Bəhram Bağırzadə: "Bağırzadələr ailəsi artıq 4-cü nəsildir ki, təkcə bir kluba bağlıdır" - RƏY

13:06 | 25.05.2016
Bəhram Bağırzadə:

Bəhram Bağırzadə: "Bağırzadələr ailəsi artıq 4-cü nəsildir ki, təkcə bir kluba bağlıdır" - RƏY

Rüstəm Qasımov

25 may Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan Kuboku uğrunda matçda "Neftçi" və "Qarabağ" klubları üz-üzə gələcəklər. Bu vacib görüşdən əvvəl ANN.Az xəbər portalı tanınmış aktyor, "Neftçi" klubunun müşahidəçilər şurasının üzvü Bəhram Bağırzadə ilə söhbətləşib: 

- Bəhram müəllim, bu görüş barədə fikirlərinizi eşitmək maraqlı olardı...

- Gəlin belə başlayım. Mənim babam 1908-ci ildə Bakıda doğulub. Onun 29 yaşı olanda, 1937-ci ildə "Neftçi" futbol klubu yaradılıb, ondan sonra babam bu kluba azarkeşlik etməyə başlayıb. "Neftçi"nin bir yaşı tamam olanda mənim mərhum atam dünyaya göz açıb, o, da 2008-ci ildə qədər "Neftçi"yə azarkeşlik edib. 1979-cu ildən bəri babam və atam kimi mən də bütün qəlbimlə "Neftçi"yə azarkeşlik edirəm. Mənim oğlumun bu il 13 yaşı tamam olacaq və son 3 ildir ki, o, Bakı klubuna azarkeşlik edir. Beləliklə, Bağırzadələr ailəsi artıq 4-cü nəsildir ki, təkcə bir kluba bağlıdır, bu sevgi genetik ötürülür. Ümid edirəm gələcəkdə mənim nəvəm də "Neftçi"yə azarkeşlik edəcək. 
 
Azərbaycan premyer liqasında çıxış edən bütün klubları sevirəm və hörmət edirəm, bir vətəndaş kimi Avrokuboklarda çıxış edən bütün yerli komandalara azarkeşlik edirəm, ancaq daxili çempioanatda mən yalnız "Neftçi" klubunun azarkeşiyəm. Bunu klubun Müşahidəçilər Şurasının üzvü olduğuma görə demirəm, Bakı klubunun həqiqi, səmimi azarkeşi olduğum üçün deyirəm. Mənim "Neftçi"yə olan sevgim əbədidir. 

- "Neftçi"nin qələbə şanslarını necə dəyərləndirirsiz? 

- Şans hər zaman var! Bu gün mən "Qarabağ" klubunu ölkə Kubokunun finalına çıxdığı üçün və çempionatın layiqli qalibi olduğu üçün təbrik edirəm. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova, Azərbaycan yığma komandasının kapitanı, "Neftçi"nin keçmiş futbolçusu Rəşad Sadıqova belə gözəl komanda ərsəyə gətirdiklərinə görə, böyük hörmətim var. Bu o deməkdir ki, Bakı komandasının güclü məktəbi var, onun yetirmələri digər Azərbaycan komandalarında da uğurla çıxış edirlər. Vaxt vardı ki, Qurban Qurbanov "Neftçi"nin sükanı arxasındaydı - bu, çox şey deməkdir. Ümid edirəm ki, Bakı klubunun 18-19-20 yaşlı futbolçuları da gələcəkdə böyük uğurlara imza atacaqlar və Azərbaycan futbolunu təkcə yerli çempionatda deyil, Avropa və dünya səviyyəsində də təmsil edəcəklər. "Neftçi"nin yaxşı bazası formalaşır, bu da uşaqlara öz istedad və bacarıqlarını göstərməyə imkan verəcək. Nəticə olaraq, onu deyə bilərəm ki, biz axıra qədər oynayacağıq və gənc komandamıza inanacağıq. 

- Bu matçda "Neftçi" üçün qalibiyyət nə qədər vacibdir? 

- Çox vacibdir! Bu gün komandamız üçün təkcə azarkeşlər deyil, komandanın bütün personalı nigarandır. Allaha şükür, "Neftçi"nin Müşahidəçilər Şurasına uğurlu adamlar toplaşıb, onların hər biri öz sahəsində uğur qazanmış insanlardır. Bizim əsas tapşırığımız Azərbaycan futbolunun flaqmanı olan "Neftçi"nin prestij və avtoritetini yenidən bərpa etməkdir. Biz bunu Azərbaycan futbolu, şəhər və ölkə naminə edirik! 

"Neftçi" bu gün qalib gələcəkmi, bilmirəm. Bunu oyun göstərəcək! Ancaq mən çox ümid və arzu edirəm ki, Bakı klubu zəfər qazanacaq. Ölkə kubokunu qazanmağımız bizə mövsümü gözəl başa vurmağa və ölkəmizi Avrokuboklarda layiqli təmsil etməyə imkan verəcək. 

- Azarkeşlərə deyəcək sözünüz varmı? 

-  Mən Azərbaycan futbolunun bütün azarkeşlərinə möhkəm cansağlığı arzulayıram. "Neftçi"nin bütün fanatlarından xahişim isə budur ki, biletləri 16-cı və 18-ci sektorlara alsınlar, çünki orda yalnız Bakı klubunun azarkeşləri oturacaq. Digər xahişim isə matça baxmağa gələrkən "Neftçi"nin aksessuarlarını özləriylə gətirmələri, əgər belə bir imkan yoxdursa, heç olmasa ağ və ya qara köynək geymələridir. Hamını bu gün saat 19:00-da Tofiq Bəhramov adına respublika stadionunda gözləyirəm. 


 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb