Cəbrayıl Cəbrayılov: "Məncə, "Neftçi" uğurlu seriyasını bu dəfə də davam etdirəcək" - RƏY

12:42 | 23.05.2016
Cəbrayıl Cəbrayılov:

Cəbrayıl Cəbrayılov: "Məncə, "Neftçi" uğurlu seriyasını bu dəfə də davam etdirəcək" - RƏY

Rüstəm Qasımov

25 mayda Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan kuboku uğrunda matçda "Neftçi" və "Qarabağ" futbol klubları üz-üzə gələcəklər. ANN.Az xəbər portalı bu münasibətlə SOCAR-ın vitse-prezidenti, "Neftçi" klubunun müşahidəçilər şurasının üzvü Cəbrayıl Cəbrayılovla söhbətləşib: 

- Cəbrayıl müəllim qarşıdakı "Neftçi" və "Qarabağ" oyunu barədə fikirlərinizi öyrənmək istərdik. Bu oyunu tarixi matç adlandırmaq olarmı? 

- Yox, mən bu oyunu tarixi adlandırmaqdan uzağam, çünki hələ qarşıda yenə Azərbaycan çempionatı və kuboku var, beləcə, klublar dəfələrlə üz-üzə gələcəklər. Ancaq bu mövsüm "Neftçi"nin ürəyimiz istəyən səviyyədə çıxış etmədiyini nəzərə alsaq, bu oyunun bizim üçün əhəmiyyəti böyükdür. Bu oyunda zəfər çox vacibdir, xüsusilə "Neftçi" üçün, hətta "Qarabağ"dan daha vacib.

-  "Neftçi"nin qələbə şansları nə qədərdir?

- Bu gün "Neftçi"nin heyəti çox gənc, amma çox perspektivlidir. "Neftçi"nin zəngin ənənələrə və parlaq tarixə malik olduğunu unutmamaq lazımdır. Əsassız olaraq, "Neftçi"ni Azərbaycan futbolunun flaqmanı hesab etmirlər. Fikrimcə, komandaların şansları bərabərdir. 

-  Kubok matçının Tofiq Bəhramov stadionunda keçirilməsi oyunun taleyinə təsir edə bilərmi? Axı Tofiq Bəhramov stadionu "Neftçi"nin doğma arenasıdır. 

- Məncə, "Neftçi" uğurlarını arenalara deyil, komandanı hər bir situasiyada dəstəkləyən azarkeşlərə borcludur. Mən cəsarətlə deyə bilərəm ki, çox vaxt stadiona gəlməsələr belə, "Neftçi"nin azarkeşlərinin sayı "Qarabağ"ınkından daha çoxdur. Öz fanatlarımızın dəstəyinə böyük ümidimiz var, bu dəstəyin sayəsində zəfər qazana bilərik, vacib olan arena deyil, azarkeşlərdir!

-  Sonda oyun barədə proqnoz verə bilərsinizmi? Məsələn, qapılara vurulan topların sayı barədə? 

- Fikrimcə, ümumilikdə qapılara 3 topdan artıq qol vurulacaq, çünki hər iki klub iddialıdır, qələbə istəyir! Ona görə də bizi baxımlı görüş gözləyir. Etiraf etməliyəm ki, "Neftçi" ən çətin görüşlərini "Qarabağ"la keçirir, biz çox güclü müqavimətlə qarşılaşırıq. Öz komandamıza gəldikdə isə, o, hər zaman ən güclü komandalara qarşı gözəl oyunu ilə azarkeşləri təəccübləndirib. Hazırda komandamızda yaxşı motivasiya var, biz son dörd oyunda qalib gəlmişik, ona görə də final oyununda ovqat problemimiz olmayacaq. Fikrimcə, Bakı klubunun uğurlu seriyası bu oyunda da davam edəcək!

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb