“Təyyarənin vurulması Türkiyə-Rusiya münasibətlərini daha da gərginləşdirəcək” - EKSPERTLƏR

15:40 | 24.11.2015
“Təyyarənin vurulması Türkiyə-Rusiya münasibətlərini daha da gərginləşdirəcək” - EKSPERTLƏR

“Təyyarənin vurulması Türkiyə-Rusiya münasibətlərini daha da gərginləşdirəcək” - EKSPERTLƏR

Artıq sosial şəbəkələrdə Türkiyə Silahlı Qüvvələrinin ölkənin hava sərhədini pozan Rusiyaya məxsus "Su-24” təyyarəsini necə vurmasına dair video-görüntülər yayılmağa başlayıb. Türkiyənin hərbi yetkililərinin məlumatına görə, hava sərhədini pozan rus qırıcısına bir neçə dəfə xəbərdarlıq edilib, amma təyyarə Türkiyə hava sərhədini tərk etməyib və bundan sonra təhlükənin qarşısı alınıb.
 
Türkiyənin rus qırıcısını vurması, pilotun öldürülməsi Türkiyə-Rusiya münasibətlərində gərginlik yarada bilərmi? 




Ərəstun Oruclu

Siyasi şərhçi Ərəstun Oruclu bu hadisənin iki ölkə arasında gərginliyi daha da artıracağı qənaətindədir. ANN.Az-a açıqlamasında Ə.Oruclu indiyə qədər də Rusiya və Türkiyə arasında gərginliyin yaşandığını bildirib: "Gərginlik mövcuddur. Təyyarənin vurulma faktı bu gərginliyi daha da dərinləşdirəcək. Çünki Rusiya tərəfi neçənci dəfədir Türkiyənin hava ərazisini, hava məkanı sərhədlərini keçir, müxtəlif provakasiyalar edirlər. Buna görə də Rusiya-Türkiyə münasibətləri yetərincə kəşkinləşəcək. Hətta ola bilsin, hansısa lokal bir münaqişə üzə çıxsın. Bu hadisənin Türkiyənin Rusiyaya qarşı adekvat cavabı olaraq da qiymətləndirmək olar. Yəni bu hadisəni yeni bir hadisə kimi qələmə vermək düzgün deyil. Bu hadisələri daha da pik nöqtəyə çatdırır”. 




Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə də təyyarələrin vurulması faktının iki ölkə arasında gərginliyə gətirib çıxaracağını deyib: "Ümumiyyətlə, bir ölkənin hava məkanına bir təyyarə daxil olursa, demək həmin hərbi təyyarənin digər marağı hava məkanını pozduğu ölkəni vurmaqdır. Bundan başqa Türkiyənin qanuni şəkildə hüququdur ki, hava məkanını pozduğu ölkənin təyyarəsini vursun. Rusiyanın bu hadisəyə heç etiraz etməyə belə haqqı yoxdur. Münasibətlər pisləşsə də, hesab eləmirəm ki, durum  müharibə dərəcəsinə gəlib çatsın. İki ölkə arasında belə hallar baş verdikdən bir müddətdən sonra hər şey öz qaydasına düşür. Bəli, bu, çox təəssüfedici haldır ki, Türkiyə radikal işğalçılara dəstək verir. Təəssüf doğuran haldır ki, Rusiya buna hərbi müdaxilə edir. Təyyarənin vurulması da çox təəssüfləndirici faktdır. Çünki "Su-24” hərbi təyyarəsini vurub yerə salmaq elə də çətin başa gələcək iş deyil. Çünki o təyyarə çox yavaş sürətlə hərəkət edir, həm də cəbhə qırıcısıdır və çox aşağıdan, yavaş-yavaş atəş açır”.
 
Qeyd edək ki, bu gün Türkiyə sərhədləri yaxınlığında, Suriya ərazisində hərbi təyyarə qəzaya uğrayıb.

Təyyarənin Türkiyə hava məkanını pozduğu üçün vurulduğu ehtimal olunub. Pozucu təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. 

Rusiya Müdafiə Nazirliyi Suriya-Türkiyə sərhədində "Su-24” təyyarəsinin vurulması faktını təsdiqləyib.

Orxan Aslanlı
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM