Bu gün açılışı olan Ələt-Astara yolu pulludur? - Açıqlama

13:33 | 18.09.2018
Xəbər verdiyimiz kimi, bu gün Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Bununla da yeni yol vətəndaşların istifadəsinə verilib.

Bundan əvvəl yerli KİV-lərdə yeni salınan yolun pullu olacağı haqda məlumatlar yayılmışdı.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Azvision.az-a bildirib ki, hazırda həmin yol vətəndaşlar üçün ödənişsizdir.

Onun sözlərinə görə, yolun ödənişli olması ilə bağlı hər hansı qərar yoxdur: "Əgər belə bir qərar olarsa, müvafiq işlərin görülməsinə başlanılacaq".

Qeyd edək ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

www.anews.az