“Ərdoğanın səhv siyasəti Türkiyəni bu hala salır” - AÇIQLAMALAR

14:20 | 18.02.2016
“Ərdoğanın səhv siyasəti Türkiyəni bu hala salır” - AÇIQLAMALAR

“Ərdoğanın səhv siyasəti Türkiyəni bu hala salır” - AÇIQLAMALAR

"Terrorun məhz paytaxt Ankarada baş verməsi faktı çox dəhşətli hadisədir” – bunu ANN.Az-a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının sədri  Fazil Mustafa deyib.

Fevralın 17-də Türkiyənin paytaxtı Ankara şəhərində terror aktı baş verib. Partlayış nəticəsində 28 nəfər dünyasını dəyişib, 61 nəfər isə yaralanıb. Baş vermiş terrorda hərbiçiləri daşıyan avtomobilə hücum olduğu deyilir. Türkiyə təhlükəsizlik orqanlarının yaydığı məlumata görə, hadisəni törədən şəxs Suriya vətəndaşı Salih Necardır. 

Ümumiyyətlə, Türkiyədə bu cür terror aktların tez-tez  baş verməsinin səbəbi nədir? Baş verən terror aktları ölkənin daxili parçalanmasına gətirib çıxara bilərmi? Terroru törədən qüvvələrin arxasında hansısa dövlət dayanırmı? 
 
Bu sualları deputat Fazil Mustafa və politoloq Zərdüşt Əlizadə ANN.Az-a şərh ediblər.    


Fazil Mustafa

Fazil Mustafanın sözlərinə görə, Türkiyədə baş verən terror hadisələri ölkədaxili parçalanmaya gətirib çıxarmasa da, daxili təhlükəsizlik üçün böyük təhdiddir: "Dövlət mümkün mühüm tədbirləri görməlidir ki, bu kimi hadisələrin qarşısını ala bilsın. Terror hadisəsinin törədilməsi bir az da xarici uzantılı hadisədir. Çünki prezident Ərdoğanın Bakı səfəri, baş nazir Davudoğlunun Brüsell səfəri öncəsi belə bir hadisənin baş verməsi hansısa siqnal ola bilər”.

Deputat terrorun törədilməsində Suriyanı dəstəkləyən qüvvələrin əli olduğunu düşünür: "Konkret olaraq məhz bu siyasi görüşlərin təxirə salınması üçün terror aktının törədildiyini demək çətindir. Təkcə Suriya rejiminin belə bir planı gerçəkləşdirməsini demək çətindir. Ancaq Suriyanı dəstəkləyən qüvvələrin bu addımı atması ehtimalı böyükdür. Bütün hallarda həm siyasi, həm də hərbi maneələr yaratmaq məqsədilə bu addımların atıldığını demək olar. Ancaq baş vermiş bu terrorda tək Rusiyanın əlinin olmasından söhbət getmir. Türkiyəyə düşmən olan ölkələrin hamısının əli ola bilər. Hətta istisna etmək olmur ki, müttəfiq ölkələrin də bu terrorda əli olmasın”. 

Fazil Mustafa terrorun məhz paytaxt Ankarada baş verməsini ciddi siqnal hesab edir: "Türkiyə güclü dövlətdir, ümid edirik ki, müəyyən tədbirlər görüb belə xoşagəlməz hadisələri aradan qaldıracaq və bu kimi problemlər yaşamayacaq. Amma bu terrorun Ankarada baş verməsin özün çox dəhşətli bir hadisədir. Bu fakt düşmən qüvvələrin Türkiyəyə istiqamətlənmiş niyyətlərinin nə qədər murdar olduğunu bir daha göstərir”.


Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə Türkiyədə baş verən terroru Rusiya ilə əlaqələndirməyi düzgün hesab etmir: "Düzdür, hazırda Türkiyə ilə Rusiya arasında münasibətlər gərgindir. Ancaq demək olmaz ki, bu terroru məhz Rusiya törədib. Onda belə çıxır ki, hər iki ölkədə hər hansı bir hadisə baş verəcəksə, onlar məhz bir-birini ittiham edəcəklər. Yox. Bu yalnış düşüncədir. Onsuz da Yaxın Şərqdə olan bütün ölkələrdə vəziyyət gərgindir və terror hadisələri baş verir. Misirdə, Livanda, İraqda, Yəməndə, Səudiyyə Ərəbistanında, Suriyada, İranda bir çox yerlərdə bu hadisələr tez-tez baş verir. Əgər belə ittihamlar edəcəyiksə, Türkiyə də ötən dəfə baş verən terroru da suriyalı vətəndaşın törətdiyini deyirdilər. Ancaq sonradan məlum oldu ki, bu şəxs Suriyaya keçmiş bir Səudiyyə Ərəbistanının vətəndaşıdır. Bu o demək deyil ki, Səudiyyə Ərəbistanı bu hadisəni törədib. Ona görə də bu məsələni tam araşdırmaq lazımdır ki, bu terroru kim və nəyə görə törədib. Terror hadisələrindən siyasi çevrilişlərdə, informasiya müharibəsində alət kimi istifadə etmək düzgün deyil. Terrora qarşı qəti şəkildə dövlət mübarizə aparsa, o zaman belə hallar baş verməz. Terror ittihamı ilə indi dövlət bir-birini vurur. Bu dövlətlər üçün çox utandırıcı bir addımdır”. 

Siyasi şərhçinin fikrincə, heç bir dövlət yer kürəsində, ölkə daxili parçalanmadan qorunmayıb: "SSRİ kimi fövqəl-dövlət parçalandı. Türkiyə hələ dinamik, güclü dövlətdir. Rəhbərliyində olan şəxs hakimiyyətinin birinci dövründə çox uğurlu siyasət yürütmüşdü. Təəssüf ki, indi mütəmadi olaraq kobud səhvlər buraxır. Türkiyəni böyük bir fırtınaya, təlatümə atır. Prezident Ərdoğanın indiki səhv siyasəti, Suriya, Ərəb inqilabları istiqamətindəki kobud yalnışlıqları, Türkiyəni böyük itkilərə məruz qoydu”. 

Qeyd edək ki, bu il ərzində Türkiyədə iki böyük terror hadisəsi olub. Bundan əvvəlki terror yanvarın 12-də  İstabulun "Sultanahmet” meydanında baş vermişdi.


Orxan Aslanlı


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti