Azərbaycan qanunlarını pozan xarici turistləri nə gözləyir?

17:50 | 04.07.2019
Azərbaycan qanunlarını pozan xarici turistləri nə gözləyir?

Azərbaycan qanunlarını pozan xarici turistləri nə gözləyir?

Bu günlərdə sosial şəbəkələrdə Bakıdakı ticarət mərkəzlərinin birində xarici turistlərlə azərbaycanlıların davalarını əks etdirən video yayıldı.

Video da ərəb turistin söyüş söyərək azərbaycanlı şəxsə hücum çəkmək istəməsi və insanların buna mane olması açıq görünür.

Bundan öncə də sosial şəbəkələrdə xarici turistlərin Bakının mərkəzi küçələrində etik davranış qaydalarını bilərəkdən pozduqlarına dair məlumatlar yayılırdı.

Anews.az olaraq, belə hallarda dövlətin xarici turistlərə qarşı hansı münasibəti sərgilədiyini öyrənməyə çalışdıq.

Məsələni şərh edən millət vəkili Hikmət Babaoğlu deyir ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir.

Onun sözlərinə görə, Azərbaycanda yerli qanunlaı pozan istənilən şəxs hüquqi məsuliyyət daşıyır.



"Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. Fərqi yoxdur turistdir və yerli vətəndaş, Azərbaycan qanunlarını pozan istənilən şəxs qanunla məsuliyyətə cəlb olunur. Ölkənin qanunları var və bu qanunlar respublika ərazisində hamı üçündür”, - deyə Hikmət Babaoğlu bildirib.

Ancaq millət vəkili hesab edir ki, bu сür məsələləri drammatikləşdirmək, məsələ ətrafında ajotaj yaratmağa çalışmaq düzgün deyil.

Onun sözlərinə görə, Azərbaycan  turizm ölkəsidir və dünyanın istənilən yerindən ölkəmizə turistlər gəlir. Məsələni polisin öhdəsinə büraxmaq kifayətdir. 

"Bu gün Azərbaycan turizm ölkəsinə çevrilib. Dünyanın hər yerindən ölkəmizə turistlər gəlirlər. Insanlarımız da çox qonaqpərvərdirlər. Indiki durumda belə məsələləri drammatikləşdirmək, məsələnin ətrafında ajotaj yaratmaq düzgün deyil. Pozuntu olanda hüquq mühafizə orqanları araşdırma aparır və sonda məsələ öz hüquqi həllini tapır”, - deyə millət vəkili Hikmət Babaoğlu bildirib.

Hüquqşünas Ələsgər Məmmədli də deyir ki, burada hansısa güzəştdən söhbət gedə bilməz. Qanunlar kimin üçünsə yazılmayıb, hər kəsə şamil olunur.



"Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Bizim BP-yə qarşı məhkəmə işimiz olub və qalib gəlmişik. Ona görə fərq etmir yerlidir və ya xarici, hər kəs qanun qarşısında bərabərdir. Pozuntu baş verdikdə, hüquq mühafizə orqanalrı araşdırmalı və lazımı addımlar atılmalıdır” – deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.

Turizm eksperti Ülvi Həsənli isə hesab edir ki, əgər ortada ciddi qanun pozuntusu yoxdursa, həmən turistə güzəşt oluna bilər. Yəni belə hallarda pozuntuya baxmaq lazımdır.



"Əgər ciddi pozuntu yoxdursa, yaxud ciddi nəticəsi olmadan ölkə qanunlarını pozubsa, güzəşt oluna bilir, amma əgər kiminsə sağlamlığına və ya malına zərər vurubsa, o halda güzəşt olunmur. Bu, başqa ölkələrdə də baş verir. Turistin gəldiyi ölkədə yerli vətəndaşlara, mədəniyyətə, dinə qarşı fərqli formada davranışı olur. Bu da normaldır, fərqli mədəniyyətlərə sahib insanlar fərqli mədəniyyətlər olan yerlərə uyğunlaşa bilmirlər bəzən. Ancaq normal, inkişaf etmiş ölkələrdə həmin turistlərə qarşı ciddi qanuni addımlar atılır”, – deyə turizm eksperti bildirib.

Ülvi Həsənlinin fikrincə, burda əsas qanunların işləmə mexanizminə baxmaq lazımdır.

Onun sözlərinə görə, əgər qanunlar işlək deyilsə, obyektivlik olmayacaq.

"Burada əsas turistin getdiyi ölkədə qanunların nə qədər işlək olub, olmamasına baxmaq lazımdır. Həmin ölkədə qanunlarda və ya qanunların icra prosedurunda problemlər varsa, bu, belə məsələlərdə də özünü göstərəcək və həmin pozuntunu törətmiş şəxsə qarşı adekvat davranış göstərilməyəcək. Amma qanunlar və qanunların işləmə müxanizmi normaldırsa, onda hər kəs qanun qarşısında bərabərdir”, - deyə turizm eksperti Ülvi Həsənli bildirib.

2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi deyir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Həzi


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb