E-KİTAB: Çarlz Bukovski. MAKULATURA. (Əsərdən bir parça)

16:45 | 09.03.2013
E-KİTAB: Çarlz Bukovski. MAKULATURA. (Əsərdən bir parça)

E-KİTAB: Çarlz Bukovski. MAKULATURA. (Əsərdən bir parça)

Çarlz Bukovski ABŞ yazıçısıdır. "Qadınlar”, "Makulatura”, "Poçtampt”, "Faktotum”, "Hollivud” kimi məşhur romanların müəllifidir. Yazdığı hekayələr, şeirlər Bukovskiyə böyük şöhrət gətirib. Azərbaycanda ilk dəfə "Qadınlar” romanı "Alatoran Yayınları” seriyasında çap olunub.

İstifadəyə yararsız kitabların əziz xatirəsinə ithaf olunur

1

Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi yelləyib milçəyi ovcumla əzdim. Xatirə qoyub getdiyi cəsəd izlərini balağıma sürtüb təmizlədim. Elə bu anda telefon zırıldadı. Dəstəyi qaldırdım. 

- Eşidirəm.

- Lui-Ferdinand Selinin əsərlərini oxumusunuz? – qadın soruşdu. Çılğın səsi vardı. Neçə illər idi, qadınlarla münasibətdə deyildim.

- Hmm-m, - dedim, - Selin...

- Mən Selini axtarıram, - qadın dedi. – O, mənə lazımdır. 

Səsinin çılğınlığı ona olan marağımı artırdı.

- Selin? – mən soruşdum. – Onun haqqında nəsə bir məlumat verin. Xanım, susmayın, danışın görüm...

- Şalvarınızın miyançasını bağlayın.

Şalvarıma baxdım.

- Hardan bildiniz qabağı açıqdır? – soruşdum.

- İzahata ehtiyac duymuram. Mənə Selin lazımdır.

- O, ölüb axı...

- Xeyr, ölməyib. Onu tapın. Mənə lazımdır.

- Əgər yalnız meyidinə məxsus sümükləri tapsam, onda necə?

- Ay səfeh, gicləmə, Selin yaşayır.

- Harda yaşayır?

- Hollivudda. Qulağıma çatan məlumatlara görə, Red Koldovskiyə məxsus kitab mağazasının həndəvərində dolaşır.

- Elə isə, özünüz niyə tapmırsınız?

- Həmin adamın Selin olmasına əmin deyiləm. Heç olmasa, bunu bilmək lazımdır.

- Şəhərdə yüzlərlə dedektiv ola-ola, mənə niyə müraciət edirsiniz ki?

- Con Barton məsləhət gördü.

- Hə, Barton, deyirəm axı. Qulaq asın. Pulu qabaqcadan ödəməlisiniz. Sizinlə şəxsən görüşməliyəm.

- Bir neçə dəqiqədən sonra sizdə olacam, - o, dedi.

Dəstəyi asdı. Şalvarımın qabağını bağlayıb, onu gözlədim.

2

Qadın kabinetə daxil oldu. 

Sözümün canı odur ki, indi təsvir edəcəyim hal, sadəcə, mənə qarşı bir cığallıqdır. Əynindəki paltar bədəninə elə kip yapışmışdı, az qalsın tikişləri sökülə. Şokolada sıx şəkildə bükülmüş zərli qabığı xatırladırdı. Uzundaban ayaqqabıları, qarmaqlı ağacları ayaqlarına keçirib gəzən oyunbazları andırırdı. O, sərxoş vəziyyətdə olan topal kimi axsaya-axsaya otaqda gəzişdi. Başgicəlləndirici gözəlliyi vardı.

- Əyləşin, xanım, - mən dedim.

Oturdu. Bir ayağını qaldırıb o biri ayağının üstünə aşırdarkən, gül kimi gözlərimi işıqdan məhrum edəcəkdi. Yaxşı qurtardım.

- Sizi görməyimə çox şadam, ay xanım!

- Xahiş edirəm, gözlərinizi belə dombaldıb baxmayın mənə. Onsuz yeni nəsə görməyəcəksiniz.

- Bax, bunda haqlısınız. Adınızı bilmək olar?

- Ölüm Ledisi.

- Ölüm Ledisi? Sirkdə işləyirsiniz, yoxsa kinoda?

- Heç birində.

- Harada doğulmusunuz?

- Elə də əhəmiyyətli deyil.

- Təvəllüdünüzü bilmək olar?

- Dərinə getməyin...

- Sadəcə sizin haqda nəsə məlumat almaq istəyirəm...

Fikrim onun ayaqlarında idi. Ayaqlar mənim üçün bədənin ən vacib üzvüdür. Doğularkən ilk gördüyüm ayaqlar oldu. Ayaqların arasından ciddi-cəhdlə sivişib çıxmağa çalışırdım. O vaxtdan ta bu günə kimi, başıma gələn hadisələr məni geriyə qayıtmağa, o ayaqların arasına qayıtmağa sürükləyir. Buna nail ola bilmədiyim üçün üzülürəm. 

Qadın əlini sağa-sola yelləyib dedi:

- Ayıl, ay bala, ayıl yuxudan!

- Nə? – gözlərimi onun ayaqlarından çəkib, başımı qaldırdım.

- Söhbət Selindən gedirdi. Xatırlayırsınız?

- Əlbəttə.

Qısqacı dümdüz əyib, ucunu ona tuşlayaraq dedim:

- Göstərdiyim xidmətin haqqı olaraq çeklə ödəniş etsəydiniz pis olmazdı.

- Əlbəttə. – O, gülümsədi: - Nə qədər götürürsünüz?

- Saatına altı dollar.

Qadın çek kitabçasını çıxartdı. Çeklərdən birinin üstünə nəsə cızma-qara etdi, qoparıb mən tərəfə atdı. Çek stolun üstündə düşdü. Götürdüm. İki yüz qırx dollar yazmışdı. Bu qədər pulu 1988-ci ildə Hollivud Parkındakı qumarxanada xeyli pul udandan üzü bəri görməmişdim.

- Təşəkkür, Ledi...

- Ölüm Ledisi... – o, düzəliş etdi.

- Hə, Ölüm Ledisi... – mən dedim. – İndiysə bu Selin haqqında mümkün qədər ətraflı məlumat verərdiniz. Bayaq deyəsən hansısa kitab mağazasından danışırdınız.

- O, Red Koldovskinin mağazasında veyllənirdi. Satışda olan kitabları vərəqləyirdi... Uilyam Folkner, Karson Makkalers, Çarlz Menson barəsində mağaza satıcısına suallar ünvanlayırdı...

- Kitab mağazasında veyllənir? Hmm...

- Hə, - o, dedi, - Siz Red Koldovskini tanıyırsınız, camaatı mağazadan qovmağı sevir. Əgər kimsə onun mağazasında min dollar xərc çəkərək çoxlu-çoxlu kitablar alıb, əlavə olaraq da bir neçə dəqiqə qalsa, Red deyəcək: "Bəlkə cəhənnəm olub gedəsən?!”. Red yaxşı adamdır, amma dəli kimidir. Qısası, Selin hər dəfə kitab mağazasına gələndə, Red onu iti qovan kimi qovur. O da "Musso” barına gedib, masa arxasında kədərli görkəmdə oturur. Üstündən iki-üç gün keçir. Yenə kitab mağazasına gəlir. Yenə hər şey təkrarlanır. 

- İndi 1993-cü ildi. Selin və Heminquey isə, hər ikisi 32 il əvvəl ölüblər. Selin 1 iyulda, Heminquey isə ondan bir gün sonra, 2 iyulda ölüb. 

- Heminqueyi tanıyıram. Bizdə qalır.

- O adamın Heminquey olmasına əminsiniz?

- Əlbəttə.

- Bəs onda Red Koldovskinin kitab mağazasına gələn adamın Selin olması haqda niyə eyni əminliklə danışmırsınız?

- Bilmirəm. Onunla bağlı nəsə şübhəciləm. Heç zaman belə olmamışdı. Bəlkə bu biznesdə çoxdan olmağımdan irəli gəlir. İndi də sizdəyəm. Barton sizi yaman tərifləyir, deyir çox yaxşı dedektivdi.

- Siz də elə düşünürsünüz ki, əsl Selin sağdı? Sizə Selin lazımdı?

- Lazımdı, ay bala, yaman lazımdı.

- Adım Bileyndir. Nik Bileyn.

- Lap yaxşı, Bileyn. Mən hər şeyi təfərrüatına kimi bilməliyəm. Həqiqətən bu Selin kimdir, nəçidir, bəlkə başdanxarabın birisidir? O qədər Selin var ki...

- Mən mütləq tapacam.

- Onda elə bu gündən işə başlayın. Mənə Fransanın ən gözəl yazıçısı lazımdır. Bilsəz nə qədər gözləmişəm onu...

Qadın ayağa qalxıb cəhənnəm oldu. Həyatımda heç zaman belə göt görməmişdim. Söznən ifadə etmək mümkünsüzdür. Məni narahat etməyin. Qoy onu bir az da xatırlayım.

3

Ertəsi gün, Palm-Sprinqs şəhərində Ticarət Palatası qarşısında edəcəyim çıxışı təxirə saldım. 

Yağış yağırdı. Tavan damırdı. DAM, DAM, DAMBADURUM, DUM, DUM, DUMBADURUM, DAM, DAM, DAMBADURUM, DUM, DUM, DUMBADURUM, DAM, DAM, DAM...

Yaponların sevimli içkisi olan Sakedən vura-vura qızmağa çalışırdım. Amma içki heç təsir etmirdi. Bədənim qızmırdı. 55 yaşım var amma damcıların altına qoymağa bir "qorşok”um da yoxdu. Atam məni həmişə xəbərdar edərdi: "Oğlum, bilirsənmi sənin axırın necə olacaq? Arkanzasda özgə bir evin artırmasında kəfləmə vurmaqla qurtaracaqsan”. Düzdü, indi Arkanzasda deyiləm. Amma ora getməyə hələ vaxtım var. Arkanzasa hər gün avtobuslar gedir. Sadəcə o avtobuslara minəndə qəbizliyim tutur. Hər dəfə də hansısa iylənmiş bir saqqallı qoca xoruldayıb beynimi xarab eləməsə olmaz. Yaxşısı budur Selinin işi üzrə araşdırma aparım.

Söhbət Lui-Ferdinand Selindən gedir, yoxsa başqa bir Selindən? Hərdən mənə belə gəlir, heç bilmirəm özüm kiməm. Yaxşı, mən Nik Bileynəm. Bu dəqiqdir. 

Kimsə çığıracaq: "Ey, Harri! Harri Martel!” Mənsə hay verəcəm: "Eşidirəm, nolub?” Yəni istənilən adamın yerində ola bilərəm. Nə fərqi var? Mənim adım sizə nə deyir?

Həyat çox qəribədir, deyilmi? Həmişə beysbol komandasına məni son anda daxil edirdilər. Denver stadionunda, qotur beysbol topuylu onları əzişdirəcəyimi yaxşı bilirdilər. Paxıl heyvanlar!

Mən istedadlıydım. Elə indi də istedadlıyam. Hərdən barmaqlarıma baxıb, peşəkar pionist və ya başqa bir sənətin sahibi ola biləcəyimi düşünürdüm. Bəs əllərim nəylə məşğuluydu? Nəylə məşğul olacaq ki?! Daşşaq qaşımaqla, qəbz yazmaqla, məxfi adları açmaqla, unitazın suyunu buraxmaqla və sair bu kimi zadlarla. Hədər yerə sərf etdim əllərimi. Beynimi də həmçinin. Tavandan daman yağış damcılarının altında oturmuşdum.

Telefon zəng çaldı. Yağış damcılarıyla naxışlanmış telefon dəstəyini Vergilər İdarəsinin vaxtı keçmiş quru bildiriş vərəqəsiylə silib, dəstəyi qaldırdım.

- Nik Bileyn eşidir, - mən dedim. Güya Harri Martel desəydim nolacaqdı?!

- Sizinlə danışan Con Bartondur, - dəstəyin o başındakı adam özünü təqdim etdi.

- Hə, siz məni bir qadına tərif etmişdiniz. Təşəkkür edirəm.

- Mən sizi müşahidə edirdim. Sizin istedadınız var. Özünüzü çərçivəyə salmırsınız. Bunun da öz gözəlliyi var.

- Bu sözlərinizi eşitmək xoşdur. İşlər pis gedir.

- Sizi müşahidə edirdim. Hər şey yoluna düşəcək, sadəcə dözümlü olmaq lazımdır.

- Düz deyirsiniz. Sizə nə köməyim dəyə bilər, cənab Barton?

- Mən Qırmızı Sərçəni axtarıram.

- Qırmızı Sərçə? Bu nə quşdur belə?

- Mən belə quşun mövcudluğuna şübhə etmirəm. Sadəcə o quşu tapmaq lazımdır. İstərdim ki, siz tapasınız.

- Müəyyən ipucları varmı?

- Yox, yoxdur. Amma Qırmızı Sərçənin haradasa oralarda olmasına əminəm.

- Bu Sərçənin adı var, ya yox?

- Hansı mənada deyirsiniz?

- Necə adlandığını bilmək istəyirəm. Məsələn, Henri. Və ya Abner. Ya da Selin?

- Yox, mənim dediyim sadəcə, Qırmızı Sərçədir. Bu quşu tapacağınıza şübhə etmirəm. Sizə inanıram.

- Cənab Barton, bu sizə baha başa oturacaq.

- Əgər Qırmızı Sərçəni tapsanız, həyatımın sonuna kimi, hər ay sizə 100 dollar ödəyəcəm.

- Hmm... Qulaq asın, bəlkə pulun hamısını qabaqcadan verəsiniz?

- Yox, Nik, hamısını versəm, at yarışlarında xərcləyəcəksiniz.

- Oldu, cənab Barton. Telefon nömrənizi verin, bu işlə məşğul olacam.

Barton nömrəsini verib dedi:

- Sizə çox ümidliyəm, Bileyn. – və dəstəyi asdı. 

İşim yavaş-yavaş yoluna düşürdü. Tavan yağış damcılarını daha gur axıdırdı. Bədənimə qonmuş yağış damcılarını üstümdən çırpdım. Sakeni açdım. Damağıma bir siqaret qoyub yandırdım. Tüstünü içimə çəkərkən öskürdüm. Qəhvəyi yumru şlyapamı başıma qoydum. Telefonun avtomat cavabçısını işə saldım. Üzgün addımlarla qapıya yaxınlaşıb, qapını açdım... Makkelvi qapının ağzını kəsdirmişdi. Geniş sinəsi vardı. Əynində pambıq kostyum.

- Evin icarə müddəti bitib, ay əclaf! – o, bağırdı. – Cəhənnəm ol!

Elə bu an onun qarnına diqqət kəsildim. Qarnı yumşaq pox-püsür yığınını xatırladırdı. Endirdiyim zərbə qarnının bataqlığında boğuldu. Şax qaməti əyildi. Yıxılıb, kənara yuvarlandı. İyrənc mənzərədir. Yaxınlaşıb portmanetini götürdüm. İçində övladlarının pornoqrafik pozalarda şəkilləri vardı. Belə yerdə, onu öldürməyəsən neyləyəsən?! Amma bunun əvəzinə, onun "Qızıl Viza” kartını götürdüm. Götünə bir təpik ilişdirib, liftlə düşdüm.

Red Koldovskinin kitab mağazasına piyada getmək qərarına gəldim. Çünki qadağan olunmuş yerdə maşın saxladığıma görə həmişə cərimə olunuram. Pullu dayanacaqlar cibimə görə deyil. 

Kefim olmayan bir vaxtda Redin yanına gedirdim. İnsan ölmək üçün doğulur. Bu cümlənin mahiyyəti bilirsinizmi nədir? Çərənləyə-çərənləyə ölümünü gözləyirsən. Hanısa "X” marşrutunu gözləyirsən. Las-Veqas mehmanxanasının bir nömrəsində yekədöş qadın gözləyirsən. Balığın danışmasını gözləyirsən. Xərçəngin fit çalmasını gözləyirsən. Laqqırtı vurursan. Gopa basırsan.

Red yerindəydi.

- Bəxtin gətirdi, - o, dedi, - bura gəlib özünün yeni kitablarıyla lovğalanan

 sərxoş Çinaskiylə yaxşı edib yollarını ayırdın.

- Bu öz yerində, - mən dedim. – səndə Folknerin "Mən ölən zaman” romanının imzalanmış nüsxəsi var?

- Əlbəttə.

- Neçəyədir?

- 2800 dollara.

- Alıb-almayacağım barədə düşünəcəm.

- Üzrlü hesab edin, - Red mənə cavab verib, Tomas Vulfun "Evə qayıdış yoxdur” romanının birinci nəşrini vərəqləyən adama tərəf çevrildi.

- Zəhmət olmasa, kitabı yerinə qoyun və burdan cəhənnəm olun!

Qəddi-qaməti əyilmiş, kövrək bədəni uçunmuş birisiydi. Əynində sarı rezin kostyum vardı. O, kitabı şkafa qoydu. Yanımızdan keçib qapıya istiqamət aldı. Ağlamalı vəziyyətə düşmüşdü. Yağış kəsmişdi. Sarı rezin kostyumun onu yağışdan müdafiə etməsinə artıq gərək qalmamışdı.

Red mənə baxdı. 

- İndi gör mən nə çəkirəm. Təsəvvürünə gətir, bəziləri hətta bura dondurma yalamağa gəlir!

- Bundan daha pisini təsəvvürümə gətirə bilərəm!

Elə bu an mağazanın ortasında daha bir adamı gördüm. Deyəsən onu şəkillərindən tanıyırdım. Selin. Selin?!

Asta addımlarla ona yaxınlaşdım. Tomas Mannın "Sehrli dağ” romanını oxuyurdu. Məni gördü.

- Bunu yazan adamın problemi var, - o, kitabı qaldırıb dedi.

- Nə problemi var? – mən soruşdum.

- Bu adam kədərlənməyi incəsənət hesab edir.

O, kitabı rəfə qoydu. Qarşımda dayanmışdı. Selinə oxşayırdı. Ona diqqətlə baxdım.

- Bu, inanılmazdır, - mən dedim.

- Nə inanılmazdır?

- Elə bilirdim, ölmüsünüz, - dedim.

Mənə baxıb cavab verdi.

- Mən də sizin kimi. Elə bilirdim siz də ölmüsünüz.

Qabaq-qənşər dayanıb bir-birimizin üzünə baxdıq.

Birdən Redin bağırtısını eşitdim.

- EY, SƏN! – o, çığırdı. – CƏHƏNNƏM OL BURDAN! Görəsən Red kimi nəzərdə tuturdu?! Məni, yoxsa mənnən söhbət edəni?

- Hansımız cəhənnəm olaq? – mən soruşdum.

- SELİNƏ OXŞAYAN ADAMI DEYİRƏM! CƏHƏNNƏM OL BURDAN!

- Niyə belə deyirsən, Red? – mən soruşdum.

- ONLARIN KİTAB ALMAYACAĞI O DƏYQƏ HİSS OLUNUR!

Özünü Selin kimi qələmə verən şəxs qapıdan çıxdı. Mən də onun ardıyca çıxdım. 

O, bulvara tərəf gedib, qəzet köşkünün qarşısında dayandı.

Bildiyim qədəriylə, bu qəzet köşkü çoxdandır burda var. Elə bu qəzet köşkünün həndəvərində iyirmi-otuz il əvvəl üç fahişəyə necə girişdiyimi xatırladım. O fahişələrin hamısını evə apardım. Onlardan birisi itimin alətini əlləşdirirdi. Bu, onlar üçün əyləncəliydi. Sərxoş idilər. Maldan vurmuşdular. Fahişələrdən biri vanna otağına getdi. Orda yerə sərildi. Başı unitazın qırağına dəyib yarıldı. Ətraf qana qərq oldu. Onun qanını yerdə qoymamaq üçün yaş dəsmalla silməyə başladım. Sonra onu yatağa uzatdım. Digər fahişə rəfiqələri çıxıb getdilər. Yatağımda uzanmış fahişə isə, dörd gün, dörd gecə bizdə qaldı. Şərqi Kanzas-Sitidə yaşayan iki övladı haqda çərənləyə-çərənləyə bütün pivələrimi içib qurtardı.

Özünü Selin kimi qələmə verən şəxs isə köşkün yanında durub jurnal oxuyurdu. Ona yaxınlaşarkən, gördüm "Nyu-Yorker” jurnalını oxuyur. Selin (?!) jurnalı yerinə qoyub mənə baxdı.

- Bu yazıçıların ancaq bir problemi var.

- O problem nədir elə?

- Bunlar yazmağı bacarmırlar. Heç birisi bacarmır.

Yanımızdan boş taksi keçirdi.

 - EY, TAKSİ!, - Selin qışqırdı.

Sürücü əyləcə basıb saxladı. Selin maşına tərəf qaçdı. Arxa qapını açıb içəri keçdi.

- EY! – mən qışqırdım. – SİZDƏN SORUŞMAQ İSTƏYİRDİM!....

Taksi Hollivud bulvarına götürüldü. Selin maşının pəncərəsindən boylanıb, mənə orta barmağını göstərdi. Maşın gözdən itdi.

Neçə illər ərzində, bu yerlərdə boş, sərnişinsiz taksini ilk dəfəydi görürdüm.

Yağış kəsmişdi. Di gəl, yağmasıyla gətirmiş olduğu kədəri aparmamışdı özüylə. Hava sərin idi. Yağışa düşüb islanmış adamlardan kimsə havanı korlamışdı.

Üşüdüyümdən başımı çiyinlərim arasına gizlədib, "Musso” barına yollandım. 

Üstümdə Makkelvidən yadigar qalmış "Qızıl Viza” kredit kartı vardı. Mən sağ idim. Hətta özümü Nik Bileyn kimi hiss etdim. Erik Koutsun melodiyasını zümzümə edə-edə gedirdim: "Nəyi necə qurmusan, bilmirsənmi sən?! Quran sənsən, qurduğuna bənzər cəhənnəm”.

4

Vebsterin lüğətinə baxdım. Lui-Ferdinand Selin, 1891-1961. İndi 1993-cü ildir. Demək, Selin həyatdadırsa, onda 102 yaşı olmalıdır. Elə buna görə də Ölüm Ledisinin onu axtarması təəccüblü deyil. 

Amma kitab mağazasında özünü Selin kimi qələmə verən şəxsin 40-50 arası yaşı olardı. Demək o adam Selin deyil. Yox əgər Selindirsə, demək qocalığa qalib gəlməyin çəmini tapıb. Heç uzağa getməyək, götürək elə kinoulduzları: Onlar götlərinin dərisini çıxarıb, bənizlərinə calaq edirlər. Uzaqbaşı göt dərisi qırışır. Son illər isə onlar bənizlərinin əvəzinə, götlərindən hamilə qalırlar. Selin buna gedərdimi? 102 il yaşamağa kimin həvəsi var? Ancaq dəlinin. Yaxşı, tutaq ki, Selinin bu qədər yaşamağa həvəsi var. Bəs onu bu qədər yaşamağa vadar edən, onda bu həvəsi doğuran nəydi? Bütün bunlar sanki dəlilikdir. Ölüm Ledisi dəlidir. Mən dəliyəm. Avialayner pilotları dəlidir. Heç zaman pilota baxmayın. Təyyarəyə qalxın və içki sifariş verin.

Mən iki milçəyin stolun üzərində həzin-həzin sevişməsinə baxırdım. Qərara gəldim ki, Ölüm Ledisinə zəng edim.

Şalvarımın qabağını bağlayıb, Ölüm Ledisinin dəstəyi qaldırmasını gözlədim. 

- Allo, - Ölüm Ledisinin səsini eşitdim.

- I-ı-ı-mm, - mən dedim.

- Nə? Hə, Bileyn, sizsiniz. İşlər necə gedir?

- Selin ölübdür. O, 1891-ci ildə doğulub.

- Bileyn, mən onun doğum tarixini yaxşı bilirəm. Qulaq asın, mən bilirəm ki, o, sağdır... hardasa... kitab mağazasına da gedə bilərdi. Siz araşdırma aparıb nəsə müəyyən edə bildinizmi? Selin mənə lazımdır. Çooox lazımdır.

- I-ı-ı-mm, - mən dedim.

- Miyançanızı bağlayın.

- Nə?

- Ay dəli, deyirəm şalvarının zəncirbəndini çək.

- Hə... Bir dəqiqə...

- Onun mövcud olub-olmaması barədə dəqiq məlumat lazımdır mənə. Mən sizə demişdim: onunla bağlı işim heç düz gətirmir. Psixoloji tormoz vəziyyətidir. Barton sizi məsləhət bildi. Sizin ən yaxşı dedektiv olduğunuzu dedi.

- Hə, yeri gəlmişkən, Barton özü də mənə bir iş tapşırıb. Qırmızı Sərçəni tapmağa çalışıram. Bu haqda sizin fikriniz nədir?

- Qulaq asın, Bileyn, əgər Selin barəsində işin üstünü açsanız, Qırmızı Sərçənin yerini sizə deyəcəm.

- Doğrudan, xanım? Mən sizin üçün hər şey edərəm!

- Məsələn nə edərdiniz?

- Məsələn, sevimli tarakanımı öldürərdim. Anam burda olsaydı, onu qayışla döyərdim...

- Bəsdirin çərənlədiniz! Artıq beynimə elə fikirlər gəlir ki, Barton sizi məsləhət görməklə, elə bil, məni ələ salıb. Yaxşısı budur işinizlə məşğul olun. Ya Selin barəsində işin üstünü açacaqsınız, ya da mən sizin dalınızca gələcəm.

- Xanım, bir dəqiqə.

Telefonu qırağa qoydum. Eh. Mənim ardımca gəlmək onun üçün problem deyil. İşim başımdan aşırdı. Gözüm bir neçə milçək gəzirdi, onları həyatdan məhrum etmək üçün. 

Qapı açıldı. Makkelvi idi. Bir topa pox-püsürü andıran kəmağıl birisiylə qarşımda durmuşdu. Makkelvi mənə baxıb, zibil topasına işarə edərək dedi:

- Bu Tommidir.

Tommi bulanıq gözlərini mənə zillədi.

- Çox şadam, - o, dedi.

Makkelvi istehzalı və qorxunc bir təbəssümlə mənə gülümsədi.

- Demək, Bileyn, mənə qarşı etdiyin hərəkətin bədəli olaraq, Tomminin bura gəlməsində bir məqsədi var. Səni qoğal kimi əzişdirərək, başıkəsik toyuq kimi qan içində ora-bura vurnuxmağın istiqamətində uğurlu əməliyyat tədbiri keçirtmək. Eləmi, Tommi?

- Elədir ki, var, - Tommi təsdiqlədi.

Belə baxanda, Tomminin 170 kiloqram çəkisi olardı. Amma bədənindəki tükləri qırxası olsaq, 160 kiloqram demək olar. Ona çox nəzakətlə gülümsədim.

- Qulaq as, Tommi, sən məni tanımırsan, düzdü?

- Aha.

- Bəs onda niyə məni döymək istəyirsən?

- Cənab Makkelvinin əmri belədir.

- Tommi, bəs bu cənab Makkelvi sidiyini içməyi əmr etsə, içəcəksən?

- Mənim adamımın fikrini yayındırma! – Makkelvi dedi.

- Tommi, bəs bu cənab Makkelvi sənə əmr etsə ki, ananın nəcisini ye, sən durub ananın nəcisini yeyəcəksən?

- Nə?

- Bileyn, sox içinə, burda mən göstəriş verirəm!

Makkelvi üzünü Tommiyə çevirib əmr etdi.

- Haydı, qoçum, döyüş zamanı gəldi. Bu adamı köhnə qəzet parçası kimi cırıq-cırıq elə, tikə-tikə doğra. Anladınmı, qoçum?

- Anladım, Cənab Makkelvi.

- Bəs onda nəyi gözləyirsən? Tomas Murun sözü olmasın, yayın son qızılgülünü gözləyirsən?

Stolun siyirməsindən lüger tapançasını çıxarıb, lüləsini pəzəvəngə tərəf yönəltdim. 

- Dayan, Tomas, əgər dayanmasan, stenford komandasının bütün futbolkalarındakı qırmızı rənglərin birliyi, burda tökülən qanın yanında heçnə olacaq!

- Bura bax, - cənab Makkelvi dedi, - bu tapançanı hardan tapmısan?

- Tapançasız dedektiv, prezervativsiz pişik və ya əqrəbsiz saata bənzər. 

- Bileyn, - Makkelvi dedi, - boş-boş çərənləmə.

- Bunu səndən əvvəl də mənə bir qadın demişdi. İndiysə, özünlə gətirdiyin bu pəzəvəngə denən at kimi kişnəməyini kəssin, yoxsa qoyun kimi mələdəcəm onu!

- Tommi, - Makkelvi dedi, - Geri qayıt, gəl mənim yanımda dur.

Tommi Makkelvinin əmrinə tabe oldu. İndi onunla necə rəftar edəcəyimi müəyyən etmək lazımıydı. Bu, sadə məsələ deyildi. Oksfordda təhsil alarkən, mənə təqaüd ödəmirdilər. 

Biologiya dərsi başlarkən, yatıb qalırdım. Riyaziyyatda elə bir fərq yoxuydu. Amma tale belə gətirib ki, hələ də sağam. Deyəsən, sağam. Onların qabağına "tuz” qoymağı bacardım. Hərəkət növbəsi məndəydi. Ya indi, ya da heç zaman. Sentyabr yaxınlaşırdı. Qarğalar qanadlarını bir-birinə çırpıb, qarıldaya-qarıldaya məsləhətləşirdilər. Gecənin zülmət qaranlığı günəşin qanlı şəfəqlərini söndürürdü. 

- Hə, Tommi, - mən dedim, - ayaqlar və əllər yerə! Cəld!

Bu heyvərə ya məni eşitmirdi, ya da özünü eşitməzliyə vurmuşdu.

Makkelvinin gözlərinin içinə baxaraq, acı-acı gülümsəyib, tapançanın qoruyucusunu açdım.

Tommi axmağın birisiydi. Amma düşündüyünüz qədər də axmaq deyildi. O, uşaq kimi iməkləyə-iməkləyə çıxmaq istərkən, 5,9 bal gücündə olan zəlzələnin təsirindən dağdan qopmuş qaya parçası kimi yumalana-yumalana altıncı mərtəbədən dambadurum aşağı düşdü. Tommi məşhur sürrealist rəssam Salvador Dalinin "Yumşaq Saat” rəsm əsərindəki ərimiş saatlar kimi, döşəməyə yapışmışdı. Böyük Kanyon kimi aşağıdan mənə baxırdı.

- Tommi, indiysə sən fil olacaqsan, Makkelvi isə fil otaran çodar olacaq!

- Nə? – Tommi dedi.

Makkelviyə baxdım.

- Tez ol, Makkelvi, filin belinə dırmaş!

- Bileyn, sən dəlisən?

- Bilmək olmaz. Kimin üçünsə dəlilikdir, kimin üçünsə fərqlilik. Dəlilik nisbidir.

- Sənə sözüm yoxdur, - Makkelvi dedi.

- Dırmaş görüm!

- Eee, yaxşı, yaxşı. İcarə pulunu gecikdirənlərlə aramda heç vaxt belə xoşagəlməz hadisələr olmamışdı. Birinci dəfədir.

- Oğraş, demirəm dırmaş?!

Makkelvi Tomminin belinə dırmaşdı. Amma ayaqlarını sallamaqda çətinlik çəkdi. Fil az qalmışdı, ikiyə parçalansın.

- Yaxşı, yaxşı, kifayətdir, - mən dedim. – İndiysə, Tommi, sən fil olduğun üçün, Makkelvini belində liftə aparacaqsan. Haydı səyahətə!

Tommi kabinetdən iməkləyə-iməkləyə çıxdı.

- Bileyn, - Makkelvi yalvardı, - özüm sənə pul verəcəm. Anamın qasığına and içirəm!

- Hünərin var bir də artıq-əskik hərəkət elə! Sən öl, şeyini kəsib, zibil borusuna tıxayacam!

Kabinetin qapısını açdım. Makkelvini belində daşıyan Tommi sürünə-sürünə kabinetdən çıxdı. 

Pilləkənlərlə endi. Mənsə tapançanı cibimə soxarkən hansısa vərəqi əzişdirdim. Tapançanı çıxartdım. Bu kağız-kuğuz nəqliyyat vasitəsini idarə etmək hüququnu verən sürücülük vəsiqəsini almaq üçün verdiyim nəzəri imtahanın cavabları idi. Bütün cavablar qırmızılanmışdı. İmtahandan kəsilmişdim. Bu rəsmi kağız-kuğuzu arxaya tullayıb, mal-qara otaran dostlarımın dalıyca getdim. 

Liftə çatdıq. Düyməni basıb lifti çağırdım.

Liftin qalxmasını gözlədiyimiz müddətdə, Jorj Bizenin "Karmen” operasından bir melodiyanı zümzümə etdim. Hardasa uzaq keçmişdə Cimm Foksun zir-zibilli mehmanxanalardan birinin nömrəsində ölməsi haqda xəbəri qəzetlərdən birinin manşetindən oxuduğumu xatırladım. Bu cür beysbolçu olasan, amma bit-birə basmış bir yerdə öləsən.

Nəhayət lift gəlib çıxdı. Qapıları açıldı. Temminin dalına bir təpik ilişdirib, öz yüküynən birlikdə liftin kabinəsinə saldım. Kabinədə üç nəfər vardı. Qəzet oxuyurdular. Lift aşağı şütüməyə başladı.

Mənsə pilləkənlərlə düşdüm. On beş kiloqram çəki artıqlığından əziyyət çəkirdim. Artıq qalan piylərimi əritməyə ehtiyacım vardı.

Yol ölçürmüş kimi, 176 pilləkan sayıb birinci mərtəbəyə çatdım. Tütün köşkünə yaxınlaşıb, bir qutu siqaret və "At Yarışları Proqramı”nı aldım. Lift enirdi. 

Küçədə işin öhdəsindən gələcəyim barədə özümü toxtatdım. Mavi gözlərim var. Ayaqqabılarım köhnəlib. Məni heç kim sevmir. Amma məni məsuliyyətli bir iş gözləyirdi. Özəl dedektiv Nik Bileyn bu işin öhdəsindən gəlməliydi.

5

Təəssüf ki, həmən gün məni nəsə at yarışlarına çəkdi. Axşam da xeyli içdim. Amma vaxtımı hədər yerə sərf etmirdim. Düşünürdüm, daşınırdım, faktları təhlil edib araşdırırdım. Hər şey mənim öz əlimdəydi. İstənilən an başsındıran işin üstünü aça bilərdim. Bu dəqiqiydi.

6

Ertəsi gün özümdə cürət tapıb kabinetə qayıtdım. Adama deməzlərmi, sən necə dedektivsən, heç kabinetin də yoxdur?!

Qapını açıb kimi görsəm yaxşıdır? Yox, Selin deyildi. Heç Qırmızı Sərçə də deyildi. Makkelvi idi. Dünən onu necə sındırdığımı saxta təbəssümüylə gizlətməyə çalışırdı. Əttökən mənzərəydi.

- Sabahın xeyir, Bileyn, daşşağını yeyim, necəsən, hal-əhval?

- Yemək istəyirsən?

- Yox, təşəkkür edirəm, payın artıq olsun.

Makkelvi daşşağını qaşıyıb əsnədi.

- Sənə şad xəbərim var. Sənin qarşıdakı bir il üçün bütün icarə xərclərin çox humanist bir xeyriyyəçi tərəfindən əvvəlcədən ödənilib. Adının çəkilməsini istəmir.

İntuisiyam mənə dedi: Ölüm Ledisi səninlə oyun oynayır, Nik Bileyn.

- Kimsə tanıdıqlarımdan ödəyib pulu? – soruşdum.

- Anamın canıyçün, bu haqda heç kimə heç nə deməyəcəyimə söz vermişəm.

- Ananın canıyçün?! Sənin anan qazların tütəyini, istənilən quşbazdan daha çox əlləşdirib!

Makkelvi ayağa qalxdı.

- Əgər çirkli vedrəni başına keçirməyimi istəmirsənsə, onda özünü ələ al, - mən dedim.

- Ana-bacı söhbəti eləməyin ləzzət eləmir.

- Nolub axı?! Sənin anana şəhərin yarısı dırmaşıb.

Makkelvi masanı fırlanaraq, mənə tərəf yaxınlaşdı.

- Bir addım da atsan, başını unitaza salacam.

O, dayandı. Məni əsəbiləşdirəndə çox gərgin oluram.

- Yaxşı, - dedim, - gəl mətləbə keçək. Mənim əvəzimə pulu ödəyən qadın xeyriyyəçidir, eləmi?

- Hə. Hə. Heç zaman belə gözəl qadın görməmişdim!

Makkelvinin gözlərində qığılcım çaxdı. Belə götürəndə, gözləri həmişə alışıb-yanırdı.

- Hə, Mak, ətraflı danış görək...

- Danışa bilmərəm. Söz vermişəm. Anamın canıyçün.

- Tfu sənin üzünə, – mən dedim. İndi ki icarə pulunu ödəyiblər, çıx get burdan.

Makkelvi ayaqları bir-birinə dolaşa-dolaşa qapıya tərəf getdi. Çiyni üstündən mənə boylanıb dedi:

- Yaxşı, mən getdim. Amma buranı təmiz saxla. Heç bir əyləncə gecəsi, heç bir qumar, heç bir cəfəngiyyat olmasın burda. Bir il pul ödəməyəcəksən.

O, qapını açıb, gözdən itdi.

7

Budur, indi mən yenə öz kabinetimdəyəm. Telefonun dəstəyini qaldırıb, bukmekerimin nömrəsini yığdım.

- "Pitsa – birbaşa evinizə” şirkətinin işçisi Toni sizin xidmətinizdədir, - o, dedi.

Mən kod adımı dedim.

- Səninlə danışan Cənab Ölümdür.

- Bileyn, - o, dedi, - sənin 475 dollar borcun var. Qaytarmasan, pul qoya bilməyəcəksən.

- 25 dollar qoyaram, bu da mənə bir az qazanc gətirər. Uduzsam, bütün pulları qaytaracam. Anamın canıyçün.

- Bileyn, sənin ananın 230 dollar borcu var.

- Eləmi? Sənin üzündəki ziyilin isə göt qədər borcu var!

- Nəə? Bileyn, bunu sən dedin?!..

- Yox, Yox. Başqası dedi. Bir nəfər mənə dedi.

- Onda yaxşı.

- Yaxşı, yaz: At yarışının altıncı mərhələsi üçün Ağ Kəpənəyə 25 dollar qoyuram.

- Qəbul olundu. Uğurlar. Yaxşı ki bu Ağ Kəpənəyi yada saldın. Yoxsa səni unutmuşdu.

Mən dəstəyi asdım. Mıxa keçmişik. Doğulan hər bir insan torpağın hər qarışı uğrunda vuruşmaq, mübarizə aparmaq, ölmək üçün doğulur.

Bu barədə bir xeyli düşündüm. Siqareti yandırıb, damağıma qoydum. Başımı arxaya çəkdim. Siqaret tüstüsünü havaya üfürüb, üzük formasında halqa-halqa naxışlar yaratdım.

8

İkinci səhər yeməyini yedim, kabinetə qayıtmaq qərarına gəldim. Qapını açdım. Kimsə mənim stulumda əyləşmişdi. Onu tanımırdım. Adamlar mənim stuluma göz dikməyi xoşlayırlar.

Stulda əyləşən adamın yanında bir adam da vardı. Ayaq üstə durmuşdu. Hər ikisi sakit idi. Amma donuq, ifadəsiz simaları xoş təsir bağışlamırdı. 

- Mənim adım Dantedir, - stulda əyləşən dedi.

- Mən adım isə Fantedir, - ayaq üstə duran dedi.

Mənsə heç nə demədim. Heç nə anlamırdım. Ruhum bədənimdə gəzişib tavana uçdu.

- Bizi Toni göndərib, - stulda əyləşən dedi.

- Tonini tanımıram. Cənablar, əgər siz Tonini axtarırsınızsa, onda ünvanı səhv salmısınız.

- Keçək mətləbə, - ayaq üstə duran dedi.

Dante davam etdi:

- Ağ Kəpənək kişnəyib şahə qalxdı, yəhərdən yıxılmamaq üçün onun boynunu qucuqlayan jokeyi yerə atdı, - Fante dedi.

- Siz zarafat edirsiniz.

- Zarafat etmirəm. 

- Mənə inanmırsansa, Ağ Kəpənəyin qaldırdığı tozanaqdan soruş.

- Sənin Ağ Kəpənəyin güclülərlə yarışda uduzdu, - Dante dedi.

- Buna görə də Toni deyir ki, sən bizə pul borclusan, - Fante dedi.

- Həə, pulu deyirsiniz, burda olmalıdır...

Masaya tərəf getdim.

- Tərpənmə, ay axmaq, - Dante güldü. – Biz sənin silahını müsadirə etmişik. 

Mən geri çəkildim.

- Toninin borcunu qaytarmalısan. Sonra demə ki, niyə mənə rahat nəfəs almağa imkan vermirlər.

- Üç gün vaxt verin...

- Üç dəqiqə vaxtın var, - Dante dedi.

- Axı niyə?! – mən soruşdum. – Uşaqlar, siz niyə növbəynən danışırsınız? Gah Dante danışır, gah Fante danışır, gah bu danışır, gah o danışır. Bəlkə bitirəsiniz?

- Biz indi səni bitirəcəyik, - onlar xorla cavab verdilər. 

- Xorla cavab verməyiniz pis alınmadı. – Duet xoşuma gəlir, - mən dedim.

- Sox içinə, - Dante dedi. Siqaret yandırıb, damağına qoydu. – Hə, deyəsən alışqan üstümdə deyil. Ay gicbəsər, bura gəl görüm. Gəl alışqan ver.

- "Gicbəsər”?! Sən özün-özünlə danışırdın?

- Ay gicbəsər, səninləyəm! Alışqanı ver! Cəld ol!

Alışqanımı axtardım. Götürüb ona yaxınlaşdım. Həyatımda gördüyüm ən iyrənc sifətli adamın qarşısında dayandım. Alışqanı şaqqıldadıb onun siqaretini yandırdım.

- Sən ağıllı uşaqsan axı, - Dante dedi, - bax, indi ağzımdakı siqareti götürüb alışan ucunu dilinə sox. Desəm, çıxart, çıxardarsan, deməsəm də saxlayarsan.

- Başqa yol yoxdur? – mən soruşdum.

- Yox, - Fante dedi, - Biz sənin dilində elə abadlıq-quruculuq işləri aparacağıq ki, Disneylendin elfləri gəlib sənin dilində rəqs edəcəklər.

- Bir dəqiqə...

- 15 saniyə vaxtın var, - Dante dedi və saniyəölçəni çıxarıb işə saldı. – Geriyə sayım başladı. 14, 13, 12, 11...

- Siz ciddisiniz?

- ...10, 9, 8, 7, 6, 5, 4, 3...

Tapança qoruyucusunun şaqqıldısını eşitdim. Siqareti Dantenin ağzından götürüb, alışan ucunu ağzıma soxdum. Ağzımdakı tüpürcəkləri artıraraq, dilimi mümkün qədər siqaretin alışan ucundan kənara çəkməyə çalışırdım. Amma hədər yerə. Dilim nəyi var yandı. Dilim-dilim olasan, dilim. AĞRIDIR!!! Bu çox alçaq hərəkət idi! Öskürərkən özümdən asılı olmayaraq siqareti yerə tüpürdüm.

- Ay səni dəcəl! – Dante dedi. – Sənə dedim axı, çıxart desəm, çıxardarsan, deməsəm də saxlayarsan. İndi hər şeyi yenidən başlamalı olacaqsan.

- Əclaf!, - mən dedim. – Öldür məni!

- Yaxşı, - Dante dedi.

Elə bu anda qapı açıldı və içəri Ölüm Ledisi daxil oldu. Əynidə elə gözəl əlbisə vardı! Alışan dilimi unudacaqdım.

- Bəh-bəh, - Dante dedi, - öldür məni, ey mələk, gözəllikmi olar bu qədər?! Bileyn, sən bu qadını tanıyırsan?

- Bir dəfə görüşmüşük.

Ölüm Ledisi kresloya yaxınlaşıb əyləşdi. Ayağını ayağının üstünə aşırdarkən, yubkası bir az da yuxarı sürüşdü. Ayaqlarının gözəlliyi bizi kor edəcəkdi. Halbuki mən bu ayaqları Dantedən də, Fantedən də əvvəl, artıq bir dəfə görmüşdüm. 

- Bu təlxəklər kimdir belə? – Ölüm Ledisi məndən soruşdu.

- Toni adında bir nəfərin agentləridir.

- Sənin müştərin mənəm, ya onlar? Qov onları burdan.

- Hə, uşaqlar, getmək vaxtınız gəldi, - mən dedim.

- Deməzsən ki aldatdın? – Dante dedi.

- Deməzsən ki aldatdın? – Fante dedi.

Hələ bunun da ardıyca həyasız-həyasız hırıldadılar. Sonra dayandılar.

- Səndən yaxşı gülüş aktyoru çıxar, - Fante dedi.

- Düz deyirsən, - Dante onun sözlərini təsdiqlədi.

- Yaxşı, Bileyn, mən indi bunları necə lazımdır yola salacam, - Ölüm Ledisi dedi.

Bu gözəl qadın Danteyə baxmaqdaykən, Dante ilan kimi qıvrılıb, kreslodan sürüşdü. Bənizi solğunlaşdı.

- Oh, - o, dedi, - özümü pis hiss edirəm.

Dantenin sifətinə meyid rəngi çökdü. Payız yarpağı kimi rəngi sapsarı saraldı.

- Halım pisdir, - o, dedi, - ah, ölürəm...

- Yəqin yediyin balıq çubuğunun təsirindəndir, - Fante dedi.

- Bilmirəm, balıq çubuğudur, yoxsa dirijor çubuğudur, bir onu bilirəm ki, burdan cəhənnəm olmalıyıq! Mənə həkim-zad lazımdır...

Sonra Ölüm Ledisi Fanteyə baxdı. Fante dedi:

- Başım gicəllənir... Noldu mənə belə?!.. Sayrışan işıqlar… Havaya qalxan raketlər... Mən hardayam belə?!

Fante qapıya tərəf getdi. Dante də onun arxasıyca. Onlar qapını açıb, liftə qaçdılar. Onların necə getməsinə baxmaq istəyərkən, liftin qapısı bağlandı. 

Onlar dəhşət görünürdülər. Söznən ifadə etmək mümkün deyil.

Otağa qayıtdım.

- Təşəkkür edirəm, - mən dedim, - siz məni vəziyyətdən çıxartdınız.

Ətrafa baxdım. Ölüm Ledisi gözümə dəymədi. Stolun altına baxdım. Heç kim yoxdu. Vanna otağına baxdım. Heç kim yoxdu. Pəncərəni açıb, küçəyə baxdım. Heç kim yoxdu. Ora baxdım, bura baxdım, Ölüm Ledisini tapmadım. Heç olmasa sağollaşardı. Amma onun gəlişi, hər halda, mənim üçün xoş oldu. 

Yenə masa arxasına keçdim. Dəstəyi qaldırıb, Toninin nömrəsini yığdım.

- Eşidirəm? – o, dedi. – Danışan kimdir?

- Toni, mənəm, Cənab Ölüm.

- Nə?! Borcunu qaytarmamağın bəs deyil, hələ bir danışmağa dilin də var?!

- Dilim də var, dilçəyim də. Hələ özümü bu qədər yaxşı hiss etməmişdim.

- Anlamıram, sən hansı haqla cürət edib....

- Toni, sənin uşaqların mənim kabinetimə gəlmişdilər...

- Hə, necə oldu?!

- Bu dəfə yaxşı qurtardılar. Gələn səfər onları bir də göndərsən, canlarını qurtara bilməyəcəklər.

Telefon dəstəyindən Toninin ağır-ağır nəfəs almasını eşidirdim. Düşdüyü vəziyyətdən utanırmış kimi nəfəs alırdı. Sonra uşaq kimi dəstəyi asdı.

Stolun sol tərəfindəki aşağı siyirmədən bir şüşə şotland viskisi çıxartdım. Tıxacını açıb, başıma çəkdim. 

İndi kimin hünəri var Nik Bileynə artıq-əskik söz desin?! 

Tıcacı içki şüşəsinin başına keçirib, siyirməyə qoydum. İndi nə edim görəsən. İşini yaxşı bilən dedektiv işsiz qalmaz. Bunun təsdiqini kinoda tapmısınız.

9

Qapı döyüldü. Kimsə qapını elə bərk çırpırdı, sanki açmağımı israrla tələb edirdi. 

Arifə bir işarə yetər. Həmişə qapının taqqıltısını dinləyib, açıb-açmayacağıma qərar verirəm.

Bu qapı taqqıltısı isə dəhşət qorxulu deyildi.

- Keçin içəri, - mən dedim.

Qapı açıldı. Qarşımda duran kişinin əllidən yuxarı yaşı olardı. Bir qədər varlı, bir qədər əsəbi adama oxşayırdı. Yekə ayaqları vardı. Alnının sol hissəsində ziyil parlayırdı. Qonur gözləri vardı. Boğazına qalstuk bağlamışdı. İki avtomobili, iki evi, hovuzu var. Birjada oynayır. Axmağın birisidir. 

O, donuq baxışlarla mənə baxıb, azacıq tərlədi.

- Əyləşin, - mən dedim.

- Mən Cek Bassam, - o, özünü təqdim etdi, - məncə...

- Bilirəm.

- Nəyi bilirsiniz?

- Arvadınızın xəyanətindən şübhələnirsiniz.

- Haqlısınız.

- Arvadınızın 20 neçəsə yaşı var.

- Xəyanət etdiyinə əmin olmağım üçün əlimdə dəlil-sübut olmalıdır. Yalnız bundan sonra boşana bilərəm.

- Bütün bu çabalar nəyə lazım, Bass? Boşanın, vəssalam da.

- Əlimdə sübut olmalıdır ki, o... 

- Tüpürün getsin işinin dalıyca. Elə ya belə, fərqi nə?! Onsuz da arvadınız özünə çatacaq pulları alacaq. İndi başqa bir zəmanədir. Yeni Erada yaşayırıq.

- Bununla nə demək istəyirsiniz?

- İndi iddiasız boşanma adını qoyublar. Yəni kim nə qələt edib fərqi yoxdur.

- Necə anlayaq bunu?

- Məhkəmənin icrasını sürətləndirirlər. Məhkəmə qarğa bazarı deyil ki?!

- Belə məhkəmə olar?!

- Onların düşüncəsinə görə, məhkəmə elə belə də olmalıdır.

Bass kresloda əyləşib, dərin-dərin nəfəs alaraq, mənə baxırdı. İşim-gücüm qurtarıb, gör kimə ilişmişəm. Selinin işində kələfin ucu itib, Qırmızı Sərçəni axtarmalıyam, bu axmaq isə arvadının haradasa kiminsə tərəfindən qayırılmasından narahatdır. 

Axır ki bu adamın dilindən bir kəlmə çıxdı.

- Sadəcə, mən aydınlaşdırmaq istəyirəm. Özüm üçün aydınlaşdırmaq istəyirəm.

- Bu iş sizə baha başa oturacaq.

- Neçəyə?

- Saatına altı dollar.

- Məncə elə də böyük məbləğ deyil.

- Mənim fikrimcə, cibinizə uyğun məbləğdir. Arvadınızın şəkilləri var?

O, əlini portmanetinə soxdu. Şəkli çıxarıb, mənə verdi. Şəklə baxdım.

- Bəh-bəh! Həyatda da, şəkildəki kimi gözəldir?

- Hə.

- Elə onun adicə bir baxışından mənimki durur.

- Bu nə sözdür deyirsiniz?!

- Üzr istəyirəm... Amma şəkil məndə qalacaq. Qurtaran kimi, şəkli qaytaracam. 

Şəkli portmanetimə qoydum.

- Hələ də arvadınızla birlikdə yaşayırsınız?

- Hə.

- Yəqin işə gedirsiniz?

- Hə.

- Onda belə çıxır, arvadınız...

- Hə.

- Bəs sizi belə düşünməyə vadar edən nədir? Nədən sizə elə gəlir ki, siz işə gedən kimi arvadınız...

- Telefon zəngləri, özünü qəribə aparması, daxilimdəki səslərin həyəcan təbili çalması və.s bu kimi halları xəyanət əlamətləri kimi qiymətləndirirəm.

Bloknotumu çıxarıb, ona uzatdım.

- Həm evinizin, həm də iş yerinizin ünvanını, telefon nömrəsini yazın. Elə bundan başlayacam. Arxasından yapışacam. Açacam.

- Nə?!

- Tapşırdığınız işin dalından gedəcəm ki, nəticəsi yaxşı olsun, cənab Bass. Onun tacqoyma mərasimi haqda sizi xəbərdar edəcəm.

- Tacqoyma? – o, sözümü sual edib özümə qaytardı. – Qulaq asın, siz özünüzü yaxşı hiss edirsiniz?

- Pozğun deyiləm. Bəs siz?

- Elə mən də.

- Onda narahat olmayın. Əsl sizə lazım olan adamam. Onun dalından yapışacam!

Bass ehmalca kreslodan qalxdı. Qapıya tərəf getdi. Çevrilib dedi:

- Sizi Barton məsləhət gördü.

- Aha, yenə bu Barton! Yaxşı yol, cənab Brass.

Qapını örtüb getdi. Bartona halaldır. Mən Bassın arvadının şəklini portmanetimdən çıxarıb baxdım. Ay qancıq, ay qancıq.

Ayağa qalxıb, qapını örtdüm. Telefon dəstəyini qırağa qoydum. Masa arxasında oturub onun fotosuna baxdım. Ay səni cinayətkar, qancıq! Ərinə etdiyin xəyanətə görə, səni qayıracam! Qəzəbim səni elə tutacaq ki, şiddətli bir əzaba düçar olacaqsan! Səni cinayət başında yaxalayacam! Görərsən, fahişənin biri fahişə!

Ağır-ağır nəfəs aldım. Şalvarımın qabağını bağladım. Elə bu an zəlzələ baş verdi. Şəkil əlimdən düşdü. Masanın altında gizləndim. Çox güclü zəlzələydi. Altı bal gücündə olardı. İki dəqiqəyə qədər davam etdi. Masanın altından çıxdım. Şəkli tapıb portmanetimə soxdum. Şalvarımın qabağını bağladım. Seks tələdir. Heyvanlara yaraşır. Sərçə olsaydım onun şəklini dimdikləyərdim. Mən sərçə deyiləm. 

Telefonun dəstəyini yerinə qoydum. Qapını açıb bayıra çıxdım. Qapını örtüb liftə getdim. İşim başımdan aşırdı. Los-Ancelesin və Hollivudun ən yaxşı dedektiviydim. Düyməni basıb, lifti çağırdım. 

10

Gecə də daxil olmaqla, günümün qalan hissəsində xidmət etdiyim müddətdə heç bir hadisə baş vermədiyindən, məruzə etməyə ehtiyac görmürəm.

11

      

Ertəsi günün səhəri, saat 8-də Cek Bassın evi qarşısında "folsfagen”imdə oturmuşdum. Dünən çox içdiyimdən, başım zoqquldayırdı. Maşında oturub Los-Anceles Tayms qəzetini oxuyurdum. Nəyisə özüm üçün aydınlaşdıra bildim. Bassın arvadının adı Sindi idi. Sindi Bass. Evlənməmişdən əvvəl, Sindi Meybell idi. Qəzet səhifəsində yazılanlara görə, o, Miss Çili 1990 gözəllik müsabiqəsinin qalibiydi. Model, estrada aktrisası, xizək sürməyi sevir, fortepianoda ifa etməyi öyrənir, beysbolu və su futbolunu xoşlayır. Ən sevimli rəngi qırmızıdır. Ən sevdiyi meyvə banandır. Gündüzlər mışıl-mışıl yatmağı sevir. Uşaqları xoşlayır. Cazzı xoşlayır. Kantı oxuyur. Hə, belə-belə işlər. Ümid edir ki, bir zaman bara daxil olarkən və.s və i.a. baş verəcək. Cen Bassla Las-Veqasdakı bir qumarxanada tanış olub. İki gündən sonra evləniblər. 

Saat 8.30-da Cek Bass evdən gizlincə çıxaraq "mersedes”inə oturub, Astek Petroleum Korporeyşndəki inzibati postuna yola düşdü. Sindiylə ikimiz qaldıq. Mən onu parçalamağa hazırlaşırdım. O, mənim hakimiyyətim altındaydı. Mən bir daha onun fotosuna baxdım. Bədənim tərlədi. Maşın kabinəsinin örtüyünü endirdim. Ay səni fahişə. Öz ərini sevməyən fahişə!

Onun fotosunu yenə portmanetimə dürtdüm. Mövhümatçı hisslərə bürünürdüm. Mənə nolub belə? Niyə yapışmışam bu xanımdan? Hamının bağırsağı necədir, onunku da elə. Burun deşiklərindən tük görünür. Qulaqları poxludur. Sən bir işə bax. Görəsən nəyə görə maşınımın ön güzgüsündən dalğalar keçir? Yəqin dünən çox içməyim özünü indi göstərir. Güclü arağın bədələni ödəməyə məcburam. Amma burası yaxşıdır ki, sərxoş olanda, qəbizlik olmur. 

Çox vaxt qaraciyərimə zərər verə biləcək qidalar qəbul edirdim, amma qaraciyərim buna tolerant yanaşaraq, bir dəfə də olsun etiraz aksiyası keçirib dillənmirdi: 

"Bəsdi də, ay sarsaq, məni öldürürsən axı! Yaxşı, hələ dayan, mən də səni öldürəcəm!” Əgər qaraciyərimizin dili olsaydı, Anonim Alkoqoliklər Cəmiyyətinə ehtiyacımız olmazdı.

Tərcümə: Ramil Rahiboğlu

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb