Əlizadə
 


Siyasi şərhçi Zərdüşt Əlizadə Ermənistanın 5 rayonu qaytarmaq istəyinin qondarma Dağlıq Qarabağ respublikasının tanınması ilə əlaqədar olduğunu bildirdi: "Bu tək Ermənistanın deyil, Rusiyanın da planıdır. Rusiya özünü elə göstərir ki, guya danışıqlar prosesini həll etməyə çalışır. Nəsə etməyə çalışır, ancaq əslində heç nə etmir. Ermənistan Rusiya üçün bir alətdir. Buna görə də sülh danışıqları prosesini də çalışır Ermənistanın xeyrinə həll etsin”.

Zərdüşt Əlizadə tərəflər arasında müharibənin aparılmasına Rusiyanın imkan vermədiyini söylədi: "Sarkisyanın müsahibədə demək istədiyi budur - onlar güzəştə getməyə hazır deyillər. Bu da o deməkdir sülh prosesi onsuz da həll olunmur, geriyə də yalnız bir yol qalır - müharibə. Müharibə etməyə də Rusiya icazə vermir. Qarabağ problemi məhz buna görə həll olunmur”.  

"Sülh istəyirsənsə, müharibəyə hazırlaş”, Azərbaycan da bu vəziyyətdədir – Ərəstun Oruclu
 


Politoloq Ərəstun Oruclunun fikrincə, Sarkisyan belə açıqlamaları ilə hər şeyi Azərbaycan tərəfinin üzərinə atmağa çalışır: "O demək istəyir ki, Azərbaycan vəziyyəti elə bir hala gətirdi ki, nə sülh prosesinə başlamaq oldu, nə də status kvo vəziyyətində qalmaq. Bunun ardından Sarkisyan müharibə anonsu verir. Bütün bunların hamısı spekulyasiyadır”.

Siyasi şərhçi Sarkisyanın kiçik qələbələr hesabına böyük uğurlar qazanacağına ümid etdiyini bildirdi: "Ermənistan müharibəyə başlamaq istəyir. Daha doğrusu onu əsaslandırmağa çalışır. Söhbət miqyaslı müharibədən getmir. Sarkiysan ölkədəki vəziyyəti yaxşılaşdırmaq üçün kiçik hücumlar etməklə qələbə qazanacağına ümid bəsləyir. Amma əvvəldən özünü siğortalayır ki, hərbi əməliyyat baş verərsə, bunun məsuliyyəti Azərbaycanın üzərinə düşsün. Çünki əsası olmadan hər dəfə hücumun Azərbaycan tərəfinin etdiyini deyir. Sarkisyan bu cür müsahibələri ilə Ermənistan xalqını ruhlandırmaq istəyir, onları inandırmağa çalışır ki, vəziyyət pis deyil. Əslində Azərbaycan Ermənistanın kiçik uğurlar qazanmaq istəyi ilə bağlı Avropa diplomatlarını xəbərdar etməli idi. Hər dəfə iri çaplı silahlardan mövqelərimizi və yaşayış mətəqələrimiz atəşə tutmaqla, onlar irəliləməyə çalışırdılar. Çünki Sarkisyan kiçik qələbələr hesabına böyük uğurlar qazanacağına ümid edirdi. Ancaq onun bu ümidini aprelin əvvəlində demək olar ki, boşa çıxardıq”.  

Politoloq gələcəklə bağlı proqnozlarını da açıqlayıb: "Geniş miqyaslı müharibənin başlamısından söhbət belə gedə bilməz. Ona görə ki, bölgədə böyük əməliyyatlar nə münaqişə tərəflərinin özünün, nə bölgədə maraqları olan, nə də həmsərhəd ölkələrin maraqlarına cavab verir. Ümumiyyətlə, genişmiqyaslı müharibə dağıdıcı ola bilər. Əgər Ermənistan rəhbərliyi ölkədəki siyasi vəziyyəti Dağlıq Qarabağ probleminin həlli ilə düzəltməyə cəhd edirsə, müharibə başlayacaq. Sadəcə Azərbaycan tərəfi buna hazır olub, onlara ağır cavab verməyi planlaşdırmaldır. Bax bu prosesdən sonra sülh məsələsi sürətlənə bilər. Çünki ağır döyüşlərdən sonra tərəflər sülhə daha çox üstünlük verirlər. Tarixi şəxsiyyətlərdən birinin belə bir deyimi var: "Sülh istiyirsənsə, müharibəyə hazırlaş”. Biz də təxminən belə bir vəziyyətdəyik. Biz artıq öz iradəmizdən asılı olmayaraq, müharibə prosesinə cəlb olunmuşuq. Əgər cəlb olunuruqsa, layiqli cavab verməliyik. Əmin edirəm ki, iki dəfə ermənilərə ağır hərbi zərbələr endirilərsə, sülh prosesini sürətləndirəcək. Bu həm Ermənistanın mövqelərini itirməsinə, həm də daxili siyasi sabitliyin pozulmasına gətirib çıxaracaq”.  
 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb