Cənubi Qafqazın şəhərləri: Tbilisi REPORTAJ

20:06 | 01.10.2015
Cənubi Qafqazın şəhərləri: Tbilisi – REPORTAJ

Cənubi Qafqazın şəhərləri: Tbilisi REPORTAJ

Rüstəm Qasımov

Bu gün biz sizinlə Cənubi Qafqazın ən gözəl şəhərlərindən biri, Gürcüstanın kür çayının sahilində yerləşən paytaxtı Tbilisiyə səyahət edəcəyik. 

Gürcüstanın ən vacib kurort şəhəri Qara dənizin sahilindəki Batumi şəhəri olsa da, Tbilisi də son illərdə dünyanın müxtəlif ölkələrindən olan turistlərin axınına məruz qalır. Tbilisidə hər addım başı Azərbaycan, Rusiya, Türkiyə, İran və başqa ölkələrdən gələn turistləri görmək mümkündür. 
 


Turistləri cəlb edən nədir? Birinci səbəb tarixi abidələr, gəzməli yerlər, unikal təbiətdir. İkinci səbəb isə ölkədə qiymətlərin ucuz olmasıdır, turistlər çox pul xərcləmədən Gürcüstanda əla vaxt keçirə bilərlər. Bizim yerlilərimizin tez-tez istirahət üçün Gürcüstana üz tutması heç də təsadüfi deyil. 

Tbilisi adı qaynaqlarda ilk dəfə 4-cü əsrdə keçir. Şəhərin adı onun salındığı ərazidə çox sayda isti kükürd sularının çıxmasıyla əlaqədardır, "tbili” gürcü dilində elə isti mənasını verir. 1936-cı ilə qədər rus dilində şəhərin adı Tiflis kimi qələmə alınıb, çünki ruslar şəhərin adının yunan variantını əsas götürmüşdülər, 1936-dan sonra "Tbilisi" -  doğma və tarix ad olduğu kimi yazılmağa başladı. 
 


Şəhərin tarixi hissəsi kükürd vannalarının olduğu ərazi hesab olunur. Tarixi qaynaqlara görə, ərazidə ilk dəfə kükürd vannaları yaranıb, sonra isə onların ətrafında yaşayış binaları formalaşmağa başlayıb. Bu vannalarda bir vaxtlar məşhur rus şairi Puşkin də çimib. 

Əfsanəyə görə, Tbilisinin olduğu bölgə əvvəlcə meşələrlə örütülüymüş. Əfsanənin geniş yayılmış versiyasına əsasən çar Vaxtanq Horsaqal 5-ci əsrdə ova çıxarkən atılan ox su mənbəyinə dəyir. Suların tibbi əhəmiyyətinə və strateji ərazidə yerləşdiyi üçün çar burada şəhər salmağı əmr edir. Ona görə də şəhərə isti mənbə, "Tbilisi” adı verilir. 
 


Bu gün şəhərin salındığı yerə Abanotubani kvartalı yerləşir. 

Əgər siz kükürd vannalarını baş çəkmək istəsəz, onun qapıları hər zaman açıqdır. Vannalardan bir saatlıq istifadə gürcü puluyla 100 laridir. Burada siz çay içə, dadlı təamlardan dadaraq, gözəl istirahət edə bilərsiniz.

Tbilisi artıq turist şəhərinə çevrildiyindən burada qalacaq yer tapmaq asandır. Əgər büdcəniz imkan verirsə, şəhərdə bahalı oteldə qala, əgər qənaət etmək istəsəz, hostellərdə qala bilərsiniz, şəhərdə hostellərin sayı kifayət qədər çoxdur. 
 


Gürcülər çox dindar xalqdır. Şəhərdə hansısa kilsənin, ya məbədin yanında bir neçə dəqiqə dayansanız, bunu müşahidə edə bilərsiniz. Demək olar ki, yaşından asılı olmayaraq bütün gürcülər kilsələrin qarşısında dayanır xaç çəkir, dualar oxuyurlar. Tbilisinin mərkəzində böyük sinaqoq da var, yəhudilər burada heç bir maneəsiz ibadət edə bilərlər, gürcülər digər dinlərin nümayəndələrinə tolerantdırlar. 

Şəhər həm tarixi, həm də müsair abidələrlə zəngindir. Ancaq daha çox diqqət cəlb edən əlbəttə ki, çay sahili boyunca uzanan şəhərin qədim hissəsidir. 

Tbilisi kafelərinin, restoranlarının bolluğuyla seçilir. Gürcü yeməkləri çox dadlıdır, üstəlik həm ucuz həm də porsiyaları böyükdür. Bir çox küçələrdə isə ləzzətli gürcü şərablarının satıldığı dükanlar var. Gürcüstanın simvollarından biri olan "Borjomi” mineral suyunun adını çəkməmək isə mümkün deyil. 
 



Gürcüstan sakit istirahət sevənlər üçün də məsləhətlidir, şəhərdə addımbaşı parklarla, bağlarla rastlaşırsan. 

Tbilisi mədəniyyət, incəsənət, yaradıcılıq şəhəridir. Burada bir-birindən maraqlı muzeylər, sərgi salonları ziyarətçi axınına məruz qalır. Gürcüstanın mərkəzi küçələrində rəsm çəkən və işlərini satan çox sayda rəssam görə bilərsiniz. Çox təəssüf ki, Bakıda rəssamlarımız artıq uzun illərdir ki, bu imkandan məhrumdurlar. Dünyanın bir çox ölkələrinin şəhərlərində küçədə sənətlə məşğul olan və əl işlərini satan sənətkarlarla rastlaşa bilərsiniz. Məsələn, Londonda hər bazar günü rəssamlar Hayd Parkı boyunca uzanan küçədə öz rəsm işlərini yarada və satışa çıxara bilərlər. Rəssamlara bu imkanı yaradan məhz şəhər rəhbərliyidir... 
 



Gürcülər saxsıçılıqda, saxsı qabların hazırlanmasında ustadırlar. Siz Tbilisidə dükanlarda bir-birindən maraqlı, gözəl saxsı nümunələriylə qarşılaşa bilərsiniz. 

XX əsrin əvvəllərində yaşayıb yaradan dahi gürcü rəssamı, primitivizmin görkəmli nümayəndəsi Niko Pirosmaninin adı yəqin ki, çoxlarınıza tanışdır. Gürcülər Pirosmani ilə fəxr edirlər, Tbilisidə gəzərkən tez-tez Pirosmaninin əksi həkk olunmuş müxtəlif əşyalar, sənət nümunələri görmək mümkündür.
 




Bir sözlə, möhtəşəm Tbilisi barəsində nə qədər desən, yazmaq mümkündür, şəhərdə bir-birindən maraqlı insanlar, abidələr, gəzməli-görməli məkanlarla dolub daşır. Bizim səyahətimiz burada başa çatır, ancaq səyahət yazılarımız davam edəcək...

Mədəniyyət, təhsil, elm və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını dünyanın ən maraqlı şəhərləriylə tanış etməkdə davam edir. 

Xoş seyrlər:

Fotoların müəllifi: Lyubov Qasımova
 
























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb