"Sentyabrda "Petlim" limanının açılışını etmək olar"

13:51 | 02.04.2016

"Sentyabrda "Petlim" limanının açılışını etmək olar"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkətinin İzmirin Əliağa bölgəsindəki "Petkim" yarımadasında inşa etdiyi "Petlim" konteyner limanı artıq hazırdır və təhvil verilib.
 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev "Petlim"lə bağlı verilən sualı cavablandırarkən deyib.
 
"Düşünürəm ki, sentyabrda limanın açılışını etmək olar", - deyə o əlavə edib.
 
Qeyd edək ki, liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan "Maersk"in "APM Terminals" şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 30 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. Gəlir ortaqlığı razılaşmasına əsasən, "Petkim" də əldə edilən gəlirlərdən pay alacaq.
 
Liman inşaat mərhələsindəykən dünyanın nəhəng investisiya banklarından biri olan "Goldman Sachs International" layihənin dəyərini 1 mlrd. ABŞ dolları olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək "Petlim"ə ortaq olub. Limanın inşaat xərcləri təxminən 240 mln. dollar təşkil edir. Ümumilikdə 55 hektarlıq sahəyə sahib olan bu liman Egey dənizinin ən böyük konteyner limanı olacaq. Bu limana 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmiləri yanaşa biləcək. Bunun üçün dənizin dərinliyi 16 metrə çatdırılıb və 700 metr uzunluğunda liman sahil xətti inşa edilib. İlkin götürmə gücü 1,5 mln. konteyner olub, bu göstərici 2,5 mln. konteynerə qədər artırılacaq. Limanın 10 mln. ton quru yük götürmə qabiliyyəti olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb