Tural Əhməd: Aktyor olmurlar, aktyor doğulurlar – MÜSAHİBƏ

16:11 | 16.06.2016
Tural Əhməd: Aktyor olmurlar, aktyor doğulurlar – MÜSAHİBƏ

Tural Əhməd: Aktyor olmurlar, aktyor doğulurlar – MÜSAHİBƏ



Bu gün bizim həmsöhbətimiz aktyor Tural Əhməddir. Tural öz timsalında sübut edir ki, insan özünü tapdığı təqdirdə özünü reallaşdırmağa qabildir. 

- Tural, aktyorluq peşəsi sizi niyə cəlb edir? 

- Mənim fikrimcə, aktyorluq yaradıcı peşələr arasında ən maraqlılarından biridir. Kinoya maraq məndə uşaqlıqdan yaranıb. Yadımdadır, mən bizim Azərbaycan filmlərinə saatlarla baxardım. Hələ indiyə qədər aktuallığını qoruyan dünya kinosunun klassiklərini də qeyd etməyə bilmərəm. Məndə adlarını əzbər bildiyim aktyor və rejissorların adlarını siyahıya yazmaq kimi vərdiş formalaşmışdı (gülür). Məhz ondan bəri məndə kinoya qarşı böyük məhəbbət yaranıb. Məncə, aktyor olmurlar, aktyor doğulurlar. O zaman mən başa düşümüşdüm ki, mənim missiyam aktyor olmaqdır. 

- Ancaq siz ilk təhsilinizi tamamilə başqa istiqamətdə almısınız...

- Təəssüf ki, mənim aktyor olmaq arzumu atam bölüşmürdü, deyirdi ki, bu sənət böyük zəhmət tələb edir və maliyyə cəhətdən insanı siğortalamır. Ona görə də mən jurnalistika fakültəsinə daxil oldum, 2005-ci ildə universiteti bitirəndə isə əsgərə yollandım. Bundan sonra bir müddət Rusiyada yaşadım. Nə iş görəcəyimi dəqiqləşdirmədən isə vətənə qayıtmadım...  

- Siz aktyorluğu oxumaq qərarına gəldiniz? 

- Bəli. Mən Kinoakademiyanın aktyorluq fakültəsinə (kino) daxil oldum. İmtahanlar zamanı münsiflər heyətində Fuad Poladov, Şəfiqə Məmmədova, Cəmil Quliyev, Rüstəm İbrahimbəyov kimi Azərbaycam kinematoqrafının nəhəngləri oturmuşdu. Beləliklə, 2008-ci ildən etibarən bugünədək mən özümü bu peşəyə həsr etmişəm. Aktyor olmaq arzum elə böyük idi ki, illər sonra mən arzumu reallaşdırdım. Mən bu sahəyə böyük pullar, şöhrət, teleekranlar xətrinə gəlməmişəm. Mən arzumu gerçəkləşdirmək istəyirdim və inanırdım ki, hər şey alınacaq, hansısa gözəgörünməz qüvvə məni kinoya tərəf itələyirdi. İnanıram ki, insan sevdiyi işlə məşğul olarsa, uğur qazana bilər. Əks təqdirdə uğua nail olmaq çətindir. 

- Deyirlər ki, aktyorluq ən çətin peşələrdən biridir, axı insan hər dəfə yeni rolu, yeni obrazı, personajı canlandırmalı olur. Bu barədə nə düşünürsünüz? 

- Mən bu fikirlə tamamilə razıyam. Məncə, tamaşaçını aldatmaq mümkün deyil. Əgər sən öz roluna can yandırmasan, tamaşaçı bunu hiss edəcək. Əlbəttə, texniki ustalığı da unutmaq olmaz, bu aktyorluq qədər vacib detaldır. Mən özümün hər rolunda çalışıram ürəyimi ortaya qoymaqla özümün imkanlarını maksimum nümayiş etdirim.   

- Yeni rola hazırlaşanda, özünüzü gələcək personajın yerinə qoyursunuzmu? 

-  Əlbəttə! Uğurun təməlində dayanan əsas amil hansı personajın sənə daha uyğun olduğunu dərk etməkdir. Mənə ssenari veriləndə, ilk olaraq bunu nəzər salıram. Canlandıracağım personajın əsas xarakteristikalarına diqqət yetirib anlamağa çalışıram ki, bu insanın temperamenti necədir, müsbət, yoxsa mənfi qəhrəmandır – bundan sonra mənim beynimdə müəyyən obraz yaranmağa başlayır. 

Çəkiliş zamanı isə, kino kamera işə düşəndən sonra ifa etdiyim obraza kənardan baxmaq kimi imkanım yaranır – mən başlayıram müqayisə eləməyə ki, əvvəlcədən nəzərdə tutduğum obrazı düzgün canlandırmışam, ya yox (gülür). 

Bundan başqa, mən çalışıram ki, ifa etdiyim hər rol bir əvvəlkinə oxşamasın, qoy tamaşaçı fikirləşməsin ki, bu rol elə eyni aktyorun roludur. Mən istəyirəm müxtəlif cür olum və yeni obrazlar göstərim. Bu tipajı dəyişməklə əldə olunur. 

- Şübhə etmirəm ki, teatrda səhnəyə ilk çıxdığınız günü yaxşı xatırlamayasınız. Yəqin, həmin an siz həyəcan keçirmisiniz... 

- Hər bir aktyorun ilk səhnəyə çıxdığı an yaxşı yadında qalır. İş burasındadır ki, mən kinoaktyorluq fakültəsini bitirmişəm və müəyyən vaxta qədər teatrda oynamamışam. Buna görə də mənim bu sahədə təcrübəm yox idi, ancaq bir gün tale elə gətirdi ki, özümü teatrda sınamaq şansı əldə etdim. 2010-cu ildə mənim peşəkar karyeramda durğunluq dövrü idi, onda mən maliyyə çətinlikləri ucbatından kinonu atıb başqa sahədə özümü sınamaq qərarına gəldim. Dostlarım tez-tez zəng edib reklama çəkilməyi, televiziyada özümü aparıcı və s. kimi sınamağı təklif edirdilər, mənsə imtina edirdim. 

Bir dəfə akademiyada birlikdə oxuduğum dostlarım Qorqud Cəfərov və Azər Cəfərov dedilər ki, Bakıda ilk dəfə olaraq, Gənclərin Respublika teatr festivalı keçiriləcək və mən orda mütləq iştirak etməliyəm. Mən dərhal rədd cavabı verdim, ancaq dostlarım inad elədilər, dedilər ki, onlar bu rollar üçün çox sayda aktyoru sınaqdan keçiriblər, hətta özləri də cəhd ediblər, ancaq bir şey hasil olmayıb, dedilər ki, bu rol məhz mənim üçündür. Dostlarıma təşəkkür edirəm ki, məni fikrimdən döndərə bildilər (gülür). 

- Səhnədəki çıxışınız nə qədər uğurlu alındı? 

- İlk repetisiyada dostlarım dedi ki, onlar məni əsas rola seçməklə düzgün seçib ediblər. Bu, elə onların axtardığıdır. Bizim qrupumuz "Qatar” adlanırdı. Səhnə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdu və vətənpərvərlik mövzusunda idi. Biz tamaşada vətən torpağını müdafiə etməyib, onu yadlara təslim edənləri qınayırdıq. Bizim çıxışımız doğrudan da uğurlu alınmışdı. Ertəsi gün qaliblər elan edilərkən, üçüncü və ikinci yerləri tutanların adlarını çəkib, sonra birinci yerə biz layiq görüləndə şokdaydıq. Əvvəlcə buna inana bilməmişdik. Səhnədəki ilk cəhdimdə belə uğur qazanmağım mənim özümü də çaşdırmışdı. 

- Sizin uğurunuz diqqətdən kənarda qalmadı. 

- Bəli! Sonrakı gün xalq artistimiz Vaqif Əsədov məni "Sirr” teleserialına çəkilməyə dəvət etdi. Kastinqi keçib mən rolu əldə etdim. Beləliklə, gənclik teatr festivalında qalibiyyət və adını çəkdiyim serialdakı ifam kino sənətində qapıları mənim üçün açdı. Qeyd edim ki, bu ilin may ayından etibarən mən Amaliya Pənəhovanın rəhbəlik etdiyi Bakı bələdiyyə teatrında fəaliyyət göstərirəm. Amaliya xanıma mənə inanıb teatra dəvət etdiyinə görə təşəkkür edirəm. 

- Sizin karyeranızda ən yaddaqalan rol hansı olub?

- Dürüst desəm, hər bir rolu mən çox yaxşı xatırlayıram. "Həyat çiçəyi” serialındakı rolumu isə qeyd etməyə bilmərəm. Bu serialda mən görkəmli aktyorumuz Fuad Poladovla birlikdə çəkilmək şansı qazanmışam, mən onun oğlu rolunu canlandırmışam. Bu rolun mənə verildiyini eşidəndə, çox sevinmişdim. Bu rol xüsusilə ürəyimcə olmuşdu. Bu serialda həmçinin Fəxrəddin Manafov və digər tanınmış aktyorlarımız oynayırdılar. 

- Gələcəkdə hansı rolu oynamaq istərdiniz? 

- Etiraf edim ki, mən çox rolları ifa etmək istərdim, xüsusilə tarixi filmdə əsas rolu, əsas rolu ifa etməklə insanların yaddaşında qalmaq istərdim. Mən məhz belə rollara üstünlük verirəm. Məni tarixi səhnələr, döyüş səhnələri cəlb edir. Bir müddət əvvəl mən tanınmış "Əli və Nino” filmində oynadım. Bu epizodik rol olsa da, mən çox məmnun qaldım. Ümid edirəm gələcəkdə də belə şanslarım olacaq. Mən Çingizxan rolunu oynamaq istərdim. 

- Hansı daha çox xoşunuza gəlir: teatrda, yoxsa kinoda oynamaq? 

- Mən həm kinoya, həm də teatra böyük ehtiramla yanaşıram. Bu iki sənəti, iki dünyanı müqayisə etmək olduqca çətindir. Bəziləri deyir mən teatrda yaxşıyam, bəziləri isə əksinə, kinoda yaxşı olduğumu söyləyir. Ancaq mənim həm teatrda, həm də kinoda oynamaqdan xoşum gəlir, baxmayaraq ki, hər iki sahədə o qədər də böyük təcrübəm yoxdur. Səhnənin xüsusi bir sehri var. Tamaşaçı auditoriyası qarşısında çıxış etmək təkrarsız hissdir. Bunu təsvir etmək olduqca çətindir, onu ancaq hiss etmək olar. Tamaşaçıların emosiyaları, sevgisi, yaşantıları, alqışlar – bu mənim üçün ən böyük mükafatdır. Tamaşaçı sevgisini pulla almaq mümkün deyil. Onu ancaq öz işinə olan səmimi sevgiylə əldə etmək olar. 

- Bir aktyor kimi sizdən soruşmaq istərdim: sizcə, bu gün teatra olan maraq nə qədərdir? 

- Əlbəttə, teatra maraq var. Mən tamaşaların demək olar 90%-dən çoxuna gedirəm və deyə bilərəm ki, tamaşaçılar yaxşı tamaşalar olanda teatra müntəzəm olaraq gəlirlər. Ancaq belə anşlaqları əvvəllər olduğu kimi indi də görmək çətindir. Bu narahatlıq doğurmaya bilməz. Qeyd edim ki, Azərbaycan teatrı yerində saymır, inkişaf edir və düşünürəm ki, gələcəkdə teatra maraq daha da artacaq. Əgər bu gündən danışsaq, bu gün maraq daha çox kinoyadır. 

- Hansı rejissorlarla işləmək sizə qismət olub? 

- İlk işlədiyim rejissor Ülviyyə Könül olub, o "sirr” serialının rejissoru idi. Bir dəfə çəkilişlər zamanı Ülviyyə xanım dedi ki, onun əli yüngüldür və onunla çalışan aktyorlar yaxşı karyera qururlar. Fürsətdən istifadə edib Ülviyyə Könülə və Vaqif Əsədova mənə inanıb seriala dəvət etdikləri üçün təşəkkür edirəm. Mən həmçinin azərbaycanlı rejissor Adil Azayla d işləmək şansı qazanmışam. "Həyat çiçəyi” serialında isə gürcü rejissorlarla işləmişdim. 

- Gələcəkdə kimlərlə əməkdaşlıq etmək istərdiniz? 

- Mən tanınmış azərbaycalı rejissor Elxan Cəfərovla işləmək istərdim. Onun çəkdiyi filmlər çox xoşuma gəlir. İş burasındadır ki, mən yeni təkliflərə, yeni rollara hazıram - əsas olan isə keyfiyyətli iş və məhsul ortaya qoymaq üşün peşəkar komandanın qollarını çırmalamasıdır. Ona görə də mən yeni təkliflər və maraqlı rollar gözləyirəm (gülür).

 - Sizcə, bir filmin uğuru nədən asılıdır? 

- Burda bir neçə aspekt rol oynayır. Film yüksək səviyyədə çəkilməlidir, maraqlı ssenariyə düzgün quruluş verilməlidir, filmdə öz işlərini sevən istedadlı aktyorlardan ibarət peşəkar heyət çalışmalıdır. Maliyyə dəstəyini qeyd etmədən olmaz, axı maliyyəsiz keyfiyyətli məhsul ortaya çıxarmaq çox çətindir. Piar məsələlərinə də müəyyən qədər maliyyə ayrılmalıdır, çünki gələcək filmin uğuru yaxşı reklamdan asılıdır. Bütün bu aspektlər bir bütövün ətrafında birləşir və hamısı bir-birindən asılıdır. 

 -  Sizcə, bugünki film nədən bəhs etməlidir ki, tamaşaçını cəlb edə bilsin? 

- Tamaşaçıları məişət məsələləri həmişə cəlb edib və etməkdə davam edəcək, çünki bu real həyatdan götürülüb. Tamaşaçılar onlar arasında hansısa bağ görürlər və ya özlərini filmdəki hansısa qəhrəmanın yerinə qoyurlar.  Ona görə də sosial problemləri, psixoloji konfliktləri, xəyanətləri, satqınlıqları, sevinci, yaşantıları və digərlərini göstərən filmlər hər zaman maraqla qarşılanırlar, çünki müasir insana xitab edirlər. Yalnız bu halda uğura nail olmaq olar. 

- Yeri gəlmişkən, özünüzü rejissor kimi sınamaq fikrinizdən keçibmi? 

- Marağım çoxdur, həm də lap çox! Ancaq təcrübə yığmaq üçün vaxt lazımdır. Düşünürəm ki, gələcəkdə mən maraqlı layihələrə imza ata biləcəm. 

 - Tural, siz rejissor Emil Quliyevin qısametrajlı filmində özünüzü sınamağa müvəffəq olmusunuz...

- Bəli. Bu rejissor Emil Quliyevin "Ümid” filmiydi. Biz bu filmdə tanınmış azərbaycanlı akyor Bəhram Bağırzadə ilə birgə rol almışdıq. Film çox böyük uğur qazandı, festivallarda qələbələr çaldı. Məncə, bu bizim uzun yolumuzun başlanğıcıdır. 

- Ümumiyyətlə, yuxarıda sadalananlardan başqa, siz hansı filmlərdə oynamısınız? 

- Mən rejissor Adil Azayın "Xəlvətdə qalmış müdrik” sənədli filmində, Ülviyyə Könülün "Edam məhkumunun son fünü” filmində, "Qarabağnamə”, "Yarımdünya”, "Gecə qonağı” və s. filmlərdə rol almışam. Bundan başqa, rejissor Şahin Qəhrəmanın "İkinci bahar”, "Tufanlı səma” seriallarında rol almışam.
 
- Sonda gələcəyə dair planlarınızı bizimlə bölüşərdinizmi? 

- Dostlarımızla birgə bir film çəkmək istəyirik. Hazırda bu layihə üçün hazırlıqlar gedir. Hələ bu barədə ətraflı danışa bilmərəm. Mənim üçün vacib olan filmlərə çəkilməkdə, maraqlı filmlərdə maraqlı rollar almağa davam etməkdir. Azərbaycan kinosunun inkişaf etməsini arzulayıram, teatrının da həmçinin. İncəsənətə daim diqqət və qayğı göstərmək laızmdır, bir ölkəni, xalqı dünyada tanıtdıran məhz onun mədəniyyəti, sənəti olur. 

Materialı Bəhram Bağırzadə təqdim edib. 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb