Azərbaycanda koronavirusla bağlı son vəziyyət - Sevindirici AÇIQLAMA

14:07 | 21.04.2020
TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Vasif Əliyevin Day.Az-a müsahibəsini təqdim edirik:

Pandemiya dövrü ərzində aldığımız statistik göstəriciləri müqayisə etsək, deyə bilərik ki, ötən həftə qeyd edilən rəqəmlər öncəki dövrlərə nisbətən xeyli yaxşı olub. Çünki aparılan testlərin sayı artıb, bunun fonunda yeni yoluxma faktlarının sayı isə xeyli azalıb.

Bu, çox müsbət haldır. Dinamikada azalma müşahidə edilir, bazar günü 25 yeni yoluxma faktı qeydə alınıb. Ölənlərin sayına gəlincə, təəssüf ki, bu faktlar var, amma ümumi yoluxanların sayına nisbətdə azdır.

Bizi həmçinin sevindirir ki, Azərbaycanda koronavirusdan sağalanların sayı yeni yoluxanların sayından daha çoxdur. Bu, artıq ölkəmizdə epidemik fəallığın azalmasını göstərir.

Tibbi heyətimiz artıq təcrübəsini daha da artırıb, tibbi müəssisələrimizdə xəstələrin uğurlu müalicəsi üçün bütün şərait var, preparat çatışmazlığı yoxdur.

Hələ bir həftə öncə mən açıqlamamda pandemiyanın pik həddindən ehtiyatla danışırdım. Çünki xatırladım ki, elə günlər var idi ki, bizdə 104-105 yeni yoluxma faktı qeydə alınırdı. Lakin bu gün bizdə vəziyyət dəyişib və deyə bilərik ki, ölkəmizdə pandemiyanın pik həddi artıq geridə qalıb. Bunu demək üçün bu gün əlimizdə yetərincə əsaslar var. Epidemik vəziyyət pozitiv şəkildə dəyişir.

Bununla belə biz yenə ehtiyatlı davranmalıyıq. Yaxşı statistikaya rəğmən, azalma dinamikasını möhkəmləndirməliyik. Bu səbəbdən çox doğru olaraq karantin müddəti uzadıldı. Karantin bu gün dərhal yumşaldılsa, bu, problemlər yarada bilər. Məhdudiyyətlərdə yumşaltma, təbii ki, olacaq, lakin bu, mərhələli şəkildə aparılacaq.

Ümumilikdə Azərbaycanda koronavirusla bağlı vəziyyəti bu gün müsbət qiymətləndirmək olar. Bu, onu göstərir ki, biz doğru yoldayıq, dövlət tərəfindən görülən tədbirlər zamanında və düzgün olub. Düşünürəm ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz pandemiya ilə mübarizədən az itkilərlə çıxacağıq. Azərbaycan koronavirusa yoluxanlar, bu virusdan ölənlər və sağalanların sayı ilə bağlı ən yaxşı statistik göstəricilərə malik ölkələr sırasında yer alıb və bu vəziyyəti nəzarətdə saxlamaq üçün bizdə bütün şərait yaradılıb

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti