Bakı-2015: Doroqan finalda, Netraba üçün bürünc şansı - YENİLƏNİR

12:16 | 16.06.2015
Bakı-2015: Doroqan finalda, Netraba üçün bürünc şansı - YENİLƏNİR

Bakı-2015: Doroqan finalda, Netraba üçün bürünc şansı - YENİLƏNİR

Bu gün Bakı-2015 Avropa Oyunlarında qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışın son günündə daha 4 dəst medalın sahibi bilinəcək.
 
Qadınlar, sərbəst
53 kq
Bu çəkidə ölkəmizi təmsil edən Anjela Doroqan yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 8:2. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib - 4:0. Anjela finala gedən yolda rumıniyalı Natalya Budunu xalçaya dəvət edib. Güləşçimiz bu dəfə də özünü yaxşı tərəfdən göstərib (7:2) və həlledici mərhələdə iştirak hüququ qazanıb.
 
O, finalda polşalı Roksana Zasinə ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş saat 19:14-də başlayacaq.
 
58 kq
İrina Netraba yarışa ilkin mərhələdən start verib. Avropa çempionatının finalçısı Karola Raynero (İtaliya) ilə gücünü yoxlayıb. Həmyerlimiz 2 dəfə hesabda geri düşməsinə baxmayaraq, yekunda inamlı qələbə qazanıb - 8:4. O, 1/4 finalda Mimi Xristova (Bolqarıstan) ilə güləşib. Bu qarşılaşma da birincinin ssenarisi ilə davam edib. İlk hissədə 2:4 hesabı ilə geridə olan İrina yekunda rəqibini 6:4 hesabı ilə məğlub edib. O, yarımfinalda macarıstanlı Emese Barkanı sınağa çəkib. Netraba fasiləyə yenə hesabda geri yollanıb (0:3). Lakin o ikinci hissənin startında fərqi minimuma endirsə də, döyüşün axarını dəyişə bilməyib - 2:5.
 
Buna baxmayaraq, İrina medal uğrunda çıxışını davam etdirəcək. O, saat 19:27-də norveçli Qrase Bullinlə gücünü yoxlayacaq.
 
63 kq
Yığmamızın üzvü Elmira Qəmbərova birinci görüşünü Henna Yohanssona (İsveç) qarşı keçirib. 21 yaşlı idmançımız startdaca məğlubiyyətə üzülüb. 4:0 hesabı ilə qalib gələn Yohansson finala yüksələ bilmədiyindən, Qəmbərova təsəlliverici görüşlərə də qatıla bilməyib.
 
75 kq
Yığmamızın liderlərində olan Gözəl Zutova ilk cəhddəcə məğlubiyyət acısı yaşayıb. Startda güclü Oksana Vaşçukla (Ukrayna) üz-üzə gələn həmyerlimiz 2:4 hesabı ilə uduzub. Ukraynalı güləşçi isə finala çıxa bilmədiyindən Zutova Oyunlara erkən vida edib.
 
Qeyd edək ki, qadın güləş yığmamızın heyətində bir gün öncə Mariya Stadnik (48 kq) qızıl, Natalya Sinişin (55 kq) bürünc medal qazanıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM