Mehriban Şəmsəddinskaya: “İşlərimin mənası – həyata olan sevgidir”MÜSAHİBƏ

17:15 | 21.10.2015
Mehriban Şəmsəddinskaya: “İşlərimin mənası – həyata olan sevgidir” – MÜSAHİBƏ

Mehriban Şəmsəddinskaya: “İşlərimin mənası – həyata olan sevgidir”MÜSAHİBƏ

 
Rüstəm Qasımov

ANN.Az-ın azərbaycanlı rəssam Mehriban Şəmsəddinskaya ilə müsahibəsi 

- Mehriban, sizin peşəniz nədir, sizi oxuculara necə təqdim etsək, yaxşıdır? 

- Mən rəssamam. Azərbaycan Rəssamlıq Akademiyasında təhsil almışam, reklamçılıq sahəsi üzrə bakalavr təhsili, incəsənət tarixi üzrə magistr dərəcəsi almışam. Fikrimcə, distans təhsil almaq da kifayət qədər uyğundur, "Central Saint Martins” və "Sotheby's Institute of Art” kimi kurslar yeni biliklər öyrənməyə, sənət təcrübələrini genişləndirməyə imkan verir. 
 


- Fotoqrafiya, ədəbiyyat və ya musiqi deyil, nəyə görə məhz rəssamlıq, siz  həm də musiqi məktəbini bitirmisiz? 

- 160 saylı klassik gimnaziyada oxuya-oxuya musiqi məktəbini bitirsəm də, yaradıcılıq baxımdan özümü inkişaf etdirmək üçün imkanlarım olub. Əminəm ki, incəsənətin bütün növləri bir-biriylə əlaqələdir və mənimçün sintez çox əhəmiyyətlidir. Yazdığım bəzi ədəbi işlər var, həmçinin musiqi işlərim də var, düşünürəm ki, bunun sayəsində mən müəyyən konsepsiyası olan bir layihə yaratmağa müvəffəq olacam. 
 


- Ümumiyyətlə rəssamlığa nə vaxt başlamısınız, vizual sənətlə tanışlığınız necə baş tutub və ilk pedaqoqunuz kim olub? 

- Mən hə zaman yaradıcılıqla məşğul olmuşam, çünki özümü onsuz təsəvvür etmirəm. Məni çox yaxşı pedaqoqlar hazırlaşdırıb və hazırlaşdırmaqda davam edir. Rəssamlıq Akademiyasına daxil olmazdan əvvəl Dilarə Atakişiyevanın məşhur "Da'Art” uşaq studiyasında məşğul olurdum. Akademiyaya daxil olandan sonra isə Mirzə Ağa Qafarov, Əsmər Nərimanbəyəvoa, Vəfaqət Babayeva və Tahir Məmmədov kimi müəllimlərdən dərs aldım. 
 


- Bu peşənin seçməyinizə sizə nə təsir edib, ailənizdə rəssamlıqla məşğul olanlar varmı? 

- Ailəmizdə çoxlu həkimlər var, bir vaxtlar mən də onların dalınca gedəcəyindən əmin idim, ancaq Rəssamlıq Akademiyasına daxil olmaq mənimçün əsas məsələydi. Məncə, insan daim ideala və peşəkarlığa can atmalıdır, sənət sahəsi isə mənimçün ən parlaq və maraqlısıdır. 
 



- Yaradıcılığınıza nəzər yetirəndə aydın olur ki, siz müasir incəsənətə, xüsusilə abstraksionizmə can atırsınız, səbəb nədir? 

- Hər birimiz yaradıcılığımızın əvvəlində özümüzü, üslubumuzu, koloritimizi, kompozisiya həllini, mövzunu, texnikanı axtarırıq. Məni incəsənətdə baş verən hər hadisə maraqlandırır, daim sənəti, bioqrafiyaları və rəssamların işlərini öyrənirəm. Sonrakı işlər müəyyən cərəyanların, sənət istiqamətlərinin təsiri altında yarana bilər. Abstraksionizmdə xoşuma gələn cəhət tamaşaçının ondakı hər detalı öyrənməyə cəhd etməsidir, hər kəs onda bir şey tapa bilir. 

- Bu gün abstraksionizm birmənalı qəbul olunmur. Hətta bəziləri abstrakt əsərlərdə mənanı tutmağın çətinliyindən gileylənirlər. Bu barədə nə düşünürsünüz? 

- Mən intellekt cəhətdən inkişafın vacib olduğunu düşünürəm. Bunu dayanmadan etmək və incəsənəti öyrənmək lazımdır. Başa düşmək üçün öyrənmək lazımdır, ilk görünən başa düşülmürsə, bu, bilməməkdən də qaynaqlana bilər. 
 



- Hər bir şəklinizdə siz süjetin mənasını yazırsınız. Buna səbəb nədir – sizin şəkillərinizi qavramaq çətindir, yoxsa siz sadəcə tamaşaçının məhz sizin gizlətdiyiniz tapmacanı tapmağını istəyirsiz? 

- Bu metoddan ilk dəfə özümün "Violet” adlı fərdi sərgimdə istifadə etmişəm. O zaman şəkillərdəki kartoçkalar mənim işlərimin süjetlərini açan açarlara bənzəyirdi. Mən yaradıcı konsepsiyamı paylaşırdım, bu da tamaşaçılar arasında marağın yaranmasına səbəb olmuşdu. Tədbir zamanı mən qonaqlardan şəkillər haqqındakı fikirləri öyrəndim, bu məni yaradıcılıq üçün daha da həvəsləndirir. 

- Ən əsası, işlərinizlə çatdırmaq istədiyiniz fikir nədir, onlarda nə gizlənib?

- Ümumiləşdirsəm, həyatın hər bir anına olan sevgi var işlərimdə. Hər bir mərhələ, yaxud mövzu hissləri əks etdirir. 

- Sizin süjetlərinizdə ən çox hansı məfhum öz əksini tapır? 

- Mən özümü əhatə edən hər şeydə bir estetika görürəm. Həyatda baş verən hər bir hadisə bir süjetin yaranmasında rol oynaya bilər. 

- 2010-cu ildə sizin "Qəfəsdəki tənhalıq” işiniz "Məndə iki dünya qovuşur” adlı müsabiqədə "Ən yaxşı texniki həll” kateqoriyasında qalib oldu. Bu haqda daha ətraflı məlumat verə bilərsinizmi? 

- Bu, beynəlxalq onlayn müsabiqə idi, elanı görəndə fikirləşdim ki, hansı işi təqdim etsəm, daha yaxşı olar. Akademiyadan qayıdanda sevimli bulvarda gəzişmək qərarına gəldim, özümlə fotoaparat götürmüşdüm, bir neçə şəkil çəkdim və birdən qəribə konstruksiyası olan ağacı gördüm. O mənə qəfəsi xatırlatdı, dərhal da məşhur roman "Şəbəkədəki tənhalıq”ı xatırladım. Şəkli redaktə edib, müsabiqəyə göndərmək qərarına gəldim. Qalib olmağıma sevindim, işlərin təkcə müəllifə deyil, jüriyə də xoş gəldiyini bilmək insana zövq verir. 

- 2013-cü ilin iyununda "Tullantılardan incəsənətə” sərgisi üçün təqdim etdiyiniz instalyasiya və "YARAT” müasir incəsənət məkanı ilə əməkdaşlığınız zamanı baş tutan müxtəlif layihələriniz barədə eşitmək maraqlı olardı. 

- Müxtəlif layihələrdə iştirak edəndə məmnun oluram. "From Waste to Art” mənim iştirak etdiyim ən böyük layihələrdən biri idi, təşkilatçılara yaratdıqları imkana görə təşəkkür etmək istəyirəm. İnstalyasiyaları yasəmən qamması saxlayırdı və onlar "Qırılmış saat”, "Azmış yelkənlər” və "itirilmiş şəhər” adlanırdılar. 

"YARAT” əla təşkilatdır, çoxsaylı layihələr üçün platforma qurublar, müntəzəm olaraq çox faydalı master klaslar təşkil edirlər və gənc rəssamlara dəstək verirlər. 
 




- Fərdi sərginiz maraqlı adı vardı: "Violet”. Maraqlıdır, niyə bu adı seçmişdiz? 

- Bu mənim sevimli rəngimdir, son 6 ildə işlərimdə ən çox görünən rəng çaları da bənövşəyidir. Tamaşaçının mənim qavradığım rəng dünyasını, mənim maraqlandığım estetikanı görməsini istəyirəm. İlk fərdi sərgim olduğundan ekpozisiyanı elə qurdum ki, o, maksimal şəkildə mənim yaradıcılığımı ifadə etsin. "Natəvan” qalereyasında işlərimi düzməzdən əvvəl, mən onları bizim böyük rəssamlarımıza göstərdim, onlar mənə ekzpozisiyanı necə qurmaq barədə dəyərli məsləhətlər verdilər. 

- Gələcək barədə planlarınız necədir? Növbəti sərginiz nə vaxt olacaq? 

- Məncə, planlardan əvvəldən danışanda, gerçəkləşmirlər. Çoxlu ideyalarım, ideyalarım var, gerçəkləşdirəndə, ətraflı məlumat verəcəm (gülür). 
 


- Bəs rəssamlıqdan başqa, nə işlə məşğul olursunuz? Hobbiniz varmı? 

- Məni maraqlandırmayan şeylərlə heç cür məşğul ola bilmərəm. Hekayələr yazıram, balaca esselerim var, amma onları heç vaxt nəşr etməmişəm. Kolleksiya yığmaq da çox xoşuma gəlir, uşaqlığımda mənim böyük numizmatika kolleksiyam vardı və artıq uzun müddətdir ki, atları simvolizə edən şeyləri yığıram. Biz nə qədər çox inkişaf etsək, yaratdıqlarımızın həcmi də o qədər böyüyür. 

- Mehriban, maraqlı müsahibəyə görə təşəkkür edirik. Siz gələcək işlərinizdə uğurlar və ən gözəl sərgi salonlarında sərgilənməyi arzu edirik. 

- Təşəkkürlər!
 






































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb