Ötən il yol qəzalarında 834 nəfər ölüb - NAZİR

Azərbaycanda 2022-ci il də yol hərəkəti hadisələri nəticəsində 834 nəfər vəfat edib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsinin açılış mərasimində deyib.
O bildirib ki, təxminən 10 il əvvəllə müqayisədə Azərbaycanda yol hərəkəti ilə bağlı kifayət qədər inkişaf var.
"Bu istər MDB, istərsə də dünya üzrə orta göstəricidən kifayət qədər yüksəkdir. Hər 30 saniyədə bir insan ölümü - bir neçə ailənin faciəsi deməkdir. Yol hərəkəti qaydalarının pozulması nəticəsində hər il dünyada infrastruktura dəyən ziyanın məbləği təxminən 500 milyard ABŞ dollara yaxındır.Amma bu bizə eyni zamanda, kifayət qədər imkan verir ki, bu günə qədər əldə etdiyimiz uğurlara fokuslanıb, onları daha da utilizasiya edib irəli aparaq", - nazir bildirib.
2022-ci ildə 1668 yol nəqliyyat hadisəsi baş verib, bu da 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi deməkdir.
Rəsmi məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub.
Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olub.
Rsmi məlumata görə, bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Aytac Zeynalova
www.anews.az
























