Ölkəmizdə
nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verən Azərbaycan
Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atıb. Bank VISA International
beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə
olaraq NFC (Near Field Communication) texnologiyası üzərindən təmassız ödəniş
üsulunun tətbiqinə başlayıb.
Bu yenilik
sentyabrın 10-da Absheron Mariott otelində keçirilən tədbirdə ölkə ictimaiyyətinə
təqdim olunub. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının,
Azərbaycan Mərkəzi Bankının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin,
Azərbaycan Banklar Assosiasiyasının rəhbər şəxslərinin, həmçinin VISA-nın Qafqaz regionu üzrə direktoru Kristina Doroşun
və şirkətin Ukrayna, MDB ölkələri, Cənub-Şərqi Avropa ölkələri üzrə rəqəmsal tətbiqlər
direktoru Oleksandr Stelmaxın da iştirak etdiyi toplantıda NFC texnologiyasının
mahiyyəti, iş prinsipləri barədə məlumat verilib.
Yeni ödəniş
üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil
telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən
ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS
terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında
çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir. Ətraflı
məlumat üçün link: https://www.ibar.az/az/individual/electronic-services/nfc-technology/
Mobil telefonla təmassız ödənişlər zamanı beynəlxalq
kart təşkilatlarının təhlükəsizlik tələblərinə tam riayət olunur. Azərbaycan
Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "Azərbaycan Beynəlxalq Bankının NFC
texnologiyasının tətbiqinə başlaması, inanırıq ki, müştərilərimiz tərəfindən
böyük məmnunluqla qarşılanacaq. Nağdsız ödəniş infrastrukturunun inkişafına
töhfə verən innovativ həllərin tətbiqini bundan sonra da davam etdirəcəyik”.
IBA Pay mobil tətbiqini
yükləmək üçün link:
https://play.google.com/store/apps/details?id=mwb.iba.ac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !