Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq
Azərbaycan və Suriya iki ölkə arasında iqtisadi və işgüzar əlaqələrin inkişafı məqsədilə birgə Biznes Şurası yaradacaq.
Bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əş-Şaar Bakıda keçirilən tədbirdə bildirib.
“Bu gün dostum Mikayıl ilə Suriya-Azərbaycan Biznes Şurasının yaradılmasını elan edirik”, - nazir Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu nəzərdə tutaraq deyib.
Əş-Şaarın sözlərinə görə, Suriya uzunmüddətli təcriddən sonra dünya iqtisadiyyatı ilə əlaqələrini bərpa etməyə və xarici ölkələrlə yeni iqtisadi münasibətlər qurmağa çalışır.
Bir həftə əvvəl Özbəkistanda da analoji biznes şurasının yaradılması barədə razılıq əldə olunub.
Nazir bildirib ki, Suriya hazırda ölkənin yenidən qurulması və beynəlxalq iqtisadi sistemə inteqrasiyası ilə bağlı ciddi çətinliklərlə üzləşir.
“Bu gün Suriya tamamilə fərqli ölkədir - dinc, dost və açıq ölkədir. Biz azad bazar iqtisadiyyatıyıq, artıq sosialist olduğumuzu iddia etmirik”, - o deyib.
Əş-Şaar həmçinin bildirib ki, qlobal iqtisadiyyat yenidən formalaşır, qloballaşma daha seçici xarakter alır, təchizat zəncirlərində dayanıqlılıq isə səmərəlilikdən daha vacib amilə çevrilir.
Gülnar Nazimqızı