"Mərkəzi Bank manata süni nəfəs verir" - AÇIQLAMA

13:21 | 15.05.2015

"Mərkəzi Bank manata süni nəfəs verir" - AÇIQLAMA

Manatın dollara nisbətən rəsmi məzənnəsi devalvasiyadan sonra ən yüksək səviyyəyə çatıb. Mərkəzi Bankın bu günə olan açıqlamasına görə, 1 dollar 1,0472 manata bərabərdir. Devalvasiyadan sonra manatın ən aşağı səviyyəsi aprelin 13-də olub. O zaman 1 dollar rəsmi olaraq 1,0537 manata qədər bahalaşmışdı. Həmin dövrdən sonra manatın möhkəmlənməsi tendensiyası müşahidə edilib. May ayının ilk yarısında manat 0,14% möhkəmlənib. 

İqtisadçı ekspert Samir Əliyev manatın bugünkü rəsmi məzənnəsinin səviyyəsi ilə açıqlamasında milli valyutamız az da olsa özünə gəlməyə başladığını deyib: "Mərkəzi Bank manata süni nəfəs verir”.

ANN.Az xəbər verir ki, ekspert özünün "Facebook” profilindən yaydığı rəydə avronun da son günlər bahalaşdığını diqqətə çatdırıb: "Ancaq hələ ki devalvasiyadan sonrakı pik həddinə çatmayıb. Devalvasiya günü avro 1,1950 manata qədər bahalaşmışdı. Sonrakı günlərdə kəskin rəqslər etməyə başladı.  Hətta martın 17-də özünün ən aşağı həddinə - 1.1081 manata qədər ucuzlaşdı. May ayı başlayandan dolların ucuzlaşması fonunda avro eyni zamanda Azərbaycanda mövqeyini möhkəmləndirir. May ayında 2,6 faiz bahalaşaraq 1,1946 manata yüksəlib”.

Samir Əliyevin fikrincə, dollar və avronun mövcud durumu həmin valyutaların dünya bazarlarındakı məzənnələrindən qaynaqlanır: "Son dövrlər dollar zəifləməkdə davam edir. Dollar əsas valyutalara münasibətdə kəskin ucuzlaşır. Dollar indeksi son 4 ayda ən aşağı həddə düşərək 93.26-ya bərabər olub. Amerika iqtisadiyyatı ilə bağlı optimist proqnozların özünü doğrultmaması, FED-in uçot dərəcələrini qaldırmaması dolları zəiflədən amillərdir. Avronun bahalaşması isə Avropa fond bazarında baş verən canlanma, xüsusilə də Almaniya bondlarına güzəştlərin tətbiqi ilə bağlıdır. Britaniya funtu da dollara nisbətən 6 aylıq maksimum səviyyədədir”.

Ekspertin sözlərinə görə, dolların ucuzlaşması fonunda neftin bahalaşması manata dəstək verir: "Bunun nəticəsidir ki, Mərkəzi Bank manatın cüzi də olsa bahalaşdırır. Ancaq bu bahalaşma nəzərəçarpacaq dərəcədə deyil və bir qayda olaraq valyuta dəyişmə məntəqələrində müşahidə olunmur. Bəyan etmələrinə rəğmən manatın üzən məzənnəyə keçməsi yaxın dövrlərdə real deyil. Uzun müddət manat inzibati qaydada tənzimlənəcək. Çünki neftdə asılı valyutaların üzən məzənnəyə keçməsi mənfi fəsadlar yarada bilər. Əhalinin kütləvi şəkildə dollar alışı müşahidə edilməsə də Mərkəzi Bankın valyuta ehtiyatı əvvəlki templə azalmaqda davam edir. Təsadüfi deyil ki ötən ay ehtiyatın həcmi 1 milyard dollardan çox azalıb. Əsas bankımız ilin 4 ayında ehtiyatının 39%-ni və ya 5,4 milyard dollarını itirib. Ehtiyatın "əriməsi” onunla bağlıdır ki, ölkədən sürətli kapital axını mövcuddur. İri sahibkarların həbsi kimi hadisələr kapital axını daha da sürətləndirəcək. Bu isə manat üçün güclü təyziq vəd edir. Ona görə də manatın mövcud bahalaşmasının uzunmüddətli və əhəmiyyətli olacağını ehtimal etmək çətindir. Hər şey neftin qiymətinin hərəkət istiqamətindən və hökumətin addımlarından asılı olacaq”.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb