Yaz-yay gurusululuq mövsümü Azərbaycanın çaylarında aprelın əvvəlindən başlayır və iyunun ortalarınadək davam edir. Qış aylarında yüksək dağlıq ərazilərdə toplanan qar ehtiyatları və yaz aylarındakı yağıntıların intensivliyi çaylarda gursululuq axımını təyin edir. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, ölkəmizdəki çayları qidalandıran qar ehtiyatlarını qiymətləndirmək məqsədilə mart ayı ərzində Böyük və Kiçik Qafqazın dağ, dağətəyi zonalarına təşkil edilən ekspedisiyalar zamanı 25 müxtəlif marşrut üzrə çay hövzələrində tədqiqat işləri aparılıb. Hər marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu müəyyən olunub.
Xidmət rəsmisi onu da bildirib ki, aparılan kompleks təhlillərə və meteoroloji proqnoz materiallarına əsasən bu ilin yaz-yay gursululuq (aprel-iyun) dövründə transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına axımın çoxillik normanın 52-69, Qanıx çayının Cəlayir məntəqəsindən Mingəçevir su anbarına isə normanın 68-87 faizini təşkil edəcəyi gözlənilir.
"Bu il çaylarda gözlənilən sululuğun 2020-ci illə müqayisədə bir qədər yüksək olacağı proqnozlaşdırılır. Eyni zamanda, yaz-yay gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !