Rio-de-Janeyro – “Zombilər məskəni” - KÖŞƏ

17:19 | 11.08.2016
Rio-de-Janeyro – “Zombilər məskəni” - KÖŞƏ

Rio-de-Janeyro – “Zombilər məskəni” - KÖŞƏ

Orxan Aslanlı 

Bildiyimiz ki, növbəti yay olimpiya oyunları Braziliya Rio-de-Janeyro şəhərində keçirilir. Amma heç də hamı bu şəhərdə daha nələrin baş verdiyini bilmir, yaxud olimpiya oyunlarını izləyənlər, xəbərləri təqib edənlər Rio-de-Janeyronun "Zombilər məskəni”nə çevrildiyinin fərqindədirlər. Bir sözlə, şəhərdə olimpiadanın keçirilməsinin beşinci günü olmasına baxmayaraq, əhalinin qonaqlara, yarış iştirakçılarına göstərdiyi "hörmət” dözülməzdir. 

Tarixdə XXXI Yay Olimpiya Oyunlarının Braziliyada keçirilməsindən daha çox, yarışlar zamanı bu şəhərdə törədilən vəhşiliklər, oğurluqlar, soyğunçuluqlar, qarətçiliklər yadda qalacaq. Hələ də bir çoxları, elə mən də anlaya bilmirəm ki,  dünyanın ən təhlükəli şəhərləri siyahısında olmasına baxmayaraq, nəyə görə olimpiada kimi geniş miqyaslı yarış Rio-de-Janeyroda keçirilir? Niyə belə qərar veriblər?
 


Yarışlar başlamazdan əvvəl ölkə əhalisinin yaşayış durumu çox da normal deyildi, kifayət qədər etirazlar vardı. Adətən, iqtisadiyyatı zəif olan ölkələrdə belə yarışlar təşkil olunanda əhalinin təxminən 10-15 faizi öz etirazını "olimpiadanın keçirilməsinə xərclənən pullar bizim əməkhaqqımızdan kəsilir, bizdə ölkənin belə vəziyyətində yarışların keçirilməsini istəmirik” – deyə bildirirlər. Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarını keçirilməsinə isə təxminən əhalinin 47 faizi etiraz etmişdi. Nə az, nə çox, təxminən ölkənin yarısı olimpiada oyunlarının keçirilməsinin əleyhinə idi. Çünki ölkədəki vəziyyəti bilirdilər. Aclıq, yoxsulluq... Bu etirazlara isə fikir verən olmadı və .... nəticə göz qarşısındadır - quldurluq, soyğunçuluq, qətl...
 

Rio-de-Janeyroda yerli vətəndaşlar olimpiadanın ölkələrində keçirilməsinə etiraz edirlər

Olimpiyada başladığı gündən ölkədə turistlərin başına gəlməyən oyun qalmayıb. Tək turistlər deyil, ölkəyə gələn nazirlər, jurnalistlər və digər qonaqlar da bu şəhərdə yaşayan zombilərin qurbanına çevriliblər.

Xatırladım ki, Rio-de-Jenorya şəhərində Olimpiya oyunları zamanı təhlükəsizliyin təmin edilməsinə 850 milyon dollarlıq vəsait (41 min hərbçi olmaqla 85 min nəfərdən ibarət federal qüvvələr) ayrılıb.

Təhlükəsizlik tədbirlərinin olmasına baxmayaraq, avqustun 6-da Rio-de-Janeyroda velosiped şosesi yaxınlığında partlayış baş verdi.

Hüquq-mühafizə orqanları təhlükəsizlik tədbirlərini nə qədər gücləndirsələr də, soyğunçuluq artırdı və hətta avqustun 8-də Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodrigesin oğurluğa məruz qalması hadisələrin pik nöqtəsi idi.


Portuqaliyanın təhsil naziri - Tiaqo Brandao Rodriges

Avqustun 10-da Rio-de-Janeyro şəhərində jurnalistləri aparan avtobus atəşə tutuldu. Şəhərdə ardı-arası kəsilməyən cinayətlər hələ bununla da yekunlaşmır. 

Eyni gündə belçikalı cüdoçu Dirk van Tihelt yarışdan sonra dənizə gedib.  Çimərlikdə şəhər "zombiləri” idmançını döyüb telefonunu əlindən alıblar. Ciddi xəsarət alımasında baxmayaraq, cüdoçu qazandığı bürünc medalı "zombilərə” verməyib. 
 

Belçikalı cüdoçu - Dirk van Tihelt  

Kiçik quldurluq hadisələri isə şəhər sakinlərinin demək olar ki, gündəlik həyat tərzinə çevrilib. Bəzi ekspertlərin fikrincə, Rio-de-Janeyro şəhərində cinayət törədənlərin əksər hissəsi yetkinlik yaşına çatmayan uşaqlardır. Ölkə qanunvericiliyə görə, 18 yaşına çatmayan şəxs barəsində cinayət işi başladıla bilməz. Bu da həmin soyğunçular üçün sanki bir fürsətdir. Məhz bu səbəbdən də az yaşlılar ölkəyə gələn turistlərə, adətən, karnavallarda, dar küçərlərdə hücum edərək onları qarət edirlər. Xüsusi qeyd edək ki, dünyanın ən iri karnavalları məhz Rio-de-Janeyro şəhərində baş tutur.

Rio-de-Janeyro şəhəri haqqında tarixi statistikaya nəzər salaq:
 
1) İctimai yerlərdə zorlanma hadisələrinin kütləvi şəkildə baş verdiyi ikinci şəhər - Rio-de-Janeyro (Bu statistikada ilk yeri Hindistan tutur)

2) Avtobuslarda baş verən soyğunçuluq faktına görə "ad çıxarmış” şəhər - Rio-de-Janeyro

3) Dünyanın ən təhlükəli 10 şəhəri arasında olan məkan - Rio-de-Janeyro

4) Futbol karyerasını yekunlaşdıran Juan Rodriqo Silva Santosun başı kəsilərək evinin qarşısına atılıb (2013-cü il)

5) "The Guardian” nəşrinin 2005-ci il statistikasına əsasən, Rio-de-Janeyro şəhərində dünyanın ən iri kütləvi qul məzarlığından birini aşkar edilib. Məlumata əsasən, təxminən məzarlıqda 20 min cəsəd olub.

6) Braziliya polisi dünya ölkələri içərisində ən qəddar polis hesab edilir. Amma buna baxmayaraq, ölkədə elə yerlər var ki, polis həmin ərazilərə daxil olmağa çəkinir.

Rio-de-Janeyro şəhəri Braziliyanın ikinci ən böyük şəhəri sayılır. Şəhərin əsası 1565-ci ildə qoyulub və Portuqaliya kralı I Sebastianın şərəfinə San-Sebastian de Rio-de-Janeyro adlandırılıb. Şəhərin mərkəzində İsa Məsihin (Cristo Redentor) abidəsi yerləşir.  Abidənin hündürlüyü 30 metr, ağırlığı isə 1140 tondur. 2007-ci ildən abidə dünyanın yeni 7 möcüzəsindən biri sayılır.
 

İsa Məsihin (Cristo Redentor) abidəsi  

Rio-de-Janeyro şəhərinin mənası (Portuqal dilindən Rio - sözünün tərcüməsi "yanvar çayı"dır) "Yanvar çayı” deməkdir. Ümid edirik, bir tərəfi Amazon meşələri ilə əhatələnən  "Yanvar çayı” bu cür daşqınları ilə (soyğunçuluq, qətl, cinayət) deyil, öz sakit axarı ilə dünya ölkələri arasında  rəğbət qazanacaq.



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM