Vüqar Əlinin festivallar və simpoziumlar ili MÜSAHİBƏ

17:41 | 23.10.2015
Vüqar Əlinin festivallar və simpoziumlar ili – MÜSAHİBƏ

Vüqar Əlinin festivallar və simpoziumlar ili MÜSAHİBƏ

Rüstəm Qasımov

ANN.Az tanınmış azərbaycanlı rəssam Vüqar Əlidən müsahibə götürüb. Bu il Vüqar üçün çox məhsuldar keçib, o çoxlu simpoziumlarda və festivallarda iştirak edib. Müsahibəni təqdim edirik: 

- Vüqar, yaradıcılıq baxımından bu il sizin üçün çox məhsuldar keçib...

- Siz haqlısınız. İlk dəvət olunduğum simpozium aprel ayında Türkiyədə keçirilirdi. Mərsin şəhərində keçirilən "International Symposium Tarsus 2015”də bir çox ölkələrdən olan rəssamlar iştirak edirdilər. Azərbaycanı təkcə mən təmsil edirdim. Qeyd edim ki, simpoziumda məndən başqa da azərbaycanlılar vardı, onlar Türkiyədə yaşayıb yaradan və bu ölkəni təmsil edən soydaşlarımız idi. 

Əzim Əzimzadə kollecində bir yerdə oxuduğumuz Orxan Cəbrayıloğlu mənə simpoziumda iştirak etməyi təklif edəndə çox sevindim. Uzun illərdən sonra belə sürpriz təklif eşitmək fantastikaydı. Hazırda Orxan Türkiyənin Konya şəhərində yaşayır, o təkcə rəssam deyil, həm də qeyd etdiyim simpoziumun təşkilatçılarından biridir. Uzun illərdən sonra biz yenə görüşdük və Mərsindəki arenalardan birində birlikdə rəsm çəkdik. Bu, əsl bayram idi!
 


- Türk simpoziumunun proqramı nədən ibarət idi?

- Ənənəvi olaraq, rəssamlar iki gün boyunca şəhərdə ekskursiya edirlər, şəhərin gəzməli-görməli məkanlarıyla, köhnə şəhərlə, tarixi abidələrlə tanış olurlar, şəhərdə qədim yunanların yaratdığı arxitektura nümunələri belə var, əsrlərdir ki, mövcuddular. Mərsində keçmiş və indi, qədimlik və modernizm möhtəşəm şəkildə qovuşur. Bundan sonra simpoziumun proqramı başlayırdı və biz işə başladıq. 
 


- Rəsmlərin mövzusu nədən ibarət idi, siz neçə şəkil çəkməliydiniz? 

- Simpozium çərçivəsində biz iki rəsm çəkməliydik. İlk şəkil Mərsinin və Tarsusun gözəlliyini əks etdirməliydi, ikinci şəkil isə sərbəst mövzudaydı. Mən daim enerji və qüvvə ilə doluyam, ona görə də çalışıram ki, dərhal işə girişim. Şəhərin gözəlliyi, hökm sürən qeyri-adi atmosfer məni coşdurdu və mən düz 4 şəkil çəkdim. 
 


- Əvvəlcədən nə çəkəcəyinizi bilirdinizmi? 

- Yox. Qaydaya uyğun olaraq, hər şey hazırlıqsız və spontan baş verirdi. Çoxları sual verirdilər ki, nə şəkillər çəkəcəm, deyirdim heç özüm də bilmirəm (gülür). Ancaq rəngləri və təpələri görəndə, formatla tanış olandan sonra mən yaradıcılığa girişdim. Mən nargilə, əlində nar tutan qız və mənim yaradıcılığımda tez-tez özünü göstərən musiqi alətlərinin obrazlarından yararlanmaq, həm də öz düşüncələrimə və fəlsəfəmə zidd getməyərək, nəsə orijinal bir şey yaratmaq istəyirdim.

Bu dəfə mən Nargilə obrazını yeni formatda təqdim etdim. İşim çox spontan və enerjili alındı. Emalatxanada tələsəmədən iş görmək başqadır, işi bir neçə saat ərzində görüb qutarmaq isə başqa. İşim məncə, çox yaxşı alınmışdı. Bunu simpoziumda iştirak edən qonaqların, rəssamların, təşkilatçıların xoş münsaibəti də təsdiqlədi. 
 




- Bəs simpozium zamanı çəkdiyiniz şəkillərin axırı necə oldu?

- Əgər rəssam iki rəsm çəkirsə, onları özüylə apara bilər. Bu, festivalın reqlamentidir. Ancaq mən şəkillərimi təşkilatçılara hədiyyə etmək qərarına gəldim. Festivalda çəkilən şəkillər kataloqlara əlavə olunacaq və müxtəlif sərgilərdə göstəriləcək, bu da Azərbaycan mədəniyyətinin təbliği deməkdir. Bu festival hər il keçirilir, növbəti il gələn rəssamlar əvvəlki il çəkilən şəkilləri görürlər. Beləliklə də biz tarix yaradırıq. Mərsin festivalında iştirak edən rəssamların şəkillərin qalereyalara verilməsi yerli sərgi salonlarının ənənəsidir. 
 



- Siz Mərsindən qayıtdıqdan sonra dərhal Bakıda keçirilən festivalda da iştirak etdiniz...

- Bu, VI  Beynəlxalq "Qız qalası” incəsənət festivalı idi. Festival Heydər Əliyev Fondunun təşəbbüsü ilə iyun ayında keçirilirdi, festivalda 17 ölkədən olan 27 rəssam iştirak edirdi. Qeyd edim ki, tədbirin keçirildiyi zaman "Baku-2015” Avropa Oyunlarının keçirilməsi tarixiylə üst-üstə düşürdü. Beləliklə də, paytaxtda eyni vaxtda iki bayram keçirildi: idman və incəsənət festivalı. Bundan başqa, festivalın keçirildiyi məkanda çox populyardır. Bu, "Qız qalası” ətrafındakı açıq meydançadır. 

"Qız Qalası” festivalında müxtəlif xalqların mədəniyyətinin qarışımı və ümumi mədəniyyətinin sintezindən yaranır. Məncə, bu əla layihədir və hər il o daha da populyarlaşır. 
 



- Yaradıcı proses maraqlıydımı? 

- Biz açıq havada işləyirdik: yay, isti, çətirlər və sərinləşdirici içkilər. Hava şərtlərinə baxmayaraq, belə qeyri-adi yaradıcı prosesin tərkib hissəsi olmaq çox zövqlüydü. Bu dəfə festival iştirakçıları "Baku-2015” Avropa Oyunlarının simvolları olan ceyran və nar maketi əldə etmişdilər. Qeyd edim ki, festival çərçivəsində yaradılan hər bir tökmə sonda maraqlı art-obyektə çevrilirdi. Onların hər birini yaradarkən rəssam fantaziyasını, üslubunu, öz dünyasını ortaya qoyurdu. Buna görə də festival zamanı bir-birinə oxşayan iş tapmaq çətin məsələydi. 

Səmimi etiraf edim ki, əvvəlcə mən ceyran və nar şəkli çəkəcəyimi belə bilmirdim. Narı mən sırf öz üslubumda çəkdim, daim mənim yanımda bu meyvədən olur, çünki mənim rəsmlərimdə tez-tez onun obrazından istifadə edirəm.

İşlədiyim zaman mən çox sayda rəngdən istifadə etmədim, bir neçə rəngin qarışığından yararlandım, minimum rənglə konspepsiyalı iş və kolorit ortaya qoymağa çalışdım.  
 



- Sizin ceyran işiniz doğrudan da digərlərindən seçilirdi. 

- Təşəkkür edirəm. Doğrudan mənə çoxlu səmimi və tərif dolu təbriklər gəldi. Ziyarətçilərdən xoş komplimentlər eşitmək çox əla hissdir. 

- Festivalın sonunda rəssamların işlərinin sərgisi keçirildi...

- İşlər tamamlananda, tədbirin təşkilatçıları "Qala” tarixi-etnoqrafik qoruğunda açıq havada art-obyektlərin sərgisini keçirdilər. Sərgi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bir-bir işlərlə tanış oldu. Onunla rəssamlar arasında kiçik dialoqlar oldu. Belə təşəbbüslər çox gözəldir, bu, rəssamlara, sənətkarlara olan diqqətin göstəricisidir. 

- Bundan başqa, tədbirin təşkilatçıları festivalın iştirakçıları barədə film çəkmək qərarına gəlmişdilər, qısa filmdə rəssamların 3 günlük yaradıcı fəaliyyəti və onların yaratdıqları barədə düşüncələri öz əksini tapmışdı. Sərgi zamanı bu film də göstərildi. Qeyd edim ki, həmin zaman sərgidə "Tullantıdan incəsənətə” adlı çox maraqlı sərgi də keçirilirdi. Biz eyni vaxtda həm də Azərbaycanın gənc rəssamların fəaliyyəti ilə də tanış olmaq şansı qazandıq. Eyni vaxtda iki sənət bayramı yaşanırdı, bu doğrudan da əlamətdar hadisə idi. 
 



- Bildiyim qədəriylə, həmin vaxt sizin yaradıcı fəaliyyətiniz "Qız qalası” festivalı ilə də məhdudlaşmadı. İştirak etdiyiniz növbəti festival barədə bizə məlumat verərdiniz...

- Növbəti dəfə Bosniya və Hersoqovinada keçirilən beynəlxalq simpoziumda iştirak etdim, məni bura rəssam və art-direktor Mirsada Baliç dəvət etmişdi. "Bosniyada Osmanlı və Avstriya-Macarıstan imperiyası irsi barədə düşüncələr” adlı art layihəni Bosniyanın mədəniyyət nazirliyi təşkil etmişdi və tədbir paytaxt Sarayevoda keçirilirdi. Bu festivalda da dünyanın müxtəlif ölkələrindən olan rəssamlar iştirak edirdi. 

Xanım Balciç böyük ürəyi olan dəmir ledidir, o, müntəzəm olaraq beynəlxalq simpoziumlar və festivallar təşkil edir. Bu festival 7 gün davam etdi. Hər axşam biz iştirakçılarla görüşür və diskusiyalar aparırdıq. Əksər hallarda rəssamlar arasında fikir ayrılıqları və ixtilaflar baş verir, bu festival bu mənada istisnaydı, hər bir rəssam Sarayevoda keçirilən festivaldan zövq alırdı. Buna görə xanım Balciçin əməyini yüksək qiymətləndirmək lazımdır. O hər bir işə şəxsən rəhbərlik edir və yön göstərirdi. Təşkilatçılıq yüksək səviyyədə idi. 
 




- Sarayevo festivalında neçə şəkil çəkdiz? 

- Burada məhdudiyyət yoxuydu, nə qədər istəsən çəkə bilərdin. Nə qədər istəsən kətan, boya, fırça vardı. Yaradıcı prosesə elə möhkəm girişmişdim ki, 12 şəkil çəkdim. Festivalın sonunda xanım Balciç mənə yaxınlaşdı ki, şəkillərin Bakıya qaytarmaq üçün transport məsələsində kömək eləsin, o, elə bilirdi ki, mən çəkdiyim şəkillərdən 2-sini təşkilatçılara verəcəm, qalanları isə vətənə aparacam. Amma mən dedim ki, vətənə heç nə aparmayacam, çəkdimklərim hamısı burada qalacaq. Mirsada Balciç çox təəccüblənmişdi, o belə davranış gözləmirdi. 
 



- Bəs rəsmlərinizin mövzusu nədən ibarət idi? 

- Mənə Sarayevonun peyzajları və koloriti ilham verirdi, ona görə də mən dərhal avanqard üslubda iki rəsm çəkdim. Qalan şəkilləri isə şəhərin peyzajına, şərq ruhu hopmuş heyratamiz balaca küçələrə həsr etdim. Bunlar realistik etüdlər idi. Mən bizim otelimizin yerləşdiyi köhnə şəhərin, tarixi abidələrin, o cümlədən günəş batanda çox mənzərəli görünən katolik kilsəsinin şəklini çəkdim. 

- Sizin müntəzəm iştirak etdiyiniz "Art Council Azerbaijan”ın təşkil etdiyi plenerdəki  təcrübəniz barədə danışmağınızı da istərdik. "İdman və sənət” adlı son plener necə keçdi. Açıq havada şəkil çəkərkən ziyarətçilərin sizin işinizə baxması narahatçılıq törətmirki?

- Belə tədbirlərə baş çəkmək mənə çox xoşdur. "Art Council Azerbaijan” keçirdiyi plener də simpoziumları və festivalları xatırladır, tək fərq onun bir gün davam etməsidir. Nahara qədər biz işləyirik – şəkillər çəkirik, sonra istirahət edirik, bir-birimizlə, jurnalistlərlə ünsiyyət qururuq və piknikdə oluruq. Qeyd edim ki, beynəlxalq festivallarda, simpoziumlarda iştirak edib, vətəndə keçirilən tədbirlərdə iştirak etməməyi mən pafos hesab edirəm.

Plenerdə iştirak dəvəti alanda, mən düşünmədən qəbul etdim. Plener adəti üzrə çox maraqlı keçdi. Belə tədbirlərdə tez-tez iştirak etdiyimdən ziyarətçilərin müşayiəti məni narahat etmir. Bundan başqa, həmkarlarımla ünsiyyətdə olmaq xoşdur, axı plenerlərə təkcə mənim həmyaşıdım olan rəssamlar deyil, gənclər də qatılır, onlarla ünsiyyətdə olmaq, yeni ideyaları, hansısa məqamı müzakirə etmək, ümumi yaradıcı prosesin tərkib prosesi olmaq çox gözəl şeydir. Ziyarətçilər şəkil çəkənlərin işlərinə baxarkən təəccüblənməsini görmək çox maraqlıdır. Buna görə də mən inanıram ki, Azərbaycan incəsənəti və rəssamlığı yerində saymır, daim inkişaf edir. Bu plenerdə təkcə rəsamlar deyil, Azərbaycanın istdadlı heykəltaraşları da iştirak edirdi və maraqlı iş ortaya qoyurdular.  

Ancaq təəssüf ki, Dadaş Məmmədovdan başqa heç kəs belə maraqlı plenerlər təşkil etmir. Bu insan tədbirdə iştirak edən hər bir iştirakçıya xüsusi diqqət ayırır, xüsusilə kompozisiya planında köməyə ehtiyacı olan gənc rəssamlara, tələbələrə və digərlərinə. Burda rəssamlar ehtiyacı olan hər şeylə təmin olunurlar, bu çox gözəl nümunədir. 
 



- Bu dəfə neçə şəkil çəkmişdiz? 

- İdmana həsr olunan iki şəkil. Onlardan birində həndbolçunu, digərində isə bədii gimnastı təsvir etmişdim. Bu mənada bu pener də məhsuldar keçdi. 

- Vüqar, maraqlı söhbətə görə təşəkkür edirik. Biz sizə yaradıcılığınızda uğurlar və müxtəlif ölkələrdə çoxlu simpoziumlarda iştirak etməyi arzulayırıq. 

- Təşəkkür!
 



































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb