Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb
Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanını pozaraq yaşayış binasına çırpılıb, nəticədə iki nəfər xəsarət alıb.Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığında yerləşən Qalati şəhərinin Ştireks-Mazepa rayonunda qeydə alınıb. Pilotsuz uçuş aparatı yaşayış binasının damına düşüb.
Nazirlik bildirib ki, PUA Ukrayna ərazisindən Rumıniya sərhədini keçib. Həmin vaxt Rusiya Ukraynanın mülki və infrastruktur obyektlərinə zərbələr endirirdi.
Hadisədən sonra Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb. Pilotlara təhlükə yaranacağı təqdirdə hədəfi məhv etmək səlahiyyəti verilib.