Yelizabet Uayt: "Bizim məqsədimiz Bakı ekranlarına yenilik gətirməkdir” - MÜSAHİBƏ

17:53 | 10.04.2015
Yelizabet Uayt:

Yelizabet Uayt: "Bizim məqsədimiz Bakı ekranlarına yenilik gətirməkdir” - MÜSAHİBƏ

Aprelin 12-ə qədər Bakıda "British Council” və "28 cinema”nın birgə layihəsi çərçivəsində Britaniya Kino Festivalı  keçiriləcək. Festival aprel ayının 8-dən start götürüb. Tədbirin təşkilatçılarından olan "British Council” un direktoru Yelizabet Uayt ANN.Az-a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik: 

- Sizi Bakıda görməkdən şadıq. Azərbaycanda keçirilən bu festivalın ideyası və məqsədi nədir?  

- Biz bunu kinoda "Britaniya baharı” adlandırırıq. Bu bahar bayramıdır, axı bahar Bakıya yeni gəlib. Bundan başqa biz Bakı kinoteatrlarına nəsə yeni, füsunkar kinolar gətirmək istəyirik. Belə bir festival "28 cinema”  ilə birgə artıq ikinci dəfədir təşkil olunur. Bu dəfə daha gözəl alınmasına çalışmışıq. Məqsədimiz kinoekranlara son dövrlərdə çəkilmiş ən yaxşı və maraqlı filmləri gətirməkdir. 

Onlardan iki, üç və ola bilsin dördü ilk dəfə Bakıda sərgilənəcək. İki film hələ ingilis dilində belə göstərilməyib. Bir filmi isə artıq 90 ildir ki Bakıda nümayiş etdirilməyib. Biz elə filmlər seçmişik ki, balacadan böyüyə hamının diqqətini özünə çəkə bilsin. Biz filmlərin əlçatan olması üçün onların qiymətini ucuz etmişik. Məsələn, 2D formatında olanların qiyməti 2 manatadırsa, 3D olanlar 3 manatadır. Bu festivalda həm də uşaq filmlərinin nümayişi olacaq. Onların arasında həsrətlə gözlənilən "Panddinqtonun macəraları” və "Quzu Şon” da var. Filmlər sırasında Alfred Hiçkona məxsus möhtəşəm "Rinq” filmi də var. Bu ağ-qara filmdir və 1927-ci ildə çəkilən bu film klassika hesab olunur. Hər şey çox qeyri-adi keçəcək. 

YUNİSEF ilə biz başqa planlarımızı da reallaşdıracağıq. Burada göstərilən filmlərin rejissor və aktyor heyəti britaniyalıdır. Bu festivalda Azərbaycanın cavan rejissorlarının çəkdiyi filmləri də nümayiş etdirəcəyik. Bu il ərzində biz YUNİSEF ilə birgə, müxtəlif pozuntulardan – görmə, eşitmə və s. əziyyət çəkən16 cavan insanla  birgə işlər görmüşük. Onlara professional filmlər çəkməyi öyrətmişik. Onların çəkdiyi filmlərdən 15 yaxşı, 3-4 isə sadəcə möhtəşəmdir. Bu filmlərin hər birinin auditoriyaya ünvanlanan müəyyən ideyası var. Biz filmləri beşinci gün nümayiş etdirməyi planlayırıq. Növbəti günlərdə mən kinoteatrlarda olacam. 

- YUNİSEF-lə birgə keçirdiyiniz layihə haqqında daha detallı məlumat verə bilərsinizmi? 

- Biz bütün 16 filmi 4 saat ərzində nümayiş etdirəcəyik. Bundan başqa hər bir 3 Azərbaycan filmindən sonra Britaniya filmi təqdim olunacaq. Onların işləri ilə hamı tanış olacaq. Bir dəqiqəyə auditoriyada böyük təəssürat yaratmaq mümkündür. Məsələn, birinci film eşitmə məhdudiyyətli qız haqqındadır. Bu film çox gözəl və qrafik alınıb. Qız insan kütləsinin gəlib keçdiyi yol üzərində oturur, amma ona heç kim diqqət etmir. Sonra o, asfalt üzərində pianino dilləri çəkməyə başlayır və ardınca əllərini həmin yalançı dillər üzərində gəzdirməyə başlayır, guya nəsə ifa edirmiş kimi. Bu zaman tamaşaçı həqiqətən də musiqi səsi eşitməyə başlayır. Amma onun musiqisinə yenə də heç kim diqqət etmir. Film çox poetikdir. Biz filmə tamaşa etdikcə eşitmə məhdudiyyəti olan insanların baxış bucağından dünyanı görmək şansı əldə edir.  

- Layihədə iştirak edən uşaqların ailələri varmı? Yoxsa, onlar uşaq internat məktəblərinin yetirmələridir?- Uşaqların bəziləri internatlardan, bəziləri isə ailələrdəndir. Biz uşaqlar arasında sorğu keçirdik ki, kimin nəyə marağı olduğunu müəyyən edək. Daha sona işə başladıq. Bu işlə YUNİSEF məşğul olurdu. Bu uşaqlar utancaq olmaqdan çıxıb əməlli- başlı professional kinematoqraf oldular. Düşünürəm ki, onlar öz filmlərinə böyük ekrandan baxanda xoşlarına gələcək. 

- Siz, "Britaniya baharı”ndan danışdınız. Bu "bahar” başqa ölkələrdə də başlayıbmı, yaxud davam edirmi? 

- Festivalın bu cür adlandırılması ideyası bizə məxsusdur. Biz nəsə qeyri-adi bir işlər görmək istəyirik və adı da buna uyğun seçdik. Britaniya Konsulluğu başqa ölkələrdə də oxşar festivallar keçirir.
 
- Filmlərin əsas seçim kriteriyaları nələr idi? Siz yaxşı filmləri seçdiyinizi dediniz, amma axı Britaniyada kifayət qədər digər layiqli filmlər də var. 

- Filmlərin hamısı britaniyalıya məxsus olmalı idi. Bundan başqa onları geniş şəkildə Azərbaycanda göstərmək olmazdı. Biz 3 ay bundan əvvəl insanların baxdığı filmləri burada göstərmək istəmədik. Bu filmlərin mükafatları olmalı və haqqında yaxşı tənqidlər yazılmış olmalı idi. Biz hər kəsin xoşuna gələn filmləri seçdik. Filmi Britaniya Konsulluğunda (London) filmlər üzrə işləyən işçilər, "28 cinema”nın əməkdaşları və Britaniya Səfirliyi seçmişdi. Hər kəsin fərqli yanaşması var idi. Bizim xüsusi qonağımız da olub. Hazırda Britaniya şirkəti Bakıda "Əli və Nino” filminin çəkilişi ilə məşğuldur. Filmin ssenaristi Oskar mükafatı laureatı Kristofer Hamptondur. Hazırda o, Bakıdadır. O, açılışa gələcək və layihə haqqında danışacaq. 

- Necə düşünürsünüz, Kristofer Kemberteç Bakıya gələ biləcək? 

- O məşğul insandır, Britaniyanın ulduzudur. Düşünürəm ki, bu çətin olsun. Mən düşünürəm ki, "Əli və Nino” layihəsi çox vacib idi. O təkcə film deyil, Azərbaycan haqqında dünyada yaşayan insanların daha çox bilməsinə səbəb olacaq. Məsələn, "Panddinqtonun macəraları” filmində azyaşlı azərbaycanlılar Britaniyada polislərin formalarının quruluşu və qırmızı telefon köşklərini görəcəklər və beləliklə, onların Britaniya haqqında məlumatı artacaq. Hesab edirəm ki, "Əli və Nino” filmi də eyni missiyanı yerinə yetirəcək. Buna görə düşünürəm ki, gələcəkdə onu dəvət edə biləcəyik. 

- Gələcəkdə Azərbaycan digər hansı tədbirləri keçirməyi planlaşdırırsınız? 

- Mədəniyyət Nazirliyi və muzeylərlə birgə imkanların artırılması və yeni bilgilərin öyrənilməsi ilə bağlı geniş proqrama başlamışıq. Bu proqram 21 apreldə başlayacaq . Bakı Olimpiya Oyunlarının keçirilməsi səbəbindən yay ayının sonu ilə bağlı layihəmiz yoxdur. Düşünürəm ki, Olimpiya Oyunlarının özü çox möhtəşəm tədbir olacaq və buna görə biz layihələrimizi payız ayına saxlamışıq.  

Bizim başqa planlarımız da var. Bu həftə sonu Britaniyanın 30 məktəb və kolleclərinin "Hilton” hotelində, Britaniya universitetlərinin isə "Farimont” hotelində sərgisi keçiriləcək. Tədbir pulsuzdur. Qısası, istənilən şəxs burada  Britaniyada təhsil almaqla bağlı faydalı məlumatlar əldə edə biləcəklər. 

- Siz Azərbaycanla bağlı Britaniyada hər hansı bir tədbir planlayırsınız? 

- Biz Azərbaycan və Britaniya arasında əməkdaşlığın inkişafına çalışırıq. Qarşılqlı olaraq təcrübələr öyrənilir. Mənim əsas işim Bakı ilə bağlıdır. Britaniyada Azərbaycanla bağlı keçirilən tədbirləri dəstəkləyirik. Bir neçə müddət bundan əvvəl Britaniyada Butaya və Novruz bayramına həsr olunmuş tədbir baş tutudu. Novruz şənlikləri ilə bağlı azərbaycanlı fotoqrafların şəkilləri  Britaniyanın Trafaqlar meydanında nümayiş olundu. Əgər Azərbaycan muzeylərindən Britaniya muzeylərinə eksponatlar aparılırsa və ya teatr qastrolları gedirsə, biz onlara ciddi dəstək oluruq. 

- Siz Azərbaycan mədəniyyəti ilə tanışsınız? 

- Mən il yarımdır ki, Azərbaycandayam və tam deyə bilmərəm ki, Azərbaycan haqqında hər şeyi bilirəm. Azərbaycanda çox zəngin maddi və qeyri-maddi resurs var. Məsələn, musiqi onlardan biridir. Sizin musiqi son dərəcə zəngin və kaloritlidir. Muğam ənənəsi xüsusən diqqət çəkir. Filmlərə gəldikdə, sizin çox maraqlı muasir filmləriniz var. Mən çox şadam ki, həmin filmlər dünya arenasına çıxır. Ümid edirəm ki, Azərbaycan dilini mükəmməlləşdirərək mən sizin filmlərin əsl azarkeşinə çevriləcəm. 

- Hansı filmlərə baxmısınız və hansı musiqləri dinləmisiniz? 

- Mən muğama həsr olunmuş bir neçə konsertdə olmuşam. Orada ifa edənlərdən hansıları bəyəndiyimi dəqiq deyə bilməyəcəm, çünki ilkin təəssüratlar mənim "kar” etmişdi. Gələcəkdə bunu daha yaxşı öyrənəcəm. Məndə Sovet dönəmində çəkilmiş filmlərin kolleksiyası var və artıq onlara baxmağa başlamışam. Bu filmlər mənim Azərbaycan dilimi inkişaf etdirir. Bundan əlavə, mən XX əsr kinematoqrafiyası ilə maraqlanıram, amma təəssüf ki, yeni filmləri izləməmişəm.
 
- Hansı filmlərə baxmısınız?  

- Mən "Qaynana” filminə baxdım və çox bəyəndim. Hamı indi Avropa Oyunlarının açılışını gözləyir. Düşünürəm ki, bu milli ruhda olacaq. Səbirsizliklə gözləyirəm. 

- Mart ayında jurnalistlərə bağlı layihə sona çatdı. Yaxın gələcəkdə oxşar layihələr olacaqmı? 

- Biz artıq neçə illərdir ki, Tomson Fondu və Paşa Bankla birgə jurnalistlər üçün təlimlər keçirdirik. Onlar iqtisadiyyat və maliyyə sektorunda çalışan jurnalistlər üçündür. Təlimlər Bakıda da keçirilir. Biz hər il təlimlər keçirdirik və gələn ilin sentyabr ayında yenidən keçirdəcəyik.  

- Kino festivalına gəldikdə, nəsə  əlavə etmək istədiyiniz məlumat varmı? 

- Mən bir neçə filmi məsləhət görərdim. Birincisi, "Mister Terner”. Bu film məşhur britaniyalı rəssam, Uliyam Ternerin bioqrafiyasına həsr olunub. Onu rənglər dünyasının və impressionistlərin ustası adlandırırlar. O, dahi insan idi və həyatını da elə yaşadı. Bu filmə böyük ekranda baxmaq lazımdır, çünki kompüterdə eyni effekti ala bilməyəcəksiniz. 

Mən eyni zamanda "Quzu Şon” filmini səbirsizliklə gözləyirəm. Bu filmi "Uelles Qormit” filmini çəkən şirkət ərsəyə gətirib. Bu film Bakıda ilk dəfə nümayiş olunacaq. Festivalı bütün filmləri ingilis dilində subtitırsız nümayiş olunacaq, amma bu filmi başa düşmək asandır, çünki oradakı reprikaların əksəriyyəti quzu "bee, mee” yə məxsusdur. 

Hinçokun filmi maraqlıdır, çünki o, kino sənayesinin ilk illərində çəkilib. Bundan başqa bu film Britaniya kinosunda ilklərdəndir. 

Ümid edirəm ki, festivala çoxlu insan gələcək və biz onların təəssüratlarını öyrənə biləcəyik.  
 
Çinarə Quliyeva

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb