Sənəddə Ermənistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına dair öhdəlik götürüb:
"Ermənistan Respublikasının Dağlıq Qarabağ münaqişəsinin sülh və davamlı nizamlanması yoluna sadiqliyi, həmçinin münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi çərçivəsində danışıqlar yolu ilə tez bir zamanda həllinin vacibliyini tanıyırıq. Həmçinin, bu nizamlanmanın BMT nizamnaməsi və Helsinki Yekun Aktında, ATƏT Nazirlər Şurasının 2008-ci ildə baş tutan 16-cı iclasından sonra ATƏT-in Minsk qrupunun yaydığı bütün bəyanatlarda göstərilən prinsiplər əsasında (təhdid və ya güc tətbiqi, dövlətlərin ərazi bütövlüyü və bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyinetmə) nail olunmasının vacibliyini tanıyırıq; həmçinin Avropa İttifaqının nizamlanma prosesini dəstəkləməsi barədə bəyanata sadiqliyini vurğulayırıq”.
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərin sözlərinə görə, Ermənistanla Avropa Birliyi arasında imzalanacaq müqavilə indiki şəraitdə münaqişənin dondurulmasına xidmət edir: "Çünki Ermənistanın və ya Azərbaycanın götürməsindən asılı olmayaraq, bu öhdəlik münaqişənin hərbi yolla həllinin qarşısını almağa xidmət edir. Ermənistan Rusiyanın dəstəyi ilə Dağlıq Qarabağı, ətraf bölgələri işğal edib. Dağlıq Qarabağın ətrafında təhlükəsizlik zonası adı altında öz mövqelərini möhkəmlədib. Qarşıya qoyulan həm siyasi, həm də hərbi hədəflərə nail olunub. Bundan sonra qarşıya qoyulan məqsəd əldə olunan nailiyyətin diplomatik yolla möhkəmləndirilməsidir. Hazırlanmış saziş layihəsi də bu istiqamətdə atılan növbəti addımdır və Ermənistanın strateji maraqlarına xidmət edir. Başlıca məqsəd Azərbaycanın öz torpaqlarının hərbi yolla işğaldan azad etməsinin qarşısını almaqdır. Həm BMT nizamnaməsinin 51-ci maddəsi, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Azərbaycana öz ərazilərini işğaldan azad etmək üçün hüquqi əsas verir”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikrincə, Avropa Birliyinin imzalanması nəzərdə tutulan saziş layihəsi Ermənistanın maraqlarına uyğun hazırlanıb: "Əfsuslar olsun ki, Avropa İttifaqı növbəti dəfə Ermənistanın istəklərinə uyğunlaşmağa çalışır. Sənəddən də göründüyü kimi, orada münaqişənin yalnız bir yerdə münaqişənin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli vurğulanır. Ermənistanın da bu məsələdə nə qədər səmimi olduğunu demək çətindir. Çünki Ermənistan dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır, amma Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmir. İndi məlum deyil, Ermənistan yenə bu mövqeyində qalır, yoxsa Avropa Birliyinin tələbii ilə ərazi bütövlüyü məsələsinə razılıq verir.
Avropa Birliyinin Ermənistanın qarşısında belə bir tələb qoyması inandırıcı deyil. Ərazi bütövlüyü prinsipi istisna olmaqla, yerdə qalan şərtlər Minsk qrupu həmsədrlərinin mövqeyini ifadə edir. Ermənistan da dəfələrlə bəyan edib ki, münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. İndiki şəraitdə Ermənistan Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün güc tətbiq etməsindən çox qorxur. Həmin sənəddə çatışmayan cəhətlərdən biri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin və BMT Baş Assambleyasının 2008-ci il 14 mart tarixli qətnaməsinin tələblərinin yerinə yetirilməsi barədə öhdəliyin qoyulmamasıdır. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə tanınır və Ermənistandan işğal etdiyi ərazilərdən qoşunlarını çıxartması tələb olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !