Rəşad Nuriyev yaradıcılığı: Rənglərin harmoniyası və işığın bolluğu - FOTOLAR

18:43 | 22.01.2015
Rəşad Nuriyev yaradıcılığı: Rənglərin harmoniyası və işığın bolluğu - FOTOLAR

Rəşad Nuriyev yaradıcılığı: Rənglərin harmoniyası və işığın bolluğu - FOTOLAR

Rüstəm Qasımov

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Rəşad Nuriyevin "Qadın. Zaman. Məkan” adlı şəxsi sərgisi keçirilib. Bu sərgi Fatma Abdullazadənin baş redaktoru olduğu, "Azərbaycan qadını” jurnalının xüsusi layihəsi əsasında baş tutub.
 
 
 

Qeyd edək ki, qadın mövzusu usta rəssamın yaradıcılığında əsas yerlərdən birini tutur. Rəssamlar İttifaqının qapısından içəri daxil olan kimi bunu anlamışdım. Tamaşaçıları üzərində üç gözəl qadının çəkildiyi böyük rəsm tablosu qarşılayırdı. Rəssamlar İttifaqının üzvü Rəşad Nuriyevin bu sərgisində təxminən 50-yə yaxın iş təqdim edilib. Bu işlərin yarıdan çoxunda insanlığın gözəl nümayəndələri olan qadınların obrazları tərənnüm edilib.
 
 
 
 
Sərgidə xüsusi olaraq Rəşad Nuriyevin işlərindən ibarət kataloq hazırlanmışdı. Həmin kataloqda sənət adamı Telman İbrahimov Rəşad Nuriyev haqqında düşüncələrini belə ifadə edib: "Elə alındı ki, Rəşad Nuriyevin yaradıcılığının müəyyən anında onun əsas qəhramanları qadınlar oldu. Qədim inanca əsaslanaraq, o, qadında təbiətin bütün elementlərini – torpağı, havanı, suyu və odu - birləşdirən insan kimi görür. Məhz buna görə, o, hər çəkdiyi qadın rəsmində təbiətin bu dörd elementi ilə onları simvolik əlaqə formasında əks etdirir”.  
 
 
 
 
Bütün bunlardan əlavə, o, iddia edir ki, Rəşadın çəkdiyi qadın obrazları ilə simvolik əlaqədə verilən, qadının mahiyyəti və gizli təbiətini əks etdirən həmin dörd elementdən başqa, nəsə gizlində qalan beşinci element də var...
 
 
 
 
Rəşadın yaradıcılığı rənglərin harmoniyası, işığın bolluğu və çəkdiyi obrazların müxtəlifliyi ilə fərqlənir. Onun rəsmlərinin qəhramanları, ağıllı görünüşlü qadınlar və ümumiləşdirici azərbaycanlı qadını obrazıdır. O, bütün bunları özünəməxsus tərzdə çəkib. Rəssamın qəhramanları adi gündəlik işlərlə məşğuldular. Onların arasında müsuqiçi, dulusçu və kofe içərək və ya kart oynayaraq istirahət etməyə çalışan biznes-ledilər də var.

 
 
Rəssam Nuriyevin qəhramanları müasir qadınlardır. Rəssam həmin qadınları sanki, unudulmaz anlarında qəfil görür və onların dalğın obrazlarını kətan üzərində verməyə çalışır. Bir çox rəsmlərdə qadınlar gözü yumulu şəkildə  çəkilib. Sanki onların gözləri daxillərinə, ruhlarının ən dərin yerlərinə zillənib.

 
 
Rəssam bu dünyaya fərqli baxmağa çalışaraq rutin şeylərdə qeyri-adilik tapmağa çalışır. Bununla o göstərmək istəyir ki, adi həyat səhnələri kifayət qədər maraqlı ola bilər. Bütün məsələ tərzdən asılıdır. O, tərzinin köməkliyi ilə öz ideyalarını, düşüncələrini oxucuları ilə tanış edir. Diqqət çəkən məqam odur ki, usta rəssamın əlindən çıxmış qadın obrazları sanki öz dünyalarında, konkret zaman kəsiyində yaşayırlar.  Ancaq istəsələr, onlar həmin dünyanın sərhədlərindən kənara da çıxa bilərlər.

 
 
Rəşad Nuriyevin yaradıcılığında bir xətt Abşeron torpağına həsr olunub. Həmin rəsm əsərlərində bol işıqlar, gözqamaşdıran isti rənglər, ilin müxtəlif fəsillərində Xəzər sahillərində yüksələn günəş şüaları ilə bir-birinə qarışır. Ancaq Rəşad Nuriyevin yaradıcılığında əsas yeri ağıllı və sirli qadın obrazları tutur.

 
 
Qaleriyada gəzdikcə mən özümü cənnətə düşmüş kimi hiss edirdim. Bütün divar boyu dəbdəbəli geyimlər və zəngin bəzəklərə bürünmüş qadınlar təsvir olunmuşdu. Təqdim olunan rəsmlərin içərisində həddindən artıq açıq-saçıq obrazlar da var idi.


 
 
Burada, əlbətdə ki, nar rəsmlərinə də rast gəldik. Bu, gözəl görünüşlü, sulu meyvənin təsvirini, demək olar, Azərbaycan təsviri sənətinin bütün nümayəndlərinin rəsmlərində tapmaq olar.   
 
 
 
Qayıqlarla dolu Bakı buxtası və Xəzərin fərqli mənzərələri...

 
 
Rəşad Nuriyevin işləri yaxşı təəssüratlar doğururdu. Şəhərliləri öz daxili dünyası ilə tanış etdi.

 
 
ANN.Az xəbər portalı paytaxta keçirilən mədəniyyət tədbirlərini diqqətdən kənar qoymur və oxucuların diqqətinə azərbaycanlı rəssam, sənət adamı Rəşad Nuriyevin  rəsmlərini təqdim edir.

ANN.Az
 
 























0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM