“Bu qədər qızıl medal gözləmirdik” – Azad Rəhimov

14:17 | 15.06.2015
“Bu qədər qızıl medal gözləmirdik” – Azad Rəhimov

“Bu qədər qızıl medal gözləmirdik” – Azad Rəhimov

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib. Apasport.az saytının məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, baş katibi Ağacan Abıyev, Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayevin iştirak etdiyi görüşə yarışın III günündə, yəni dünən fəxri kürsüyə qalxan idmançılar qatılıblar.
 
MOK rəsmiləri qızıl mükafatçılar Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq) və Ayxan Mamayev (karatenin kumite növü, 84 kq), həmçinin bürünc mükafatçılar Həsən Əliyev (yunan-Roma güləşi, 66 kq), İrina Zaretska (karatenin kumite növü, 68 kq) və Rostislav Pevtsovu (triatlon) mükafatlandırıblar. Yalnız gümüş medal qazanan Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) tədbirə qatılmayıb.
 
Öncə çıxış edən Çingiz Hüseynzadə mükafatçıları təbrik edib və ardından sözü Azad Rəhimova verib.
 
Nazir açıqlamasında Azərbaycan idmançılarının indiyə qədərki nəticəsindən məmnun qaldığını bildirib: "Qürur hisslərimi sizinlə bölüşürəm. Şadam ki, idmançılarımız böyük nailiyyətlər əldə edirlər. Açığı, biz bu qədər qızıl medal gözləmirdik. Xüsusən də, triatlon yarışını qeyd etməliyəm. Bu idman növü bizdə o qədər də populyar deyil. Buna baxmayaraq, idmançımızın bürünc medal qazanması sevindirici haldı. Hazırda komanda hesabında birinci yerdəyik. Düzdü, gələcəkdə lider dəyişə bilər. Amma artıq 4 gündən sonra birinci yerdə qalmağımız böyük nəticə deməkdi. Yüksək vəzifəli qonaqlarımız artıq ölkəmizi tərk ediblər. Hamısı təşkilatçılıqdan razılıq bildirdilər, belə təşkilatçılıq gözləmədiklərini dedilər. Onların bu cür açıqlamalarına sevinirik. Biz göstərdik ki, Azərbaycan idman ölkəsidi, böyük tədbirlər qəbul etməyə hazırdı. İdmançılarımızdan bu gün və sabah da medallar gözləyirik. Komanda bir ürək kimi döyünür. Medalçılarımızı bir daha təbrik edirəm, qarşıdakı günlərdə yarışacaq idmançılara uğurlar arzulayıram”.
 
Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atıblar və onlara hədiyyələr təqdim olunub. Həmçinin medalçıların şərəfinə tort kəsilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM