SOCAR gələn il "Avro-5" standartlarına uyğun benzin istehsalına başlayacaq

17:33 | 02.06.2023
SOCAR gələn il

SOCAR gələn il "Avro-5" standartlarına uyğun benzin istehsalına başlayacaq

SOCAR  2024-cü ilin birinci rübündə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NBNEZ) "Avro-5" ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.  Bu barədə SOCAR məlumat yayıb.
 
"Hazırda neft emalı zavodunda modernləşdirmə və yenidənqurma layihəsinin icrası davam etdirilir. 2023-cü ilin ikinci rübündən  "Avro-5" standartlarına uyğun dizel yanacağı istehsalına başlanılıb.  Zavodda "Avro-5" standartlarına uyğun avtomobil benzininin istehsalına 2024-cü ilin birinci rübündə başlanılacaq”, - xəbərdə bildirilir. 

Şirkət əvvəllər "Avro 5" benzinini 2023-cü ildə istifadəyə verməyi planlaşdırırdı.
 
Şirkətin məlumatına görə, 70 ilə yaxın fəaliyyət göstərən Bakı Neft Emalı Zavodu 364 milyon tondan çox neft emal edib. Zavodda hazırda 30 növ neft məhsulları (avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mayeləşdirilmiş neft qazı, soba mazutu, sürtkü yağları, neft koksu, neft bitumu və s.) istehsal olunur. İstehsal olunan bütün neft məhsullarının 10%-i ixrac olunur.

2022-ci ildə NBNEZ 6 milyon 240,3 min ton neft emal edib.  2022-ci ildə NBNEZ-də  neft emalının dərinliyi 96,3% təşkil edib.

NBNEZ-nin gücü ildə 6,5 milyon ton təşkil edir. Modernləşdirmə və yenidənqurma işləri bitəndən sonra zavodda bütün  Xəzər regionu ölkələrindən çıxarılan neft sortları bu zavodda  emal edilə biləcək. Layihənin tam başa çatdırılması 2027-ci ilə planlaşdırılır.

Modernləşdirmədən sonra zavodda indiki 1,2 milyon ton əvəzinə ildə 2 milyon ton avtomobil benzini, indiki 1,9 milyon ton əvəzinə 2,9 milyon ton dizel yanacağı, 1 milyon ton yerinə 1,6 milyon ton təyyarə yanacağı  istehsal olunacaq. 

Zavodun modernləşdirilməsi və yenidən qurulması layihəsinin dəyəri əvvəllər 2,2 milyard dollar həcmində qiymətləndirilirdi.

NBNEZ SOCAR-ın strukturuna daxildir.
 
Ayişə Zahid

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb