Siqaret ucuzlaşacaq - Azərbaycanda

15:01 | 06.10.2016
Siqaret ucuzlaşacaq - Azərbaycanda

Siqaret ucuzlaşacaq - Azərbaycanda

Prezident İlham Əliyev Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında imzaladığı sərəncamla emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi nəzərdə tutulub.
 
Subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.
 
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə Modern.az-a deyib ki, pambıqçılıqdan sonra tütünçülük istehsalına görə subsidiya ayrılması, dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi baxımından təqdirəlayiqdir:
 
Tütünün xammal bazası yaradılır
"Bunun iki istiqamətdə nəticələri gözlənilir. Birinci bu tədbir hesabına tütün xammalının istehsalının stimullaşdırılmasıdır. Bununla xammalın ixracında böyük üstünlük əldə edilərək milyonlarla dollar vəsaitin ölkəyə daxilinə nail olunacaq.

Eyni zamanda, bununla Azərbaycanda tütün istehsalı üçün ciddi baza yaranacaq. Çünki, tütün hazırda Azərbaycanın idxalda üstünlük qazanması üçün ehtiyac duyulan 3-4 məhsuldan biridir.

Tütünçülüyün inkişafı ilkin mərhələdə ixrac potensialını artıracaq, eyni zamanda yerli tütün sənayesinin inkişafı üçün böyük dəstək olacaq”.
 
İstehsal prosesinin artırılması nəticəsində Azərbaycanın tütünə olan tələbatını tam şəkildə ödəmək mümkün olacaqmı?
 
F.Fikrətzadə bildirib ki, tütün istehsalının artırılması hesabına daxili tələbatın əhəmiyyətli hissəsi ödəniləcək:

"Hazırda 10 milyonlarla dollar həcmində tütün əsas etibarilə ölkəyə idxal olunur.
 
Hazırda tütün məmulatlarının emalı , istehsal sənayelərinin inkişafı istiqamətində işlər həyata keçirilir. İlkin emal müəssisələri var və onların yenilərinin regionlarda yaradılmasına başlanılıb.
 
2015-ci ildə Azərbaycanda tütün əkin sahələri 1362 hektar, məhsulun həcmi isə 3500 ton olub.
 
2016-cı ildə isə əkin sahələri 2400 hektara qədər artırılıb. Bu il üçün məhsul istehsalının 6000 tona çatdırılması planlaşdırılır”.
 
Azərbaycan siqaret istehsal edəcək
 Nazirlik rəsmisi deyib ki, tütününü xammal bazası yaranandan sonra Azərbaycan siqaret istehsalına start verəcək:
 
"Artıq Azərbaycanda siqaret istehsal olunması üçün özəl sektor tərəfindən böyük investisiya qoyuluşlarına başlanılıb. Regionlarda yeni emal müəssisələri yaradılır.

Qeyd edim ki, Azərbaycanda siqaret istehsalına başlayandan sonra idxal edilən siqaretlərdən qiymət baxımından əhəmiyyətli dərəcədə ucuz olacaq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM