Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapılıb
Son illərdə Xəzəryanı dövlətlərin sahillərində aşkarlanan ölü Xəzər suitilərinin sayı 40 mini ötüb. Bu barədə "Compass" Milli Ətraf Mühit Fondu məlumat yayıb.
Fondun açıqlamasına görə, elmi qrupun ilkin məlumatları ölü suiti cəsədlərinin ümumi sayının 40 mindən çox olduğunu göstərir.
Araşdırmaya əsasən, ölən heyvanların orta yaşı 7,7 il təşkil edib ki, bu da 1990-cı illərin sonlarında qeydə alınan göstəricidən təxminən beş dəfə aşağıdır. Mütəxəssislər qeyd edirlər ki, yeddi yaş Xəzər suitilərinin cinsi yetkinliyə çatdığı və ilk balalarını dünyaya gətirdiyi dövr hesab olunur.
Məlumatda bildirilir ki, son illərdə aparılan müşahidələrə görə, Xəzər suitilərinin maksimum populyasiyası 274 min-305 min fərd arasında qiymətləndirilir. 2022-ci ildə baş vermiş kütləvi tələfatdan sonra populyasiyanın təxminən 275 minə düşdüyü, sonrakı siyahıyaalmalarda isə yenidən 300 minə yaxınlaşdığı qeyd olunur.
Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə dəniz məməlisi və yalnız bu hövzədə rast gəlinən endemik növdür.