Manat böhranı nəşriyyat sisteminə necə təsir edib? - Şahbaz Xuduoğluyla MÜSAHİBƏ

12:06 | 16.03.2015
Manat böhranı nəşriyyat sisteminə necə təsir edib? - Şahbaz Xuduoğluyla MÜSAHİBƏ

Manat böhranı nəşriyyat sisteminə necə təsir edib? - Şahbaz Xuduoğluyla MÜSAHİBƏ

Manatın dollara nisbətdə ucuzlaşması problemləri "Qanun” nəşriyyatınadan da yan keçməyib. Ölkənin bir çox sahələrində yaranan çətin durum kitab biznesində özünü necə biruzə verib? ANN.Az əməkdaşının nəşriyyatın direktoru Şahbaz Xuduoğlu ilə söhbətinin məğzini bu məsələ təşkil edir:
 
 
- Manatın dollara nisbətən dəyərdən düşməsi nəşriyyat sistemində də qiymətlərin qalxmasına gətirib çıxarıb. Bu tendensiya sizin işinizə necə təsir edir? Bahalaşmadan sonra nəşriyyatın çap etdiyi kitabların qiymətində nə qədər artım olacaq?


- Bu qiymət artımı, böhran tək bir nəfərin dərdi-səri deyil. Bu bizim hamımızın -  yəni manatın böhranıdır. Manatın quyusudu və bizdə həmin quyuya düşmüşük. Hər kəsin problemi olduğu üçün buna çarə tapmaq da çətindir.
 
Buna baxmayaraq, qiymət artımının çox olmamasına, kitabsevərlərin, oxucuların baha kitablar qarşısında aciz qalmamasına çalışmalıyıq. Bir daha sübut olundu ki, intellektual və dayanıqlı cəmiyyət olmadan hər hansı böhrandan siğortalanmaq mümkün deyil. Əgər məntiqli, ağıllı iqtisadçılar, daha bilikli vergi mütəxəssisləri, işçiləri, gömrük işçiləri, daha çox vətənpərvər insanlar olsaydı, milli valyutamız bugünkü vəziyyətə düşməzdi. Hiss olunur ki, manat sadəcə bir fəhmlə idarə olunan pul vasitəsi, əskinasdır. Bütün sektorlarda təkcə manat böhranı getmir, həm də mütəxəssis və insan böhranı gedir. Bunun da əsas səbəbi odur ki, təhsilsiz, savadsız insanlar bu sektorlara yerləşdirilib, savadlı kadrlar isə kənarda qalıblar. Hazırda üzləşdiyimiz durum həmin savadlı insanların kənarda qalmasına  bariz nümunədir. Ölkədə savadlı insanların sayı çox olsa, oxucuların sayı çox olsa, savadsızlıq aradan qalxar və vəzifələrdə daha layiqli kadrlar yer tutar.
 
Hazırda böhrandan əvvəl istehsal olunan çox sayda kitablar, təxminən 500-dən çox müxtəlif adda kitab satışdadır. Biz onların qiymətini yenidən artıra bilmərik. Çünki onlar artıq nəşr olunub, üzərlərində manatla qiymətləri də var. Bir sözlə, həmin kitablarda qiymət artımı olmayacaq. Məsələyə ümumi yanaşdıqda, qiymət artımlarının olması labüddür. Çünki nəşriyyata lazım olan bütün ləvazimatlar xaricdən alınır və müqabilində dollar valyutası ödənilir. Yəni kağız da, rənglər də, digər mətbəə avadanlıqları və mətbəədə sərf olunan digər vasitələr hamısı dollarla alınır. Ümumiyyətlə, nə qədər ki dolların məzənnəsi manata nisbətən yüksəlirsə, təbii olaraq biz də hesablamalarımızı dollarla aparmağa məcburuq. Yəni nə qədər dolların məzənnəsi artacaqsa, o qədər də qiymətlər yüksək olacaq. Qiymət artımı təxminən 25 – 30% arasında olacaq. Onsuz da vətəndaşlar kitabların qiymətindən narazı idi. Və indi bu qiymət artımı çox pis vəziyyət yaratdı. Amma bildirmək istərdim ki, bu qiymət artımını biz özümüz etmirik. Xaricdən aldığımız nəşriyyat vəsaitlərinin qiyməti yüksək olduğuna görə, bu bizim istehsalımıza və satdığımız məhsula da təsir edir.
 
- Bəzi mədəniyyət, ədəbiyyat saytları bağlandı. Hər halda bu internet resursları ədəbiyyatın, kitabın təbliğində müəyyən qədər rol oynayırdı. Bu halı bir ictimai-mədəni xadim kimi cəmiyyətimiz üçün necə dəyərləndirirsiz?

- Təəssüf edirəm ki, ədəbiyyat, mədəniyyət saytları fəaliyyətlərini dayandırdılar. Xüsusilə də mədəniyyət saytlarını itirmək bizim üçün əks təsirli olacaq. Əslində proses əksinə olmalı idi. Yəni mədəniyyət saytlarının sayı artmalı idi, biz onları itirməməli idik. Hesab edirəm ki, ayrı-ayrı portallar nəzdində fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat saytlarının fəaliyyətinin dayandırılması onların aparıcı sahəyə çevrilə bilməməsi ilə bağlıdır. Əgər mədəniyyət, yaxud ədəbiyyat saytı portalın aparıcı internet səhifəsi olsaydı, nəticələr belə ağır olmazdı. Mən bu itkilərə görə çox məyus oldum.
 
 
- "Qanun" nəşriyyatı son dövrlər müntəzəm olaraq bazara yeni-yeni kitablar təqdim edir. Yarmarkalar, endirim aksiyaları keçirir. Bu proses bundan sonra da davam edəcəkmi?


- Bizim ilkin qənaətimiz budur ki, qiymət artımı olsa da biz endirim aksiyalarını və yarmarkaları davam etdirməliyik. Məqsədimiz bu endirim aksiyaları vasitəsilə kitab oxucularının, mütaliə ilə məşğul olanların sayını daha da artırmaqdır. Amma gələcəkdə daha güclü iqtisadi böhran, çətinlik yaranarsa, biz də endirim aksiyalarını dayandırmaq məcburiyyətində qala bilərik. Hələlik isə bu endirim aksiyalarını dayandırmaq haqda düşünmürük.     

- İqtisadi şərtlərin çətinləşdiyi bir dövrdə nəşriyyatların fəaliyyətinin zəifləməməsi üçün cəmiyyətdən, dövlətdən, QHT-lərdən hansı dəstəyi, hansı addımların atılmasını istəyərdiniz?

- Fikrimcə,  hazırda QHT-lərdən dəstək gözləmək düzgün deyil. Çünki onlar da böhranla üz-üzədirlər. QHT-lər bizdən əvvəl böhran yaşamağa başlayıblar. QHT-lərin bir çoxunun fəaliyyəti zəifləyib, hesabları bağlanıb. Hətta vaxtılə 50-60 işçisi olan QHT-lər hazırda işlərini dayandırıblar. Bunlara misal kimi "İnternews” İctimai Birliyini göstərə bilərəm ki, artıq xeyli müddətdir fəaliyyəti dayanıb. Eyni zamanda ölkədə digər bir neçə böyük təşkilat işləmir. Dövlətin bu sektorda işləyənlərə, ümumiyyətlə, vətəndaşlara dəstəyi ondan ibarət ola bilər ki, bundan sonra manatın məzənnəsinin aşağı düşməməsi üçün xüsusi bir proqram hazırlansın. Çünki manat ucuzlaşdıqca bu böhran daha da dərinləşəcək, istehsalat düşəcək, işsizlərin sayı artacaq. Artıq biz böhranla üz-üzəyik və o böhranı görürük. Bu böhran artıq bir aya yaxındır başlayıb və artıq bunu biz öz üzərimizdə hiss edirik.
 
Dövlətin dəstəyinə gəldikdə isə bugünə qədər heç vaxt dəstək görməmişik və  hər hansı dəstək gözləmirik. Biz hər zaman öz işimizi özümüz həyata keçirmişik və bu dəstək məsələsini sizdən eşitdim (gülür). Dövlətin bizə dəstəyi ondan ibarət ola bilər ki, günü-gündən artan vergi müfəttişləri, gömrük işçilərini bizlərdən uzaq saxlasınlar. Onlar bizim işimizə mane olmasalar, biz də işlərmizi normal həyata keçirə bilərik.  
 
- Yeni layihələr haqqında düşünürsüzmü? Hər hansı bir mədəniyyət, ədəbiyyat saytı və ya portalı yaratmaq niyyətinizdəsinizmi?  

 
- Yeni layihələr haqqında düşünmürəm. Düzdü, xırda-xırda işlər görsək də onlara yeni layihə kimi baxmıram. Gördüyümüz işləri bir qədər də genişləndirmək, böyütmək haqqında düşünürəm. Tədricən inkişaf edib oturuşmuş və möhkəmlənmiş bir təşkilata çevirilmək niyyətindəyik. Biz bir ulduz ətrafında toplanmırıq, çalışırıq ki, inkişaf bütün sahələrdə olsun. Yəni uğurlu bir kitab nəşr edək, sonra dayanaq görək nə olur? Yox, belə olmamalıdır. Hər sahədə istəyirik ki, maraqlı kitablar nəşr edək. Hələ ki özümüzün hansısa bir portal yaratmaq fikrimiz yoxdur. Çünki biz də böhran içərisindəyik. Yaratmaq əvəzinə, yerdə qalan portallara, saytlara dəstək olmaq haqqında düşünməli, onları qoruyub-saxlamağa çalışmalıyıq.
 
- Qiymət artımı fonunda "Qanun” nəşriyyatında ixtisarlar oldumu?

 
- Bu böhran "Qanun” nəşriyyatının işçilərinin ixtisarına, nəşriyyatdakı hər hansı problemə səbəb olmadı. Hamımız çalışırıq ki, bu çətin vəziyyətdə ayaq üstə dura bilək. Bu çətin vəziyyətdən çıxış yolu axtarırıq. Və bu axtarışlarımız da hələ davam edir.
 
 
Orxan Aslanlı
ANN.Az

 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb