“Azərbaycanda məmurlar istefa vermirlər, istefaya göndərilirlər” - AÇIQLAMALAR

15:07 | 07.12.2015
“Azərbaycanda məmurlar istefa vermirlər, istefaya göndərilirlər” - AÇIQLAMALAR

“Azərbaycanda məmurlar istefa vermirlər, istefaya göndərilirlər” - AÇIQLAMALAR

İstefa vermək – vəzifəsinin öhdəsindən gələ bilməyən məmurun, nazirin, böyük səlahiyyət sahibinin etirafıdır. Bu, həm də bir mədəniyyətdir. Xüsusən, Avropa ölkələrində böyük faciələrlə nəticələn hadisələrdən dərhal sonra həmin sahə üzrə cavabdeh, məsul məmur xalqdan, ölkə başçısından üzr istəyərək istefa verir. 

Bu mədəniyyətə Azərbaycanda niyə rast gəlinmir? Nəzərə alsaq ki, təkcə 2015-ci il ərzində ölkədə 3 böyük faciə baş verib (mayın 19-da 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox yaralının olduğu yanan bina faciəsi, sentyabrın 17-də 5 nəfərin ölümü, 11 nəfərin isə ağır yaralanması nəticəsində avtoqəza, dekabrın 4-də dənizdəki neft yatağında 1 nəfərin ölümü, 29 nəfərin itkin düşməsi ilə nəticələnən sonuncu faciə), amma biz bircə istefanın belə şahidi olmamışıq.

Ölkə məmurlarında istefa mədəniyyətinin olmaması nə ilə bağlıdır? Burada psixoloji amil nədən ibarətdir? Eyni zamanda faciə baş verdikdən sonra insan itkisi olarsa, qanunvericiliyə görə məsul şəxslər necə cəzalandırılmalıdır?
 
 
Ələsgər Məmmədli 

Hüquqşünas Ələsgər Məmmədli istefa mədəniyyətinin dünyanın əksər ölkəsində olduğunu vurğulayıb: "Ağır nəticəsi olan hadisə baş verdikdən sonra həmin qurumun rəhbəri, məsul məmur istefa verir. O, bu addımı ilə özünün indiyə qədər keyfiyyətli iş aparmağa çalışdığını, bir postda əbədi olaraq qalmaq istəmədiyini cəmiyyətə göstərmiş olur. Cəmiyyət də onun bu jestini müsbət qiymətləndirir”. 

Ə.Məmmədli bu praktikanın ölkəmizdə meydana gəlmədiyini bildirib: "İstər parlamentə, istərsə də idarəetmə strukturuna təyin olunan şəxslər keyfiyyət kriteriyasına görə seçilmirlər. Buna görə də həmin məmur cəmiyyət qarşısında deyil, onu təyin edən daha yüksək vəzifəli şəxsin qarşısında öhdəlik daşıyır. Həmin məmur "vəzifədən azad olunma haqqında” sərəncam, əmr olmayana qədər tutduğu postu, oturduğu kreslonu özünün daimi iş yeri hesab edir”.

Hüquqşünas onu da vurğulayıb ki, düzgün idarəetmə olmadığına görə, Azərbaycanda istefa mədəniyyəti də formalaşmır: "Azərbaycanda məmurlar istefa vermirlər, istefaya göndərilirlər. Çünki həmin şəxs hansısa qabiliyyəti, savadı, istedadına görə yüksək post tutmayıb, onu ora gətiriblər və buna görə də onun istefa vermək mədəniyyəti ola bilməz”.   

Ələsgər Məmmədli daha sonra məsələnin hüquqi tərəflərinə toxunub: "Qanunvercilikdə göstərilib ki, əgər hər hansı hadisə baş veribsə, öncə onun səbəbləri araşdırılmalı, səbəb tapıldıqdan sonra öyrənilməlidir ki, təhlükəsizlik tədbirləri yerinə yetirilibmi? Bütün hallar üçün tədbirlər lazımınca görülübmü?   Bunlardan sonra işə məsuliyyət daşıyan şəxs barəsində iş aparılmalı, işini layiqincə yerinə yetirə bilməyən məsul şəxslər cəzalandırılmalıdır”. 
 
 
 
Vəfa Əkbər 
 
Psixoloq Vəfa Əkbər belə halların yaranmasının əsas səbəbinə toxunub. Onun sözlərinə görə, qurum rəhbərlərinin hər hansı hadisədən sonra özlərini "sudan quru çıxmış” (yəni günahsız – red.) kimi hiss etmələri acınacaqlı nəticələrə gətirib çıxarır: "Miqyasından asılı olmayaraq, Azərbaycanda baş verən hadisədən sonra bəzi qurum rəhbərləri özlərini  günahkar hiss etmirlər. Çünki hələ də onlarda feodalizm psixologiyası var. Yəni "mən feodalam”,  "mənim əlimin altında işləyənlərim var” düşüncəsi davam edir”. 
 
 
 
Elnur Rüstəmov 

Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmov qeyd edib ki, əgər hadisə, yaxud böyük faciə baş veribsə, həmin müəssisənin rəhbərini istefaya göndərmək düzgün addım deyil: "Çünki heç bir müəssisə rəhbəri istəməz ki, onun işçisi həlak olsun.  Çox adam deyə bilər ki, hadisə baş veribsə, qurum rəhbəri istefaya getsin. Amma yadda saxlamaq vacibdir ki, işin daxilini bu adamdan daha yaxşı kimsə bilə bilməz. Faciə, hadisə baş verən anda rəhbər şəxs ya özü istefa versə, yaxud istefaya göndərilsə, vəziyyət daha da gərginləşər. Sadəcə, müəyyən vaxt tanınmalıdır ki, faciənin, hadisənin baş vermə səbəbləri araşdırılsın və bundan sonra rəhbər şəxsin, səlahiyyət sahibinin aqibəti müəyyənləşsin. İnanıram ki, obyektiv tədqiqat aparıldıqdan sonra səlahiyyət sahibləri özləri öz tutduqları postla bağlı düzgün qərarı verəcəklər”.

Orxan Aslanlı  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM