Qulu Məhərrəmli: "Televiziya xalqı formalaşdıra bilirsə, həm də onu poza bilir" - MÜSAHİBƏ

12:58 | 18.12.2014
Qulu Məhərrəmli:

Qulu Məhərrəmli: "Televiziya xalqı formalaşdıra bilirsə, həm də onu poza bilir" - MÜSAHİBƏ

Artıq uzun müddətdir Azərbaycan telekanallarındakı nöqsanlı hallar, aparıcıların qeyri-peşəkar davranışları, reytinq qazanmaq xatirinə kanalların arzuolunmaz vasitələrə əl atması cəmiyyətdə narazılıqla qarşılanır. Ancaq ictimai qınaq böyük olsa da, TV-lərdə hətta biabırçılıq həddinə çatan tendensiyalar səngimir. Nəyə görə televiziya kanallarımız bu vəziyyətə düşdü, aparıcıları adi etik normalara belə əməl etməməyə sövq edən səbəblər nədir, vəziyyətin düzəlmək ehtimalı nə qədərdir kimi suallarla Azərbaycanın əməkdar jurnalisti, mütəxəssis Qulu Məhərrəmliyə üz tutduq. Bir çox vacib suallara cavabların əksini tapdığı bu maraqlı müsahibəni oxucularımıza təqdim edirik. 

- Son vaxtlar tele-aparıcıların qeyri-peşəkar davranışları, etikadan kənar danışıqları, hətta ədəbi dilin qaydalarına riayət etməməsi cəmiyyətdə böyük səs küyə səbəb olur? Nəyə görə bu tendensiya səngimir, əksinə gün keçdikcə daha da artır?

- Bunun səbəbi televiziya məkanında peşəkarlığın, peşəkar ölçülərin aşağı düşməsidir. Yəni peşəkarlıq aşağı olanda, tələblər zəiflədikdə televiziyalar öz məcrasından çıxır. Məsələn, dünyanın ən yaxşı televiziyaları o televiziyalar sayılır ki, orada peşə prinsipləri öndədir. Aparıcılara, redaktorlara, reportyorlara konkret tələblər verilir və onlarla bağlı bunların yazılı təlimatları olur. Təəssüf ki, bizdə ANS televizyasını çıxmaq şərti ilə heç bir televiziyanın daxili davranış və peşə eitkası ilə bağlı qaydaları yoxdur. Ona görə də biz televiziyaya kimi aparıcı qismində dəvət edirik? Hansı meyarlar qoyulur ortaya? Bunlar demək olar ki, təsirdən, gücdən düşüb. İndi televiziya aparıcılarının əksəriyyəti birmənalı şəkildə televiziyanı idarə edənlərin xoşlarına gələn adamlar olmalıdır, bu aparıcılar onların müəyyən kriteriyalarına, müəyyən tələblərinə uyğun olmalıdır və çox təəssüf ki, onlar xeyli dərəcədə itaətkar, sözəbaxan və müti olmalıdırlar. Bizim 10-15 il bundan qabaqkı televiziya aparıcılarımıza baxın, istər xəbər aparıcıları olsun, istər lap şou proqram aparıcıları olsun, onlar müəyyən tələblərə cavab verirdilər. Məsəl üçün, şou aparıcılarına bizdə yaxşı nümunələr var idi. İndi də onların bir qismi qalır. Məsələn, tutaq ki, Murad Dadaşov çox gözəl şou aparıcısıdır. SPACE telekanalında da İlham Qasımov çox gözəl şou aparıcısı idi. LİDER telekanalında Murad Arif çox gözəl səviyyəli aparıcıdır. Lap Kamran Həsənlinin, Dilarə Əliyevanın özünü də normal aparıcı kateqoriyasına aid etmək olar. Bunların ardınca gələn aparıcıların əksəriyyəti isə peşəkar səviyyədə deyil. Yəni bunların ümumi intellektual səviyyəsi, artistizmi, ünsiyyət qurmaq bacarığı arzu olunan səviyyədə deyil. Bunlar şou aparıcalarına aiddir. Digər tərəfdən isə xəbər aparıcıları, yəni müəyyən qədər ciddilik xəbər aparıcılarında qorunur. Bizdə analitik proqramlar zəifləyib və bunların xüsusi çəkisi getdikcə azalır. Kütləvi proqramlar, yəni kütləvi tok şou iştirakçılarının sayı çox olur, aparıcıdan xüsusi vərdişlər, bacarıqlar tələb olunur və onlar bunların öhdəsindən gələ bilmirlər. Belə olduqda da təbii ki, tamaşaçının narazılığı yaranır. Onlar istər-istəməz bu cür aparıcılardan üz çevirirlər, narazılıq edirlər və bütün bu dediklərim səbəblərə görə bugün bizdə peşəkarlıq səviyyəsi getdikcə aşağı düşür və bu səbəbdən də verilişlər çox populyar ola bilmir. Ümumiyyətlə, televiziya zəiflədikcə, televiziyada ümumi səviyyə aşağı düşdükcə, aparıcıların da səviyyəsi aşağı düşür. Çünki bu ümumi axındır, ümumi tendensiyadır. Və bu tendensiyanın içərisində peşəkar aparıcılar da bəzən təəssüf ki, peşəkar mövqelərindən geri çəkilməli olurlar. Bəzən biz peşəkar aparıcıların da qəbulolunmaz davranışlarının şahidi oluruq. Mən hesab edirəm ki, bu da televiziya sənətinin zəifləməsindən irəli gəlir. 

- Aydındır ki, aparıcıların belə davranışlarına ən mühüm səbəb reytinq qazanmaq istəyidir. Təkcə televiziya sahəsində deyil, bir çox sahələrdə reytinq qazanmaq istəyi insanları qeyri-peşəkar, etikadan kənar hərəkətlər etməyə sövq edir, bu, həm də cəmiyyətdə də problemin olduğuna işarə ola bilərmi?

- Aparıcıları qəlibdə təsəvvür etmək çətindi, məsələn, televiziya aparıcısı tərpənməməlidir, mimika etməməlidir və s. Hər  şey proqramın gedişatından, situasiyadan asılıdır. Mən öz xəbər təcrübəmə əsaslanaraq deyirəm ki, bəzən elə süjet efirdə gedirdi ki, ona dərhal reaksiya vermək lazım olurdu, amma bu reaksiya qətiyyən mövqe nümayişi olmamalıdır. Xüsusən xəbərdə, biz rəyi, şərhi bir-birindən ayırmalıyıq. Xəbər aparıcısı robot deyil. Onun hissi, duyğusu, yanaşması var. Amma o, bunları nə qədər tənzimləsə, nə qədər məhdudlaşdırsa, bir o qədər yaxşıdır. Məsələn, studiyada xəbər gedən anda, qeyri-adi hadisələr ola bilər, onlar istər-istəməz aparıcının mimikasında, jestində, yanaşmasında öz əksini tapa bilər. Bu baxımdan hesab edirəm ki, biz aparıcıları, hissiz, duyğusuz robota çevirməli deyilik. Amma eyni zamanda onları artıq hərəkətlərdən, yerinə düşməyən davranışlardan çəkindirməliyik. Məsələ bundadır ki, şou aparıcıları bir az daha sərbəstdir. Çünki proqramın xarakteri elədir ki, əsas məqsədi əyləndirməkdir. Əyləndirmənin elementlərini özü, prodüseri, ssenarist müəyyənləşdirir. Aparıcının məharəti ondadır ki, bunları çox ustalıqla, yerində, tamaşaçını qıcıqlandırmadan icra eləsin. Belə aparıcılar uğur qazana bilir. Yox əgər aparıcı süni, qurama, yerinə düşməyən hərəkətlər edirsə, təbii ki, bu tamaşaçının narazılığına səbəb olur. Bu baxımdan hesab edirəm ki, bizim aparıcıların qıcıq yaratması doğru deyil. Ona görə hər bir aparıcı davranışına ciddi diqqət etməlidir. Bəzən aparıcının qeyri-adi davranışı adi hal kimi qəbul edilir. Bu çox incə məsələdir. Qavrayış sırf insan psixologiyası ilə bağlıdır. Üstəlik mentalitet məsələsi də var. Menatalitet məsələsini mütləq nəzərə almaq lazımdır. Rusiya televiziyasında yol verilən bir hərəkət, Türkiyə televiziyasında və ya Fransa televiziyasında olması mümkün bir hərəkət bizim televiziyamızda süngü ilə qarşılanır. Mən özüm də televiziya aparıcısı olduğuma görə, o aparıcıları anlamağa çalışıram. Ama o yerdə mən də o aparıcıları qınayıram ki, onlar ictimai rəyə, ümumi etik qaydalara riayət etmirlər və belə halda onlarla tamaşaçı arasında uçurum yaranır. Ağıllı aparıcı öz işinin öhdəsindən bacarıqla gəlir, tamaşaçını qıcıqlandırmır və populyarlığının üzərinə müəyyən populyarlıq da gətirə bilir. Bu o deməkdir ki, aparıcılar daim öz üzərilərində işləməlidirlər, axtarışlar aparmalıdırlar, improvizasiyaları sınanmış davranışa çevirməlidirlər. Yalnız bundan sonra o hərəkətləri ekranda etməlidirlər. Bizim tamaşaçının psixologiyası biraz fərqli psixologiyadır. 

- İctimai qınaq bir çox hallarda özünü doğrultmur, məsələn, ümumiyyətlə müasir jurnalistikanın ritorikasına cəmiyyət tərəfindən kəskin qınaq olsa da, buna məhəl qoyulmur, bunun səbəbi nədir? İctimai qınaq öz effektini itirmiş ola bilərmi?

- Ümumiyyətlə, zəif cəmiyyətlərdə ictimai qınaq amili işlək deyil. Bizdə rüşvət alan adama normal baxırlar, baxmayaraq ki, bu cinayətdir. Amma əgər rüşvət aldığı adamı həm də döyürsə, bu qeyri-adi hərəkət hesab olunur. Yəni rüşvət almağı çox normal qəbul edir, amma onu döyməyinə çox pis baxırlar. Bu bir tərəfdən ictimai psixologiyanın zədələnməsidir, ikinci bir tərəfdən də bizim cəmiyyətin öz dəyərlər sistemini tam formalaşdırmaması ilə bağlıdır. Yəni bizdə mentalitetlə bağlı elə məsələlər var ki, hansısa qeyri-əxlaqi hərəkətinə görə səni qınamırlar. Toplumda ciddi bir məsələ də bizim cəmiyyətin həmişə əzilən adamın tərəfində olmasıdır. Zərərçəkənin tərəfində olur. Düşüncə və mənəvi baxımdan əzilən adamın yanında olur. Buna görə də bəzən bizdə bu şəxslərə yönəldilmiş davranışlar lazımı effekti vermir. Televiziya da təxminən bu cürdür. Yəni o aparıcılar ki, ictimi qınağa tuş gəlirlər, orada mexanizm zəifdir. Amma nə qədər zəif olsa da yenə o ictimai qınağın müəyyən təsiri olur. Bəzi aparıcılarla bağlı mətubuatda gedən rəylər, qınaqlar müəyyən dərəcədə öz nəticəsini verir. Yəni onlar ictimi rəylə bu və ya başqa dərəcədə hesablaşırlar. Cəmiyyətimizin dəyərlərə sədaqəti çox da ardıcıl deyil və buna görə də bəziləri hesab edir ki, cəmiyyət zəifdirsə, auditoriya zəifdirsə, həmin o zəif damardan tutub nə desən hərəkət etmək olar, bu çox ciddi təhlükəli mənəvi problemlər yaradır. 

- Kütləvi izlənilən verilişlər sırasında Elgiz Əkbərin "Adam İçində”, Xoşqədəm Hidayətqızının "Sən tək deyilsən” və Zaur Baxşəliyevin "Öz aramızda” verilişləri demək olar ki, reytinq cədvəlində liderlik edirlər, sizcə bu cür verilişlərin cəmiyyətə nə dərəcədə faydası var? 

- Niyə bu tip verilişlər çoxalır, birinci bundan başlamaq lazımdır. Bunlar hamısı üzdə olan nəticələrdir. Nəyə görə bizim televiziyalarda ciddi ictimai müzakirəyə çıxarılacaq proqramlar yoxdur? Nəyə görə cəmiyyəti düşündürən problemlər ekranda müzakirə olunmur? Nəyə görə bizim yaxşı tok şoularımız yoxdur? Bunun bir səbəbi peşəkarlıqla və proqram siyasəti ilə bağlıdırsa, digər çox ciddi səbəb isə televiziyalarda azadlığın məhdudlaşdırılmasıdır. Məncə, 10 -15 il bundan qabaq bizim televiziyalar daha sərbəst idilər, yəni proqram siyasətini çox sərbəst müəyyənləşdirə bilirdilər. Mənim düşüncəmə görə, indi müəyyən bir qeyri-formal senzura var və onlar istər-istəməz bəzi şeyləri etməyə çəkinirlər. Bu çəkingənlik onunla nəticələnir ki, əgər qadağa qoyulmuş sözlər, davranışlar 5 faizdirsə, televiziya bunu 70-80 faizəcən qaldırır ki, özünü siğortalasın, "Şər deməsən, xeyir gəlməz” prinsipini əsas tutaraq. Ona görə bilmirəm televiziya hara qədər gedib çıxa bilər. Ciddi məsələdir. Televiziya ictimai davranışı yönəldir, ictimai rəyi yönəldir, televiziya ölkənin simasıdır, xüsusən büdcədən maliyyələşən televiziyalar dəyərləri təbliğ etməlidir, bunlar olmayanda isə adi insanların, miskin insanların faciəsindən şou düzəldilir. Bu bir tərəfdən günahdır, ikinci bir tərəfdən pis vərdişlər, ictimai əxlaqı pozan məqamlar şişirdildikcə onlar cəmiyyətə pis təsir edir. Kriminal xəbərlər, məişət zəminində toqquşmalar, bunların şişirdilməsi istər-istəməz cəmiyyətdə sosial gərginliyə gətirib çıxarır. O faciələrə, adi məişət hadisələrinə ictimai çalar verib, onları digər problemlərin fövqündə çıxarmaq istər-istəməz televiziyaların imicini zədələyir. Onsuz da bizdə televiziyalar çox da hörmətli deyil. Bizdə xalqın və cəmiyyətin adından danışmaq indi çətinləşib, çünki cəmiyyət də yekrəng deyil, xalq deyilən anlayış da yekrəng deyil. Onların intellektualı da var, vicdanlısı da var, çox bəsit, primitiv düşüncə sahibləri, əxlaqsız adamlar da var. Biz bunların hamısını eyni gözlə görə bilmərik. Vaxtilə Amerikanın məşhur prezidenti Con Kennedi deyirdi ki, II Dünya Müharibəsindən sonra Amerika xalqını Amerika televiziyası formalaşdırıb. Yəni bu dəyərləri təbliğ etməklə, parlaq, işıqlı, əxlaqı inkişaf etdirən davranışları televiziya təlqin edir. Televiziya bir xalqı formalaşdıra bilirsə, həm də onu poza bilir. Bu baxımdan bizdə təhlükəli tendensiyalar yaranıb. Mən həmin tendensiyaların inkişaf etməsini heç arzulamazdım. Çünki bizim cəmiyyət, audiotoriya və tarix qarşısında ciddi məsuliyyətimiz var. Bunu heç vaxt yaddan çıxarmaq olmaz. 

- Tele-aparıcıların bu cür səhvlərə tez-tez yol verməsi sizcə telekanalın rəhbərliyindən asılıdırmı? Yəni onlar bu səhvləri görüb hər dəfə gözmü yumurlar?

- Bu biraz incə, biraz idarəçiliklə bağlı məsələdir. Amma bunun ictimai rezonansı çox ciddi olur. Məsələn, mən 3-4 il bundan əvvəl ciddi televiziyalarda qeyri-ciddi aparıcılar görürdüm və təəssüflənirdim ki, bunlar necə gəlib bura çıxıb. Sonra təəccüblənmədim, çünki həmin tip aparıcıların sayı çoxalmağa başladı, yəni bu bir axına çevrildi. Ekrana çıxmaq, televiziyanı dərindən bilmək deməkdir, televiziya da müəyyən yol, məktəb keçmək deməkdir, müəyyən yaradıcılıq laboratoriyasından keçmək deməkdir. Bunlar olmadan bəzən biz gətirib aparıcıları ekrana buraxırıq, onlar da düşdükləri situasiyadan çıxış yolu tapa bilmirlər və nəticədə biz belə bir-birindən bəsit aparıcıları müşahidə etmək məcburiyyətində qalırıq. Əlbəttə, televiziya rəhbərliyinin burada təbii ki, müəyyən məsuliyyətləri var, amma sizi inandırım ki, aparıcıların bir çoxunu kənardan müxtəlif təsirlərlə ekrana çıxarırlar -maraqlanmışam ki, bəzi televiziyalarda bu aparıcı kimdir, haradan gəlib. Bu kimi hallar əvvəllər yox idi. Lakin bu gün təəssüf ki, bu cür hallar çoxalıb və televiziyanın zərərinə işləyir, onları nüfuzdan salır.  

- İnkişaf etmiş xarici ölkələrdə televiziya kanallarında yol verilmiş nöqsanlı hərəkətlərə görə kanal bir çox hallarda ağır maliyyə cəriməsinə məruz qalır, hətta yayımı bir müddətlik kəsilir. Bizdə isə əksər hallarda MTRŞ sadəcə xəbərdarlıqla kifayətlənir. Ola bilərmi ki, problemin həll olunmasının yolu sərt cəzalandırma mexanizmindən keçsin?

- Mən bu məsələdə MTRŞ-nı çox qınamaq tərəfində deyiləm. Çünki televiziyaların özünün, onların peşəkar kollektivlərinin görməli olduğu işi MTRŞ görə bilməz. MTRŞ heç kimi öyrətmir ki, verilişi belə aparın, heç kimə qadağa qoymur ki, belə geyinməyin. Bunlar sırf peşəkarlıq məsələləridir, bunlar televiziya prodüserlərinin, menecerlərinin işidir və onlar televiziyaları formalaşdırmaq üçün tələb olunan bütün şərtlərə əməl etməlidirlər. Bu baxımdan bizdə çox təəssüf ki, televiziya kanallarının özlərinin də müəyyən problemləri var. Çünki dəfələrlə yalnışlığa yol verən insanlar yalnız kriminal vəziyyətə çatdıqda televiziyadan uzaqlaşdırılırlar. Aktiv bəddi şura olmalıdır, ictimai rəy tribunaları olmalıdır, gerçək müzakirələr olmalıdır. Televiziyaların biraz istisi azalıb, aparıcıların işığı azalıb, auditoriya ilə ünsiyyət imkanları məhdudlaşıb, cazibə azalıb və buna görə tamaşaçıların əksəriyyəti televiziyadan üz döndərir. Mən bunu çox ciddi həyəcan siqnalı kimi qəbul edirəm. Arzulayaram ki, buna diqqət yetirilisin, diqqət yetirilməyəndə bayaq dediyiniz biabırçı hallar ortaya çıxır. MTRŞ tənzimləyici qurum kimi yalnız televiziya sahəsində dövlət siyasətini tənzimləməklə məşğuldur, onun teleradio verilişlərinin yaradıcılıq səviyyəsinə qarışmağa hüququ yoxdur, qanun ona bu səlahiyyətləri vermir. Eyni zamanda qanun ona televiziyaları bu və ya başqa formada cəzalandırmaq mexanizimi verilməyib. 

- Siz özünüz Azərbaycan telekanallarında təhsillə, elmlə, mədəniyyətlə bağlı hansı verilişlərə baxırsız? Sizin zövqünüzü oxşayan hansısa proqram varmı? 

- Arada müxtəlif kanallarda xəbərlər proqramına baxıram. Gəldiyim qənaət bundan ibarətdir ki, bütün tənqidlərə baxmayaraq, hələlik yeganə ANS televiziyasıdır ki, xəbər sistemini qurub və davam etdirə bilir. ATV-nin xəbər proqramı mənə xoş gəlir, kifayət qədər yaxşı proqram hazırlamağa çalışırlar. XƏZƏR televiziyasında xəbər sistemində müəyyən üslub var, xəbər çatdırmaq tərzi fərqlidir. Düzdür, bunlar həmişə uğurlu alınmır, amma bununla yanaşı hələlik cazibədar kanallarımız bunlardır. Xüsusi olaraq elə-belə verilişə baxıram, Mədəniyyət kanalında baxmaq istəyirəm, lakin 10 dəqiqə veriliş yaxşı gedir, amma sonra korlanır. Adam məyus olur ki, nəyə görə böyük yaradıcılıq imkanları olan televiziyalarımız bu cür bəsit verilişlər hazırlayır. Texnoloji baxımdan bizim böyük imkanlarmız var. Azərbaycan hökuməti, prezident televiziyaların qayğısına qalır, davamlı pul ayırır, yaxşı bahalı texnika alınır, amma gəlin görək o televiziyaları bunun müqabilndə dövlətə və hakimiyyətə nə verir, bu biraz qəliz məsələdir...  

Söhbətləşdi: Orxan Aslanlı

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM